Neqoş Manoyloviç: “Kosovonun Avropa Şurasına qəbulu əvvəlki Avropanın sonu olacaq” – MÜSAHİBƏ | DEFAKTO.AZ Neqoş Manoyloviç: “Kosovonun Avropa Şurasına qəbulu əvvəlki Avropanın sonu olacaq” – MÜSAHİBƏ – DEFAKTO.AZ

Neqoş Manoyloviç: “Kosovonun Avropa Şurasına qəbulu əvvəlki Avropanın sonu olacaq” – MÜSAHİBƏ

1




Avropa Şurası Parlament Assambleyası (AŞPA) Serbiya Respublikasının separatçı hissəsi olan Kosovonun Avropa Şurasına (AŞ) qəbul edilməsini tövsiyə edib. Yekun qərarı AŞPA-nın nazirlər orqanı verməlidir, lakin Avropa strukturlarının əvvəlki kimi Serbiyanın ərazi bütövlüyü prinsipini bir daha görməzlikdən gəlməsi ehtimalı olduqca yüksəkdir (və təkcə Serbiya Respublikasına münasibətdə yox).

Belqrad hadisələrin bu cür inkişafından narahatdır. Aprelin 16-da Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Serbiyanın təzyiqlərə məruz qaldığını bildirib. Bundan başqa, Vuçiç dost Azərbaycan xalqının dəstəyini istəyib.

Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini və bundan sonra da belə olacağını vurğulayıb.

Azərbaycan və Serbiya arasında, həqiqətən də, beynəlxalq təşkilatlarda qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var. Bundan əlavə, Belqradla Ankara arasında da kifayət qədər yaxşı münasibətlər yaranıb. DEFAKTO.az bütün bunlar barədə serbiyalı politoloq, siyasi elmlər namizədi, A.N.Kosıgina adına Rusiya Dövlət Universitetinin Serb Araşdırmaları Mərkəzinin direktoru Neqoş Manoyloviç ilə söhbət edib.

– Gəlin mənə gözlənilməz görünən xəbərdən başlayaq. Serb icmasının yaşadığı Kosovonun Şimali Mitrovitsa şəhərində türk dili rəsmi dilə çevrilib.

– Bu gün Serbiyada az sayda türk yaşayır. Keçən əsrin əvvəllərindəki müharibələrdən sonra onlar Cənubi Serbiya adlanan, indiki Şimali Makedoniya ərazisində qaldılar. Yəni Serbiya Respublikasında türklərin sayı azdır. Amma bizdə həmişə etnik azlıqların nümayəndələrinin bələdiyyələrə və dövlət qurumlarına müraciət edərkən öz dillərindən rəsmi istifadə etməsi təcrübəsi olub.

Kosovonun Şimali Mitrovitsasına gəlincə, bura Serbiyanın bizim nəzarət etmədiyimiz bir hissəsidir, lakin burada, əsasən, məhz serblər yaşayırlar. Ötən il bu ərazidə serblərin qatılmadıqları yerli seçki keçirilib. Sonda əhalinin yalnız 3,5%-i, əsasən də albanlar səs veriblər. Onlar tanınmamış Kosovonun baş naziri Albin Kurtinin siyasi qüvvəsi olan Öz Müqəddəratını Təyinetmə Partiyasını seçiblər. Odur ki, bu partiya bələdiyyələrə nəzarət edir və türk dilini rəsmi dil etmək qərarına gələn də onun nümayəndələridir.

Orada türklərin sayı çox azdır, lakin Kosovo albanları bu addımla xüsusilə son vaxtlar Belqradla yaxşı əməkdaşlıq edən Ankaranın diqqətini cəlb etmək istəyirlər. Bu, Türkiyənin Kosovonu müstəqil dövlət kimi tanımasına baxmayaraq baş verir. Ankara müsəlman serblərə, Albaniyada, Monteneqroda və müsəlman əhalinin yaşadığı bütün ərazilərdə baş verənlərə böyük təsir göstərir.

Ankara bölgəmizə böyük investisiyalar yatırır. Eyni zamanda, Türkiyə xarici iqtisadi müttəfiqi kimi Serbiyanı seçib. Bu, məntiqlidir, çünki Serbiyanın böyük bazarı var və serblərlə türklər bütün tarixi məsələləri həll ediblər. Amma məsələn, yunanlar və türklər arasında gərginlik qalmaqdadır.

– Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Serbiya Prezidenti Aleksandar Vuçiçi ölkənin xarici siyasət barədə qərarlarını Avropa Birliyi ilə əlaqələndirməyə çağırıb, çünki Serbiyanın gələcəyi Avropa İttifaqı ilə bağlıdır.

– Bəli, Serbiya Avropa İttifaqına daxil olmağa can atır. Amma biz Avropa ilə ən vacib şeyi – xarici siyasət komponentini koordinasiya etmirik. Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Kosovonu tanımır.

– Avropa İttifaqına daxil olmaq üçün şərt Kosovonun müstəqil dövlət kimi tanınması olsa, Belqrad nəyi seçəcək? Serbiyanın Aİ-yə Kosovosuz daxil olması, yoxsa Kosovonun tanınmaması və Aİ-yə daxil olmaq perspektivini itirməsi?

– Belqrad, görünür, Avropa İttifaqını yox, Kosovonu seçəcək. İstənilən halda, Serbiyanın xarici siyasətinin vektoru Kosovo məsələsinin həllindən asılı olacaq. Mən Kosovonun əsas amil olaraq qaldığını vurğulayacağam. Lakin Avropa qurumları bunu görmür və minimal güzəştə belə getmirlər. Əksinə, indi Kosovonu Avropa Şurasına qəbul etməyə hazırlaşırlar.

Serbiyanın indi Avropa Şurasından çıxacağı ehtimalı azdır, baxmayaraq ki, Serbiya mediası bu barədə artıq yazır. Biz 100% Aİ tələblərinə uyğunuq, bəs niyə çıxmalıyıq? Digər sual ondan ibarətdir ki, tanınmamış, Avropa Şurasına qəbul olunmaq üzrə olan Kosovo bu strukturun heç bir tələbinə cavab vermir. Kosovoda insanlar öldürülürlər, onların hüquq və azadlıqları məhdudlaşdırılır, siyahını hələ davam etdirmək olar. Və bütün bunlar dünyanın bəzi dövlətlərinin Kosovonu tanımasından 16 il sonra da davam edir. Əgər lap bir saniyəlik belə, Kosovonun müstəqil ölkə olduğunu təsəvvür etsək, qoy əvvəlcə bütün öhdəliklərini yerinə yetirsin, sonra Avropa Şurasına daxil olmaq barədə düşünsün.

Mən, həqiqətən də, ümid edirəm ki, Kosovo Avropa Şurasına qəbul olunmayacaq. Amma qəbul olunarsa, bu, əvvəlki Avropanın sonu demək olacaq. Avropa qurumlarına daxil olan bir çox ölkələr düşünəcəklər: bizim burada qalmağımıza ehtiyac varmı?

Nair Əliyev