Bakının iştirakı ilə beynəlxalq münasibətlərdə formalaşan yeni dövr - Şərh

image

“Avropa və Asiyanın strateji qovşağında yerləşən Cənubi Qafqaz daima bölgədə marağı olan beynəlxalq güclərin toqquşma məkanı olduğundan həmin güclər günümüzdə də bölgədə öz maraqlarını təmin etmək üçün mübarizə aparırlar. Bunun nəticəsi olaraq 30 ildən artıqdır ki, bölgəmizdə münaqişələr hökm sürməkdədir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev qlobal çağırışlara çevik reaksiya verib yerləşdiyimiz coğrafiyanın yaratdığı imkanlardan istifadə etməklə Cənubi Qafqazı bir-biri ilə toqquşan güclərin bir əməkdaşlıq mərkəzinə çevirməkdədir. Uzaq hədəflərə xidmət edən düzgün strategiyanın nəticəsidir ki, bu gün təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz Qərblə Şərq, Şimalla Cənub arasında əməkdaşlıq körpüsü rolunu oynamaqdadır”.

Bunu Defakto.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Onun fikrincə, dünyada amansız qlobal geosiyasi mübarizələr nəticəsində yaranan böhranlara, toqquşmalara və xaosa baxmayaraq Azərbaycanın liderliyi altında yürüdülən aktiv siyasət Cənubi Qafqazla yanaşı, Avrasiya və Afrika coğrafiyasında da yeni əməkdaşlıq münasibətlər sistemi formalaşdırmaqla qlobal sabitliyə, təhlükəsizliyə töhfəsini verməkdədir: “Bunun üçün son bir ayda Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərinə, ölkəmizə edilən səfərlərə və keçirilən beynəlxaq əhəmiyyətli tədbirlərə nəzər salmaq yetər. Prezident İlham Əliyevin bu gün dünyanın qlobal gücü hesab edilən Çinə edilən dövlət səfər çərçivəsində imzalanan sənədlərə, xüsusən də ikitərəfli strateji tərəfdaşlıq sənədinin imzalanması, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, ATƏT Baş katibi Ferudin Sınırlıoğlunun, Antaliya Diplomatiya Forumunda keçirilən görüşlər, Gürcüstan və İran prezidentlərinin ölkəmizə səfərləri, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları, bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı dediklərimizin göstəricisidir. Təsadüfi deyil ki, son vaxtlarda belə bir deyim formalaşıb: “Bütün yollar Azərbaycana aparır”. Azərbaycanın çox fəal iştirakı ilə beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıqlar formatı inşa edilməkdədir. Bu əməkdaşlıq formatları isə ölkələr arasında ədalətə, suverenliyə, qarşılıqlı hörmətə və bərabərhüquqlu prinsiplərə əsaslanır.

Günümüzdəki mürəkkəb beynəlxalq geosiyasi mübarizələr fonunda oynadığı əhəmiyyətli rol Azərbaycanı Qlobal Şimalla Qlobal Cənubun koordinasiya mərkəzinə çevrilməkdədir. Bu isə yekunda regional və qlobal sülhün, sabitliyin, təhlükəsizliyin, sıx əməkdaşlıq formatlarının yaranmasına, həmçinin qlobal səviyyədə ciddi oyunçuya çevrilməsinə, ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunmasında müstəsna rol oynayacaq”.  

Mürtəza

Defakto.az