BMT QAK Azərbaycanın qaçqın və sığınacaq axtaran şəxslərə dəstəyini alqışladı | DEFAKTO.AZ BMT QAK Azərbaycanın qaçqın və sığınacaq axtaran şəxslərə dəstəyini alqışladı – DEFAKTO.AZ

BMT QAK Azərbaycanın qaçqın və sığınacaq axtaran şəxslərə dəstəyini alqışladı

11

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Ümumdünya Qaçqınlar Günündə Azərbaycanın qaçqın və sığınacaq axtaran şəxslərə dəstəyini alqışlayıb.

Bu barədə təşkilatın Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, Azərbaycanda əsasən Əfqanıstandan və Orta Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın digər ölkələrindən olan 1616 qaçqın var: “BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Ümumdünya Qaçqınlar Günündə Azərbaycan hakimiyyətini və xalqını ölkədə yaşayan qaçqın və sığınacaq axtaran şəxslər üçün səhiyyə xidməti və qanuni əmək bazarına çıxışa icazə verildiyinə görə alqışlayır. Qaçqınların inteqrasiyası və daxil edilməsi üçün çalışmağa və əməkdaşlığa davam etdikcə, biz qaçqınların məşğulluğu və tibbi sığortaya çıxışları ilə bağlı qanunvericilikdə edilən uğurlu dəyişikliyə görə Azərbaycan Hökumətinə təşəkkürümüzü bildiririk”.

Bildirilib ki, bütün dünyada zorla didərgin salınmanın artdığı bir zamanda qaçqınlar üçün həmrəylik, qayğıkeşlik və dəstək həmişəkindən daha vacibdir: “Onlar himayədən və özlərini, ailələrini saxlamaq və onları qəbul edən icmanın bir hissəsi olmaq üçün layiqli yaşayış qurmaq imkanından artıq heç nə istəmirlər. Bu baxımdan, BMT QAK Azərbaycanda yaşayan qaçqın və sığınacaq axtaran şəxslər üçün hüquqi statusun təmin olunması, eləcə də, məcburi köçkünlər üçün təhlükəsiz və ləyaqətli qayıdış şəklində davamlı həll yoluna nail olmaq məqsədi ilə təşviqat işlərini davam etdirir”.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambroso deyib ki, qaçqınların bəziləri Azərbaycanda doğulub, yaxud bu ölkəyə körpə olarkən gəliblər və inteqrasiya üçün şərait yaradılsa davamlı həll təmin edilməklə yanaşı, onlar Azərbaycan cəmiyyətinin inkişafına töhfə vermək potensialına sahibdirlər.

“İrəliləyiş əldə olunmasına baxmayaraq, hüquqi statusun təmin olunması üçün daha çox iş görülməsinə ehtiyac var. Mən həmçinin bu fürsətdən istifadə edərək, yüz minlərlə məcburi köçkünün üç onillikdən sonra nəhayət ki öz torpaqlarına qayıtmaqla davamlı həllə nail olmaq imkanına sahib olmaları münasibəti ilə Azərbaycan xalqını təbrik etmək istərdim”, – əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir