“Güllələnmiş Məxmərin şəklini görəndə uşaqları sevindilər ki, erməni əlinə keçməyib” – MÜSAHİBƏ + FOTO/VİDEO | DEFAKTO.AZ “Güllələnmiş Məxmərin şəklini görəndə uşaqları sevindilər ki, erməni əlinə keçməyib” – MÜSAHİBƏ + FOTO/VİDEO – DEFAKTO.AZ

“Güllələnmiş Məxmərin şəklini görəndə uşaqları sevindilər ki, erməni əlinə keçməyib” – MÜSAHİBƏ + FOTO/VİDEO

7


Düz 32 il əvvəl Azərbaycan tarixinin ən amansız səhifəsi yazıldı – Xocalı soyqırımı…

Çoxumuza elə gəlir ki, aradan keçən bu 32 ildə Xocalı soyqırımı haqqında deyilə biləcək hər şey deyilib, yazıla biləcək hər şey yazılıb. Artıq olub-keçən hər şeyi bilirik. Əslində isə hər dəfə bu mövzuya qayıdanda məlum olur ki, hələ bilmədiyimiz nə qədər məsələlər var.

Bu gün DEFAKTO.az-ın həmsöhbəti olan Xocalı sakini, həmin vaxt xidmətdə olan polis polkovniki Akif Mirsiyab oğlu Hüseynovun ailəsi də Xocalıda həmin gecə itkin düşənlər arasındadır. Akif müəllimlə söhbətimiz zamanı bir daha 32 il əvvələ, bu gün azad olan Xocalının işğal gününə qayıtdıq.

– Akif müəllim, sizi oxuculara necə təqdim edək?

– 1958-ci ildə Xocalıda anadan olmuşam. Ailədə üç qardaş olmuşuq – mən, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı özünümüdafiə taborunun komandiri Tofiq Hüseynov və ortancıl qardaşım Bakir. O da Milli Ordunun zabiti idi, Xocalı faciəsində itkin düşüb. Özüm evin kiçik oğluyam. Atamızın əvvəlki nikahından bir bacımız da vardı, adı Qətibə idi. O, anası ilə birlikdə olurdu qonşuluğumuzda. 1987-ci ildə milis məktəbini bitirəndən sonra Ağdam rayonunda sahə inspektoru kimi işə başlamışam. Aradan bir neçə ay keçəndən sonra isə məlum Qarabağ hadisələri başladı. Xocalı faciəsinə qədər Ağdamda, Ağdərədə, Kəlbəcərdə, Şuşada, Laçında xidməti ezamiyyətlərdə olmuşam, torpaqlarımızın müdafiəsində, döyüşlərdə iştirak etmişəm.

– 1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri erməni silahlı dəstələri tərəfindən tamamilə işğal olunanda Xocalını nə gözlədiyini təxmin edirdinizmi?

– Həmin dövrdə bizdə Müdafiə Nazirliyinin yeni yaradılması, tam təchizatın qurulmaması, ixtisaslı kadrların yoxluğu və vahid komandanlıq altında birləşmənin olmamasından istifadə edən ermənilər 10-13 gün intervalla Yuxarı Qarabağda olan yaşayış məntəqələrimizi işğal edirdilər. Ona görə də bizim hər birimiz bunun davam edəcəyini gözləyirdik. Digər yaşayış məntəqələrindən fərqli olaraq, Xocalıda ermənilər xüsusi amansızlıq göstərdilər. Həmin vaxt mən Ağdam polisində işləyirdim. Xocalıya “Mi-8” mülki vertolyotları ilə gedib-gəlirdik. Quru yolu tamamilə bağlanmışdı. Şuşaya uçan vertolyot vurulandan sonra isə bütün əlaqələr kəsildi. Xocalı tam mühasirəyə düşdü. Yeganə əlaqə vasitəsi Xocalıda olan poçt telefonu, bir də batalyonda olan radiostansiya idi.

– Ermənilərin Xocalı şəhərini hədəfə almalarının məqsədi nə idi?

– Xocalı Yuxarı Qarabağın ən strateji nöqtəsidir, məqsəd də onu ələ keçirmək idi. Birincisi, hamımız bilirdik ki, bütün planlar Xankəndidə ermənilər tərəfindən hazırlanıb ovaxtkı vilayətin ermənilərin çox olduğu dörd rayonuna paylanırdı. Bunlar Əsgəran, Ağdərə, Xocavənd və Hadrut idi. Bu rayonların da yeganə avtomobil yolu düz Xocalı şəhərinin ortasından keçirdi. Bundan da vacib məqam odur ki, vilayətdə yeganə aeroport Xocalıda yerləşirdi. Ermənistanla mütəmadi əlaqə saxlamaq üçün, ərzaq, silah-sursat gətirilməsi üçün ermənilərə Xocalı aeroportu hava-su kimi lazım idi. Üçüncü bir tərəfdən, Xocalı Xankəndi şəhəri ilə Əsgəran qəsəbəsinin arasında yerləşir. Dediyim ardıcıllıqla götürəndə Şuşa ilə Xocalının arasında Xankəndi, bir növ, mühasirədə olan kimi idi. Əsgəran isə Xocalı ilə Ağdamın arasında “mühasirədə” idi. Bu vəziyyəti aradan qaldırmaq üçün də ermənilər Xocalını aradan götürməyi hədəfləmişdilər. Həmin ərəfədə də – indi kimlərsə deyirlər, xəyanət vardı, satqınlıq vardı, mənə inandırıcı gəlmir – səhlənkarlıq vardı. Hakimiyyət davası vardı. Məsələn, Ayaz Mütəllibovun tərəfdarları kreslolarından əl çəkmək istəmirdilər, Xalq Cəbhəsi də hakimiyyətə can atırdı. Ona görə bunların heç birinin yadına nə Xocalı, nə Malıbəyli, nə Cəmilli, nə Kosalar, nə Şuşa düşürdü. Belə bir vaxtda, bayaq qeyd etdiyim kimi, təminatı, hərbi sursatı, vahid komandanlığı olmayan biz məğlubiyyətə düçar idik.

– Xocalı soyqırımı baş verən gün, fevralın 26-da, siz harada idiniz?

– Həmin gün Ağdamda idim. Ağdama Bərdə istiqamətindən gedəndə, yolun sol tərəfində, Uzunqala adlanan yerdə, Zaqafqaziya Hərbi Dairəsinin böyük yeraltı bazaları var idi. O yolun sağında sonradan xocalıların Şəhidlər xiyabanı salındı.

Həmin gün, dəqiq bilmirəm, orada olan rus komandanlığımı, ya hansısa qüvvələrmi o bazanı ələ keçirmişdilər. Hərbçilər hərbi hissəni tərk edib qaçandan sonra bu insanlar (omonçular) kazarmalara od vurmuşdular. Orada müddətdən artıq xidmət edən azərbaycanlı hərbi qulluqçulardan birinin – bu yerdə deyim ki, orada azərbaycanlı zabit olmayıb – sözlərinə görə, əgər o kazarmalardakı yanğın yeraltı anbarlara keçsə idi, beş-altı bal gücündə zəlzələyə bərabər yer silkələnməsi baş verə bilərdi. Ağdamın hadisə yerinə göndərilən yanğınsöndürən ekipajlarını da həmin bazanı ələ keçirənlər əraziyə buraxmırdılar deyə yanğın daha da şiddətlənirdi.

Həmin gün də bizim Ağdam polisinə yeni rəis təyin etmişdilər – Cəbrayılın keçmiş polis rəisi Rəşid Məmmədovu. Deyim ki, Rəşid çox igid adam idi. Tanıdığım yeganə polis rəisi idi ki, döyüşü kabinetindən yox, döyüşçülərin yanından idarə edirdi. Yəni bizimlə birlikdə bütün əməliyyatlarda iştirak edirdi. Özü də göyçaylı idi.

Bizi göndərdilər, getdik o kənar qüvvələri bazanın ərazisindən çıxartdıq, yanğınsöndürən maşınlar əraziyə daxil oldular və yanğını söndürdülər. Bazanın da, loru dillə desəm, ucu-bucağı yox idi. Tapança gülləsindən tutmuş, o dövr üçün ən müasir raketlərə qədər – aviasiya bombaları, piyada əleyhinə, tank əleyhinə minalar saysız-hesabsız idi. Yəni haradasa, dörd-beş il davamlı şəkildə müharibə aparmağa bəs edə biləcək hərbi sursat dolu bir anbar idi.

– Deməli, fevral ayının 26-da siz o anbarı söndürmək üçün tapşırıq almışdınız.

– Bəli, tapşırığa əsasən, Ağdam polisinin əməkdaşları olaraq ərazini mühafizəyə götürmüşdük.

– Bəs Xocalının işğalından necə xəbər tutdunuz?

– Həmin gün gecə saat 11 olardı, iş yoldaşlarımdan biri yaxınlaşdı, dedi, ratsiyada deyirlər ki, erməni Xocalını dağıdır. Oturdum maşına və sürdüm Ağdamın mərkəzinə. O beş, ya altı kilometrlik yolu necə gəlmişəm, bilmirəm. Gəldim Ağdam Polis İdarəsinin qarşısına, gördüm, dörd-beş Xocalı sakini də orada oturub. Həmin vaxt xocalıların da bir qismi qalmışdı Ağdam tərəfdə. Çünki hər dəfə Xocalıya hücum olunanda şəhərdən uşaqları, qadınları çıxarırdılar, qohumlarının evlərinə göndərirdilər, ara-sıra da imkan olanda qayıdırdılar orada qalan ailələrinə baş çəkməyə. Həmin adamlardan idi yığılanlar – vertolyot olmadığına görə qalmışdılar Ağdam tərəfdə. Bunlardan soruşdum, dedilər ki, bəs ermənilər 366-cı alayın bütün texnikası ilə üç tərəfdən Xocalıya hücum ediblər, bizimkilər də qarşısını saxlaya bilmirlər, vəziyyət gərgindir. Keçdim bizim polis idarəsinin növbətçisindən vəziyyəti soruşdum, o da dedi ki, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə məlumat vermişik – həmin vaxt da nazir Aydın Məmmədov idi. Oturdum maşına, birinci getdim Qarağacı qəbiristanlığının çıxacağına.

Orada ermənilərin postu ilə üzbəüz, Xocalıya gedən yolun üstündə bizim 19 nömrəli postumuz vardı, oraya. Həmişə də Xocalıya atəş açılanda ratsiya ilə əlaqə saxlayırdıq, mənim böyük qardaşım Tofiq Xocalı batalyonunun komandiri idi. Bunlar deyəndə mən də həmin postda dayanan ZTR-dən – bizim polis alayının uşaqlar idi – deyirdim, Əsgərandakı postları vururdular, kifayət etməyəndə qalxırdım Qarqar çayının sol sahilində olan Şelli kəndində topçular vardı, deyirdim, onlar topla Əsgəranı vururdular. Çünki ermənilər görəndə ki, cavab veririk, atəşi dayandırırdılar. Nə isə, özümü 19-cu posta çatdırsam da, mənə dedilər, bizə tapşırılıb ki, Əsgəran tərəfə atəş açmayın.

– Təxminən saat neçə olardı?

– Dəqiq bilmirəm. Haradasa gecə saat 12 idi, bəlkə də. Yadımdadır ki, haradasa gecə saat 10-11 arası Xocalının vurulduğunu mənə dedilər, mən də gəldim Ağdam Polis İdarəsinə, orada qərargahda bir xeyli ləngiyəndən sonra getdim Qarağacı qəbiristanlığına. Ola bilər, müddət bir saat çəkər, ola bilər, bir az çox çəkər, dəqiq bilmirəm.

– Siz biləndə ki, posta Əsgəran tərəfə atəş açmamaq əmri verilib, nə etdiniz?

– Bunlardan bu cavabı eşidəndən sonra qalxdım Şellidəki topçuların yanına. Burada vardı polis qüvvələri, bir də Milli Ordu, özünümüdafiə batalyonu. Bunlar da dedilər ki, bəs bizə göstəriş veriblər ki, bu gecə Xocalını azad etmək üçün əməliyyat keçirəcəyik. Xocalıya tərəf atəş açmayın. Mən dedim: “Yaxşı, bəs eşitmirsiniz, ratsiya dağılır?! Xocalıların fəryadı hara yüksəlir?!”

Tutdum birini qolundan, çıxardım çölə, əlimlə göstərdim ki, “Baxırsansa, Əsgəranın üstünə bax – həmin gün də buludlu hava idi – görürsən, buludlar necə qıpqırmızıdır? Yanan evlərin şöləsi buludlara vurur, nə əməliyyat, hansı əməliyyat?! Erməni Xocalıdadır”. Dedilər, yox e, bizə belə əmr veriblər. Bunlar da atəş açmadılar. Təzədən qayıtdım gəldim Ağdama. Polis idarəsinə də dəydim. Gördüm, qərargahda da heç kim yoxdur. Ayrı vaxt operativ nəsə edirdilər, həmin gün isə qəribə susqunluq vardı.

Təzədən oturdum maşına, gəldim Şahbulaq yolunda dördyol var, oraya. Orada bizim iki ədəd “Qrad” qurğusu dayanırdı. Gəldim deyim ki, bəs Xocalı əldən gedir. Ratsiyada xocalılar biədəb sözlərlə deyirdilər ki, qeyrətiniz olsun, gözümüzün qabağından qız-gəlini ermənilər götürüb gedirlər, şəhəri vurun, ermənilərlə birlikdə biz də ölək, bu biabırçılığı görməyək, partonumuz yoxdur atmağa! Atmağa da guya nələri vardı ki? Ancaq “Kalaşnikov” avtomatı idi, o da məhdud sayda.

Gəldim çatdım ki, “Qrad” qurğuları da yerində yoxdur. Soruşdum, haradadır bunlar? Dedilər, bəs ruslar “Qrad” maşınlarını götürmək istəyirlər, ona görə aparıb Ağcabədidə gizlədiblər. Ağcabədi ilə də Ağdamın arası nə qədər yoldur da. Bir də təzədən onların arxasınca gedilib, onlar səhərə yaxın qaytarılıb. Bu dəfə də bəhanə gətirdilər ki, bəs koordinatlar qeyd olunmuş xəritəni tapa bilmirlər. Hava işıqlaşanda güc-bəla xəritəni də tapdım. Hər maşında 40 mərmili “Qrad”lar idi, BM21 markalı. Xocalıya tərəf atəş açdılar.

Bir də qayıtdım gəldim polis idarəsinə. Bir az keçmiş xəbər verdilər ki, bəs Şelliyə tərəf Xocalıdan çıxıb gələnlər var. Getdik ki, nə keçib gələnlər, keçib gəlmək nədir? Qaraqayada insanları necə qırıblar, necə qırıblar… (səsi titrəyir – red.)

Burada bir haşiyə çıxım ki, bayaq qeyd etdiyiniz Malıbəyli ilə Quşçular camaatı çıxarılanda onlara rəhbərlik edib çıxaran yaxın dostum idi, indi polkovnikdir – Azay Kərimov. Təşkil elədilər, Ağdam polisləri Abdal Gülablı istiqamətindən erməni kəndinə tərəf getdik, dəhliz yaratdıq. Düzdür, erməni kəndini keçmədik, amma sağ qalanlar mühasirədən çıxan kimi yaralılara, yeriyə bilməyən qocalara, uşaqlara kömək edib o dəhlizlə Ağdama gətirdik. Amma Xocalıda bu köməklərin heç biri olmadı. Üstəgəl səhər də. Görürlər ki, erməni Xocalını mühasirəyə salıb, əliyalın camaatı qırır, Ağdamda olan o qədər batalyonlardan biri də döyüşə girmədi. Kimin ki qeyrəti vardı, silahını götürdü, getdi Qaraqayaya…

– Həmin vaxt sizin ailəniz Xocalıda idi?

– Bəli. Bacım, atam, anam, iki qardaşım, bir qardaşımın yoldaşı Xocalıda idilər. Həyat yoldaşım üç uşaqla, böyük qardaşımın üç övladı, bir də ortancıl qardaşımın yoldaşı ilə iki azyaşlı uşağı bəri tərəfdə, Ağdamda idilər. Onları axırıncı vertolyotla Ağdama gətirə bilmişdik.

– Siz özünüz Xocalıya son olaraq nə vaxt çata bildiniz, nə vaxt görə bildiniz onları?

– Heç vaxt… Onların heç birini bir də görə bilmədim… Bircə faciə baş verən gündən təxminən 25 gün sonra böyük qardaşım Tofiqin cəsədini ala bilmişəm ermənidən. Qalan beş nəfərin isə bugünkü günə kimi nə öldüsü, nə qaldısı barədə heç bir məlumatımız yoxdur… (fikrə dalır – red.)

Xocalı faciəsindən 17 il keçəndən sonra internetdə bir şəklə rast gəlirlər. Baxırlar ki, Xocalıda, mənim evimin qabağında, hasarımın dibində üç qadınla iki körpənin güllələnmiş cəsədləri var.

Orada güllələnənlər isə qardaşım Tofiqin həyat yoldaşı Məxmər, o həm də xalamız qızı idi, Məxmərin kiçik bacısı Məhbubə iki azyaşlı uşağı ilə və bir də yaxın qohumumuzun qızı Rəsmiyyə idi – 20 yaşında. Onlar səhərə yaxın bizə gələndə – yəqin, elə biliblər ki, bizimkilər evdədirlər – ermənilər onları elə hasarımızın dibində güllələmişdilər.

– Bu şəkil haradan əlinizə keçdi? Kimin çəkdiyini, nə vaxt, necə çəkdiyini bilirsinizmi?

– Şəkli internetdə görmüşük. Bu şəkil adi şəkil deyil. Əslində, Xocalı hadisələrinin işıqlandırılmasında bu şəkil çox böyük dəlildir, sübutdur. Onu 1992-ci il fevral ayının 26-da, yəni faciədən üzü səhərə açılan gün – rusiyalı jurnalist vardı, tanınmış jurnalist (fotoqraf – red.) Viktoriya İvleva, o çəkib. 17 il gizlədib. Sonra necə olubsa, şəkli internetdə paylaşıb.

Necə çəkdiyinə gəlincə isə, o, həmin gün Xocalıya girən 366-cı motoatıcı alayın hərbi tibbi xidmət personalına qarışıb (rəfiqələri varmış rusların içində), öz dediyinə görə, onlar kimi ağ xalat geyinib və həkimlərlə birlikdə girib işğal olunmuş Xocalıya. Elə olub ki, bizim evin yanından keçəndə həmin bu şəkli çəkib və 17 il özündə saxlayıb. 17 ildən sonra necə olubsa, paylaşıb. Biz bu şəkli görəndən sonra bildik ki, Məxmər şəhid olub. Yoxsa itkin kimi onu da axtarırdıq. Qəribə də burasıdır ki, övladları bu şəkli görəndə kədərlənmək yerinə sevinmişdilər ki, yaxşı ki, anamız erməninin əlinə keçməyib. Çünki ermənilər qadınların, qızların başına elə oyunlar açmışdılar, elə ağır işgəncələr vermişdilər, onlara qarşı elə təhqiramiz hərəkətlər etmişdilər ki, o dəhşətləri yaşamaqdansa, ölmək yüz dəfə yaxşı idi… (yenə fikrə dalır – red.)

– Xocalı hadisələrinin işıqlandırılmasında bu şəklin çox böyük dəlil ola biləcəyini dediniz. Niyə soruşan olsa, necə izah edək?

– İzah edim sizə. Ona görə ki, Xocalı faciəsindən sonra ermənilər bütün dünyaya car çəkirdilər ki, “biz xocalılara humanitar dəhliz ayırmışdıq, əvvəlcədən məlumat vermişdik, onların sağ-salamat Xocalıdan çıxmasına təminat verib yola salmışdıq”. Ermənilər deyirdilər ki, “Ağdama yaxınlaşanda azərbaycanlılar Qaraqayada özləri xocalıları qırıblar ki, bizi şantaj eləsinlər”. Bunların yalanlarına sübutlardan biri, bax elə bu şəkildir – qardaşımın həyat yoldaşı Məxmərin və digərlərinin bizim evin qabağında güllələnməsi. Əgər bizə təhlükəsiz dəhliz vermişdilərsə, onda bu adamları kim güllələmişdi?.. Mən ona görə təklif edirəm ki, oranın açıq havada muzey kimi saxlanılması üçün tədbirlər görülsün. 

–  Dediniz ki, qardaşınız, “Mixaylo” ləqəbli Tofiq Hüseynov həmin vaxt  “Qisasçı” Xocalı özünümüdafiə taboruna rəhbərlik edirdi…

– Bəli. Qardaşım tank qoşunlarında xidmət edirdi. Həqiqi hərbi xidmətdən qayıdandan sonra xüsusi zabit kursları keçib Xocalı kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyirdi. Qarabağ hadisələri başlayanda da kəndin özündə postlar yaratmışdılar – quş tüfəngindən, nə bilim, oradan-buradan gizlin şəkildə əldə etdikləri tapançalarla kəndi qoruyurdular. İlk dəfə Milli Ordu yarananda, 1991-ci ilin sonlarında, Ermənistanla həmsərhəd olan rayonlarda ərazi özünümüdafiə batalyonları, taborları təşkil olundu. Həmin batalyonun biri də Xocalıda yaradılmışdı və komandiri də qardaşım təyin olunmuşdu. Deyim ki, ermənilərin əlində olan silah-sursatın yanında, hesab edin ki, bizimkilər elə əliyalın kimi bir şey idilər.

– Qardaşınızla son dəfə nə vaxt görüşmüşdünüz?

– Dəqiq yadımda qalmayıb vaxtı. Mənə elə gəlir ki, 1992-ci ilin yanvar ayının ortaları idi. Batalyon üçün bir avtobus hərbi geyim, silah-sursat alıb gətirmişdi. Yadımdadır, batalyonundan iki döyüşçüsü ilə gəlmişdi Ağdama – Valeh, bir də Nazim Abışov. Getdik Novruzlu aeroportuna. Onda hələ Şuşaya uçan vertolyot vurulmamışdı, mülki vertolyotlar uçurdular. Pilotlarla danışdıq, razılaşdıq. Əsasən, silahları, patronları – nə qədər ki vertolyota yükləmək olar, yığdıq və Tofiq tək uçdu Xocalıya. Ondan sonra biz hər gün səhər tezdən gedirdik Novruzlu aeroportuna, gözləyirdik ki, növbəti vertolyotu nə vaxt təşkil edəcəklər ki, yerdə qalan yükü də yola salaq Xocalıya…

– Qardaşınız əsir düşməmək üçün əl qumbarasını sıxaraq həm özünü, həm də onu mühasirəyə alan düşmən əsgərlərini öldürmüşdü. Onun ölüm xəbərini nə vaxt öyrəndiniz? Meyitini ermənilərdən necə ala bildiniz?

– Faciənin üstündən təxminən üç-dörd gün keçəndən sonra cavan əsirlərdən eşitdim ki, Tofiq şəhid olub. Karen adında biri, soyadını unutmuşam, Əsgəranda yanğınsöndürmə xidmətində qulluq edirdi. Qatı daşnaklardan biri idi. O, Xocalı faciəsindən üç-dörd gün keçəndən sonra gətirib Əsgəran Polis Şöbəsində – orada da bizim əsirlər saxlanılır və onlara işgəncə verilirdi – növbətçi hissəyə zirehli gödəkcələr tullayır. Əlində də avtomat xocalılara deyirmiş ki, “baxın, komandirinizin silahıdır”… (fikrə dalır – red.) 

Qardaşım dünyasını dəyişəndən sonra götürüblər onun silahını-avtomatını, tapançasını, dəbilqəsini, zirehli jiletini. Onu deyəndən sonra əmin oldum ki, Tofiqin ölümü doğrudur. Necə əmin oldum, onu da deyim. Tofiqin avtomatının darağı o vaxtlar az tapılırdı. Adətən, “Kalaşnikov”ların darağı bir az qısa olur – 30 güllə götürür, amma Tofiqin şabalıdı rəngdə 40 patron tutan darağı var idi, beş kalibrli avtomat. Əslində, həmin daraqlar əl pulemyotları üçün nəzərdə tutulmuşdu. Mən ondan bildim ki, silah Tofiqin silahıdır.

Meyitini götürmək məsələsinə gələndə, o vaxtlar iki erməni əsiri saxlayırdım. Xankəndidən idilər. Onların vasitəsi ilə Allahverdi Bağırovla əlaqə saxladım – rəhmətlik Eldar Bağırovun böyük qardaşı ilə. Allahverdi ilə getdik Əsgərana, Vitali Balasanyanla görüşdük. O vaxtlar yeni başlamışdılar əsirlərin dəyişdirilməsi prosesinə. Getdik, onlarla danışdıq, əsirin birini verdim onlara, Xocalıdan olan xeyli əsir aldım.

Tofiqin meyitini almaq elə də asan olmadı. Bizi postda girov saxladılar – Allahverdini, məni, bir də Hümbətin oğlu Şahini. Bir qrup, Şahinin qardaşları Tahir və Vladim getdilər Əsgərana cəsədi götürməyə. Digər qrup da – qaynım Məhər, qardaşım Bakirin kiçik qaynı Yusif, erməni də qoşdular bunlara, cəbhəçilərdən də qoşdular -“buxanka” dediyimiz hərbi UAZ-ların biri ilə göndərildi Ağdərə rayonunun Qazançı kəndinə. Ondan bir neçə gün əvvəl isə bizim Ağdam özünümüdafiə qüvvələri Qazançıda əməliyyat keçirmişdilər, uğurlu əməliyyat idi. Qəlpə dəyib təsadüfi ölənlərdən biri Əsgəranın keçmiş milis rəisi var idi – Volodya Avagimyan, onun anası idi. Demişdilər ki, onun cəsədi gəlməsə, Tofiqin cəsədini verməyəcəyik. Bunun anasının meyiti gətiriləndən sonra Vitali ratsiya ilə dedi ki, siz də meyiti təşkil edin və verin.

– Bu hansı tarixdə idi?

– 1992-ci il mart ayının haradasa 19-u olardı. Gətirdim… top yeşiyinin içində. Qardaşımın meyiti idi də, gözlər olsun, görməsin. İndi təsəvvür edin ki, Allahverdi qolumdan yapışıb yavaşca qulağıma deyir ki, “Akif, möhkəm ol, bilməsinlər ki, sənin qardaşındır. Əgər bilsələr, verməyəcəklər. Yenə problem yaranacaq”. İndi siqaret çəkə-çəkə gözləyirik ki, o erməninin meyitini də gətirsinlər. Nə isə, gətirdilər, bunları dəyişdik və qardaşımın meyitini aldım. 

Meyiti götürdük, gəldik Hindarx kəndinə. Gördük, məzarı da qazıblar, dəfn üçün hər şey hazırdır. Qardaşımın bir döyüşçüsü vardı, Familə Salmanlı, həm jurnalist idi, həm də müəllimə işləyirdi. Xocalıya o vaxtı könüllü gedənlərdəndi. O mənə dedi ki, “Akif, biz Tofiqlə bir dəfə Bakıya getmişdik, Müdafiə Nazirliyinə, sənədlər üçün. Oradan çıxanda getdik Şəhidlər xiyabanını ziyarət etməyə. Tofiq dedi ki, Familə, burada yatanlar dünyanın ən xoşbəxt adamlarıdır. Məni burada dəfn etsələr, elə bilərəm, dünyanın ən xoşbəxtiyəm. Bilirsiniz, 20 Yanvar hadisələrindən sonra Tofiqdə çox dəyişiklik olmuşdu. Familə bunu deyən kimi Hindarxda Şahinə dedim ki, bəs mollaya de, o qəbrin lazım olan dualarını versin, bağlayın. Meyiti aparacağam Bakıya. Belə oldu, götürdüm gəldim Bakıya və dəfn elədim… Belə… Xocalıda qalan doğmalarımdan bircə dənə məzar qardaşımın məzarı oldu. Qalanların nə bir nişanəsi var, nə də harada olduqları bilinir…

– Faciə baş verəndən sonra Xocalıya gedənlər oldumu?

– Mən sizə deyim də. Xocalı faciəsi baş verənə qədər axırıncı Xocalıya gedən olub Elman Məmmədov – Milli Məclisin deputatı. Həmin vaxt Elman Məmmədov Xocalı İcra Hakimiyyətinin başçısı idi. 1992-ci il fevral ayının 12-də Elman mənə xəbər göndərdi ki, səhər tezdən Gəncədə hərbi aeroportda olun. Danışmışam, vertolyot təşkil edəcəklər, sursatı aparacaq Xocalıya. Oradan da həmin vertolyotlar qocaları, xəstələri, uşaqları çıxaracaq. Gecə ilə getdik aeroporta. Elman Məmmədov da gəldi. Mən o vaxt birinci dəfə idi yaxından görürdüm – “Mi-26” ağır yük nəqliyyat vertolyotları var idi, zirehli texnika, tank daşımaq üçün. Təsəvvür edin ki, üç dənə tankı o vertolyotda aparıb harasa ata bilirlər paraşütlə. Yəni elə böyük vertolyotdur. Gəncə diviziyasının komandiri vardı – Şerbak. Deyəsən, elə Şerbakla danışıb razılaşmışdılar ki, həmin vertolyot bir gündə üç dəfə Xocalıya uçub camaatı çıxaracaq.

Gəldik. Nazim Abışovun idarə etdiyi avtobus vardı, modelini bilmirəm, o vaxt ona “pinqvin” deyirdilər – bağlı, yük daşımaq üçün avtobus idi. Avtobusun arxasını verdik, açdıq. Ermənilər hərbi sursatı görən kimi dedilər, olmaz, biz danışmışıq ki, ərzaq aparılacaq, oradan da bəri adamlar gətiriləcək, hərbi təyinatlı yük ola bilməz.

Oturduq Elman müəllimin maşınına, gəldik Gəncə Polis İdarəsinə. O vaxt polis idarəsinin rəisi Eldar Həsənov idi.  Elman müəllim qalxdı rəisin yanına, nə danışdılar, nə müzakirə etdilərsə, yenidən onun müavini ilə düşdü, gəldik Gəncənin un dəyirmanına. Söhbət gedir 1992-ci il fevral ayının 13-ü, günün birinci yarısından. Dəyirmanda yeşikləri sındırdıq. Orada qalan patron, qumbara, nə vardısa hamısını sellofan kisələrə doldurandan sonra qoyduq 70 kq-lıq un kisələrinin içinə. Unu vurdular üstünə, ağzı tikildi, üstünə də yarlıq vuruldu ki, 70 kq-lıq undur. O formada maşınlara yığdıq, gətirdik. Ruslar baxdılar, gördülər ki, undur. Yola saldıq. Elman müəllim də dedi ki, mən gedim, bunları boşaldıb gələcəyəm ikinci dəfə vertolyotu göndərəm.

Vertolyot getdi, çox gec qayıtdı. Biz də günorta çörək yeməmişdik deyə axşama doğru elə Elman müəllimin maşını ilə getdik Gəncəyə. Vertolyotun səsi gələndə, böyük idi deyə səsi çox güclü yayılırdı, tələsik döndük. Elə oldu ki, biz gəlib çatana qədər vertolyot düşmüşdü uçuş xəttinin o biri tərəfinə. Həmin gün də “İL-76” yük təyyarələri Rusiyaya dalbadal uçuşlar edirdilər. Bilmirəm, orada olan hərbi sursatı daşıyırdılar, ya nə idi, dəqiq bilmirəm.

Mən elə uçuş xəttinə çatanda “İL-76” eniş etdi – ora hərbi aeroport idi. O tərəfə keçəndə gördüm ki, camaat bir-birini axtarır. Uşaqlı, qadınlı, kişili, təxminən dörd yüz nəfərə yaxın adam olardı. Elman müəllimi soruşdum, dedilər, onu qoymadılar vertolyota minməyə. Çəkdilər, saldılar yerə ki, hara gedirsən?.. (dərin nəfəs alır – red.)

Xocalının polis rəisi vardı – Sabir Məmmədov. Mayor idi. Sabir dedi ki, Malıbəylidə yandırılan meyitlərin iyi Xocalıya çatandan camaat təşvişdədir, vahimədədir, amma çıxmağa imkan yoxdur. Buradan da bəzi rəsmilər xocalıları aldadırdılar ki, “narahat olmayın, səhər çayımızı Xocalıda içirik. Əməliyyat keçirib Əsgəranı götürəcəyik”. Əsgəranı isə götürən yox idi.

Əməliyyat başlamamışdan dörd-beş gün qabaq mağaza qabağında, bazarda camaat söhbət edirdi ki, üç gündən, ya beş gündən sonra Əsgərana bizimkilər hücum edəcəklər. Guya məxfi əməliyyat hazırlanır. Gözləyirdilər.

Hücumu, adətən, səhərə yaxın edərlər, düşmənin yarıyuxulu olan vaxtı. Niyə? Çünki döyüşdə əsas məsələ birinci müdafiə xəttinin yarılmasıdır. Neytral xətdir, sonra gəlir minalanmış sahə, sonra da birinci xətt. Bütün qüvvəni də birinci xəttə cəmləyirlər. Birinci xətti alandan sonra sərbəst irəliləmək olur. Bunu da etmək üçün gərək döyüşü vaxtında başlayasan ki, gün ərzində bunları tamamlaya biləsən. Bizimkilər isə iki dəfə uğursuz cəhd etdilər, hər birində də itkilərimiz oldu, üçüncü və axırıncı əməliyyat 31 yanvarda keçirildi.

Mən Naxçıvanlı kəndi istiqamətindən Əsgərana tərəf gedəndə Qarqar çayının sol tərəfində Qaraqaya tərəfdən bir batalyon hücuma keçmişdi, sağ tərəfdə Qarağacı qəbiristanlığının yanında kənd vardı, oradan da başqa qüvvələr hücuma keçmişdilər. Bizim polis qüvvələrini də Qarağacı qəbiristanlığında cəmləmişdilər ki, Əsgərandan əks-hücum ola bilər – qabağını saxlamaq üçün.

Döyüş başladı. 19-cu post dediyim yerdə ratsiya vardı. Gəldim ratsiya ilə qardaşımın çağırış kodunu çağırdım, səhv etmirəmsə, “Turan” idi onun çağırış kodu. Cavab verdi, danışdım. Üstüörtülü dedi ki, bəs inşallah, yaxşı olacaq, bu gün görüşəcəyik. Hamımız eyni tezlikdə idik deyə ermənilər də danışıqları eşidirdilər.

Tofiq dedi: “Ratsiyanın səsini artır, orada olanların hamısı eşitsin. Onlara çatdır ki, Əsgəran boşdur. Səhər-səhər hücum başlayanda Əsgəranda olan ermənilər mal-qaralarını da götürüb Boz dağının üstündən Xankəndiyə tərəf getdilər. Dedi, əgər orada olanlar inanmırlarsa Əsgəranın boş olmasına, mən üç-dörd nəfər əsgərlərimdən göndərərəm, qala divarlarının yanında olan ot tayalarına və evlərin bir neçəsinə od vursunlar. Tüstü qalxanda bilin ki, həqiqətən, Əsgəran boşdur. Dayandırmayın döyüşü, gəlin!”

Təxminən yarım saat, ya 40 dəqiqə sonra baxdıq ki, qala divarları yanından boz tüstü qalxır. Bizə də Pirlər kəndinin üstündən, Fərrux dağından, iriçaplı pulemyotlarla atırlar. Səhər-səhər döyüş gedən vaxt binoklla ətrafa baxanda gördüm ki, Xanabad kəndi ilə Pirlər kəndinin arasındakı torpaq yolda ermənilər UAZ-la gəlib nəsə iş görürlər. Binoklla görünsələr də, bizdən çox uzaq idilər.

Bizim qüvvələrimiz Pirlərdən çıxıb Xanabad kəndinə yol alanda ağlıma gəldi ki, bəlkə, o UAZ-la gələn ermənilər yolda mina basdırıblar? Oradan da 19-cu posta xeyli yoldur axı. Elə bil, Qarayazı qəbiristanlığı qurtarır, arada üzümlük sahəsidir, böyük minalanmış sahədir.

Qəbiristanlığın arası ilə gəldim çıxdım posta ki, ratsiya ilə xəbər verim, ehtiyatlı olsunlar. Məlum oldu ki, oradan keçməli olan texnikaların heç birində rabitə əlaqəsi yoxdur. Aradan bir az keçdi, qabaqda gedən texnikalardan biri minaya düşdü. Əvvəlcə qara tüstü qalxdı, haradasa iki, ya üç saniyə sonra partlayış səsi gəldi. O texnikanın içində nə qədər əsgərimiz şəhid oldu. Biraz keçəndən sonra komanda verdilər ki, “Döyüş dayandırıldı! Geri dönün!”

Düşdük, gəldik 19-cu posta, dedilər ki, bəs Müdafiə Nazirliyindən kimsə gəlib buradakıları hərbi tribunalla hədələyib ki, niyə əmr olmadan hücuma başlamısınız? Deyib ki, biz plan hazırlamışdıq ki, Araz çayından başlayıb düz Murova qədər ərazidən qəflətən hücum edib, ərazini azad edəcəyik.

– Akif müəllim, Xocalıda soyqırım baş verəndən sonra o ərazidə çəkiliş aparılıb. İlk olaraq Şamil Sabiroğlu fotoçəkiliş edib, sonra Seyidağa Mövsümlü və Çingiz Mustafayev videoçəkiliş aparıblar. Həmin ərazidə çəkiliş aparılmasından xəbəriniz var idimi?

– Baxın, mənim söhbətimin əsas məğzi də budur – həqiqətdən kənar olan çox məlumatlar ötürülüb, hamı da elə yazıb. Mən bayaq sizə dedim ki, Xocalıya axırıncı gedən şəxs Xocalı İcra Hakimiyyətinin ovaxtkı başçısı Elman Məmmədov olub – 1992-ci il fevral ayının 13-də. Ondan sonra ta ki Xocalı azad olunana qədər, bax bu 2023-cü ilin sentyabr ayına qədər, Xocalıya heç kim getməyib.

– Bəs Seyidağa Mövsümlünün kadrları, Çingizin çəkiliş etdiyi yer ki vardı, deyirdi, “üzünü qaldır, üzünü…”

– Ora Xocalı deyil. Ora Qaraqayadır, harada ki, Xocalıdan qaçan əhalini ermənilər qırmışdılar. Qaraqaya da Şelli kəndinin təxminən dörd, ya beş kilometrliyində yerləşir, Xocalıdan 15 kilometr aralıda. Faciə baş verəndən sonra gedənlərimiz də Qaraqayaya gediblər, Xocalıya yox. Amma əfsus ki, mətbuat yazıb ki, Xocalıya gediblər.

Mətbuat yazdı ki, bəs Xocalı faciəsini eşidən kimi Seyidağa Mövsümlü kamerasını götürüb Xocalıya yollandı. Mən bir dəfə iradımı bildirdim, onda hələ Xocalı alınmamışdı. Dedim: “Ay bala, bu, tarixdir. Siz belə yazdınız, sabah tarix kimi yazdıqlarınızı götürəcəklər. Biz öldük getdik, bəs sabah gələn nəsil tarixi qaldırıb oxuyanda, biri də mənim nəvələrim, deməyəcəklər ki, mənim babam nə fərsiz adammış? Əlində avtomat Xocalıya gedib atasını-anasını xilas eləmirmiş, kimsə amma kameranı götürüb gedib orada çəkiliş edirmiş”. Mən çox istəyirdim ki, bu yerlər işğaldan azad ola, göstərəm ki, ay bala, Qaraqaya başqa yerdir, bura Xocalı deyil.

– Akif müəllim, necə düşünürsünüz, Xocalı soyqırımında ən çox əli qana batan 366-cı motoatıcı alay olub, yoxsa ermənilər?

– Mənim fikrimcə, erməniyə qalsaydı əgər, erməni heç vaxt Xocalıya girə bilməzdi. Erməni kim idi ki? Əgər 366-cı alayın texnikası və onların hərbçilərinin köməyi olmadan Xocalını almağı bacarsaydılar, çoxdan alardılar. Fakt odur ki, Xocalıya girəndə qabaqda 366-cı alay və onun texnikası olub. Erməninin rolu nə dərəcədə olub, bilmirəm, amma düşünürəm ki, alıb veriblər erməniyə.

– İşğaldan sonra nə vaxtsa Xocalıya qayıdacağınızı təsəvvür edirdiniz?

– Bilirsiniz, deyirlər, ən sonda ölən ümiddir. Həmişə ümid edirdim. Amma belə alınmasına inanmazdım. Yəni bu bizim ən böyük Qələbəmizdir. Arzu edirəm ki, o gedən erməni qatillərin ayaqları təkrar bir də torpaqlarımıza dəyməsin.

– 32 ildən sonra, artıq azad olunmuş Xocalının kandarında olsaydınız, ilk gedəcəyiniz yer hara olardı?

– Evimiz. Atamı, anamı qoyub getdiyim və bir də heç vaxt görmədiyim evimiz. Gedib nə görəcəyəm Xocalıda? İlk onu görəcəyəm ki, məni həmişə gülərüzlə qarşılayıb bağrına basan ailəm yoxdur orada…

Orada bizim Xocalı uşaqları işləyirlər, hər yanı çəkirlər, atırlar. Getməsəm də, bu gün Xocalını azı on beş dəfə gəzən adam kimi orada nə var, nə yox – hamısından məlumatım var. Çalışıram ki, nə qədər ki canımda can var, qoy Xocalı ilə bağlı bildiklərimi köçürtsünlər kameraların yaddaşına.

– Bütün işğaldan azad olunan ərazilərimiz kimi, Xocalı da tikilir, qurulur…

– Orada gedən tikinti-abadlıq işlərini anlayışla qarşılayıram. Biz ermənilərin xaraba qoyduqları tikililərimizi ömürlük orada eləcə saxlamalı deyilik ki. Məni narahat edən odur ki, biz bunu sənədləşdirməliyik, çəkməliyik, arxivlərə vurmalıyıq. Bu gün bütün bunları sənədləşdirmədən oraları buldozerin ağzına vermək olmaz. Baxın, bura həmin o yerdir ki, bayaq sizə dedim, mənim ailə üzvlərimi ermənilər güllələyiblər. Bu gün buranı sökmək nə dərəcədə doğrudur?

Qoy hər şey sənədləşsin, çəkilsin, paylaşılsın, ondan sonra, əlbəttə ki, söküləcək də, tikiləcək də. Bəlkə, bu ərazilərdə açıq muzey olması bizə gələcək üçün daha önəmli olacaq? Dünyaya haqq səsimizi çatdırmaq üçün bu faktlardan maksimum yararlanmalıyıq – demək istədiyim budur.

Qoy güclü arxivlər yaradaq. Sonra üstündən nə qədər keçir-keçsin, lazım olanda, gələcək nəsil arxivdən götürüb həmin materiallardan istifadə edə bilsin. Baxın, bu gün sual verən olsa ki “köhnə Xocalı haradadır?”, cavab verə bilən varmı? O Xocalı ki 1905-ci ildə yandırılıb, xocalılar baş götürüb Malıbəyliyə qaçıblar. Aparsınlar məni, göstərim hər şeyi, baxsınlar, görsünlər, sənədləşdirsinlər. Nə qədər ki, sağıq, gördüklərimizdən, bildiklərimizdən istifadə etsinlər.

Sözümün canı odur ki, əvvəl edilən səhvləri bir də etməyək. Vaxtında hər birimizin bu hadisələrlə bağlı xəbərimiz olsaydı, Əzizə xanım, mən inanmıram ki, 1992-ci ildə bu cür qanlı cinayətlə biz qarşılaşa bilərdik. Heç olmasa, əvvəlcədən xain düşmənimizin qonşumuz olduğunu bilsəydik, hazırlıqlı olardıq.

Əzizə İsmayılova

Daha çox foto burada: PhotoStock.Az