“Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB | DEFAKTO.AZ “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB – DEFAKTO.AZ

“Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB

5




“Qəbələ” azarkeşlərini düşündürən məsələ ilə bağlı klub rəsmilərindən açıqlama verilib.

“Red Black Army” azad azarkeş qrupunun rəhbəri Cavad Şərifli və təsisçilərdən olan Nəriman Təbriz bu barədə DEFAKTO.az-a danışıblar.

Cavad Şərifli qeyd edib ki, “Qəbələ”nin hansı liqada mübarizə aparmasına baxmayaraq daima dəstəkləyəcək:

“Biz bu komandanı yalnız uğurları üçün sevməmişik ki, pis günündə gedək. Qorxduğumuz tərəf maliyyə məsələləridir”, – deyə o bildirib.

Nəriman Təbriz də “Qəbələ”ni daim dəstəkləyəcəyini bildirib:

“Aşağı liqaya düşməsini əlbəttə istəmərik. AFFA-nın idman prinsiplərini nəzərə alaraq liqada çıxış edən komanda sayının artırılması məsələsindən gələcək ümumi cavabı səbirsizliklə gözləyirik. May ayının 10-da veriləcək qərarın nə olacağını gözləyəcəyik. Klub rəsmilərinin bu məsələ ilə bağlı danışıqlar aparıb aparmadığını isə bilmirik. Komanda aşağı liqaya düşərsə, qarşılaşacağı problemlərdən biri maliyyə məsələsidir. Sponsorlar olmadan komandanı və akademiyanı saxlamaq çətin olacaq. “Qəbələ” klubunun aşağı liqaya düşməsi bölgə futbolu üçün fiasko ola bilər”, – deyə o qeyd edib.

“Qəbələ” futbol klubunun mətbuat katibi Asəf Zeynallı isə məsələ ilə bağlı açıqlamasında hazırda mövcud durumla bağlı qeyri-müəyyənliyin olduğunu bildirib:

“Cari çempionat davam edir. Sponsorlarla qüvvədə olan müqaviləmiz var”.

Asəf Zeynallı azarkeşlərin komanda sayının artımı ilə bağlı sualına isə cavab olaraq “liqada komanda sayının artırılmasına cavabdeh olan qurum var”, – deyə cavab verib.

Qeyd edək ki, “Qəbələ” klubu hazırda 17 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. ”Kəpəz” isə 31 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu xal fərqi isə “Qəbələ” klubunun böyük ölçüdə liqanı tərk edəcəyini göstərir.

Anar Həsənov