Jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verildi | DEFAKTO.AZ Jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verildi – DEFAKTO.AZ

Jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verildi

17


Bir müddət əvvəl xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xaçmazda fəaliyyət göstərən jurnalist dələduzluqda və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.

Konkret olaraq ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, C.Məmmədli zərərçəkmişlər – Fuad Həbibov və bacısı Gülnarə Həbibovaya maraqlı olduqları cinayət işi üzrə kömək edəcəyi, sosial şəbəkə üzərindən istintaq orqanına təsir göstərəcəyi ilə bağlı yalan vəd verməklə onların 10 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, iki nəfərdən hədə-qorxu yolu ilə 180 manat alıb.

Zərərçəkmiş şəxslərdən biri Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşovdur. C.Məmmədli onu atası M.Balaqadaşovun Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunacağı barədə sosial şəbəkədə yalan məlumat yayacağı, bununla da təşkilatda rəhbər vəzifədə olan atasının nüfuzdan düşəcəyi ilə hədələyib. Zərərçəkmiş şəxs yalan məlumatların atasının nüfuzuna xələl gətirəcəyini düşünərək 100 manat verib.

Təqsirləndirilən jurnalist başqa bir şəxsdən isə hədə-qorxu yolu ilə 80 manat alıb.

İş üzrə dəymiş ziyan ümumilikdə 13 min 600 manat təşkil edir.

Qeyd edək ki, C.Məmmədliyə qarşı irəli sürülmüş ittihama görə, o, 15 dekabr 2022-ci ildə həmyerlisi C.Ağabalayevlə münaqişə edib.

Münaqişə zamanı jurnalist qarşı tərəfin ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ona əl və ayaqla xəsarətlər yetirib, anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törədib.

Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.