"Faşist davranışlar Rusiyanı daha da təkləyir, dövlətimiz bu dəfə də qalib gələcək"

“Rusiya rəsmi dairələrinin hadisə ilə bağlı verdiyi açıqlamaların nə dərəcə əsaslı olduğuna biz qiymət verməliyik. Səfərovlar ailəsi, onun yaxın çevrəsi, ona qədər həbs olunmuş şəxslərin birindən də qranat, pulemyot, o cümlədən kalaşnikov avtomatı, ov tüfəngi, yaxud da ki, makarov tapançası tapılmayıb. Bunu görən olmayıb. İkincisi, adətən, belə əməliyyatlar zamanı media məkanında müəyyən şəbəkə şəklində fəaliyyət göstərən kriminal qrupların obrazı yaradılır. Lakin orada miqrant kimi yaşayan, əmək fəaliyyəti ilə məşğul olan, ikinci, üçüncü nəsil azərbaycanlı kimi vətəndaşlıq almış şəxslərdə o obrazı formalaşdıra bilmirlər”.
Bu fikirləri Defakto.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Yekaterinburqda azərbaycanlılara qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları haqqında danışarkən deyib.
Onun sözlərinə görə, həmin şəxslər Rusiyaya milyardlarla dollar vəsait qazandıran milyonlarla azərbaycanlılardandırlar:
“Bu günlər ərzində onların yaxınlarının verdikləri müsahibələrdən aydındır ki, həqiqətən də məhz qanuni fəaliyyətlə məşğuldurlar, zəhmətləri ilə yaşayırlar. Yaxın ərazidə olan insanların da sözügedən şəxslər haqqında hər hansı intensiv şikayətləri, müraciətləri, tələbləri olmayıb.
Təəssüf ki, bu hal Rusiyanın onsuz da qlobal miqyasda təcrid olunduğu bir dövrdə, dünyada geniş yayılmış miqrasiya axınlarının bir hissəsi kimi iş taparaq çalışan, xüsusilə də Orta Asiya və Qafqaz mənşəli şəxslərə qarşı əsrlərdir davam edən siyasətinin növbəti təzahürüdür. Əslində, biz bunu daim rus şovinizmi, imperiya təfəkkürü və instinktiv reflekslərin təkrarən üzə çıxması kimi qiymətləndirmişik. Bu düşüncə faktiki olaraq da heç bir zaman kənara qoyulmayıb.
Həmin şəxslər az qala vətəndaşa çevriliblər. Rusiya sosial-ictimai həyatının ayrılmaz hissələridirlər. Bir qismi hətta rus vətəndaşlarıyla ailə həyatı qurublar. Belə olan şəraitdə ifadələrə diqqət edin: “etnik cinayətkarlıq”. Bu, harada kəşf olunub?
Bizim dövlətimiz qətiyyən anti-Rusiya blokunda yer almayıb. Bu bölgə nə İrana, nə də Rusiya əleyhinə olub. Buna görə dövlətimizə təşəkkür etmək əvəzinə tamam fərqli bir davranışları görürük”.
Deputat onu da qeyd edib ki, Rusiyanın ticarət şəbəkələrində ən ağır zəhmət tələb edən, Afrikadan Asiyaya qədər böyük və uzaq qitələrdən müxtəlif qida məhsullarını, kənd təsərrüfatı məhsullarını daşıyıb o ölkəyə gətirən və ağır blokada şəraitində Rusiya xalqını xilas edən millətlərə qarşı bu cür diskriminativ, ayrı seçki və faşist davranışları Rusiya dövlətini meydanda daha da təkləyir:
“2022-ci ildə imzalanan strateji müttəfiqlik sənədinin ruhunu, əsas prinsiplərini tapdalayır. “Təmizləmək lazımdır” ifadəsi də bizə 1990-cı illərdəki davranışları xatırladır. Nəyi təmizləyəcəksən? Necə? Rusiya xalqını guya daxildə məhv edirlər və əks halda mütləq onları Ukrayna müharibəsinin önünə göndərmək lazımdır ki, döyüşsünlər. Bəs axı bu adamlara o cür işgəncələr edərək, əlinə silah verib necə Ukrayna xalqına qarşı döyüşdürəcəksən? Bu, ağlasığan bir hadisədir? Belə dövlət siyasəti olur?
Ona görə Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi açıqlama kifayət qədər rasional, soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq hüquqlarını qoruyan, Ali Baş Komandan İlham Əliyevin Rusiyada da o böyük nüfuzu fonunda həm də insanlarımızı qoruması xəttinin davamıdır.
Müvəqqəti işlər vəkilinin çağırılması, həm də mədəni tədbirlərin təxirə salınması öz özlüyündə elə bir siyasi mesajdır ki, Rusiya hökuməti tərəfindən bu məsələlərlə bağlı aydın izahatlar olacaqdır. Kütləvi fikrə yeridilən o obrazlar, ifadələr, silahlar qətiyyən rus xalqını ucaltmır, Rusiya elitasına başucalığı gətirmir. Ona görə də bu məsələ ilə bağlı bizim mövqeyimizi hər bir parlament üzvü də müdafiə edir və həmrəylik göstəririk. Düşünürəm ki, dövlətimizin mövqeyi bu dəfə də qalib gələcək”.
Həmidə İbrahimova