Tarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri - Şərh

image

“Azərbaycanın xarici siyasətində dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və sülh prinsipləri daim prioritet təşkil edir. Məlumdur ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır”.

Bunu Defakto.az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Deputat bildirib ki, strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir: “Bununla belə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar vardır və əlaqələrin genişləndirilməsində nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. 

Azərbaycan və Gürcüstan siyasi-iqtisadi əlaqələri və dostluğu hazırda ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində tarixin ən böyük inkişaf dövrünü yaşayır. Məhz bunun nəticəsidir ki, Prezident seçkilərindən sonra Gürcüstanın yeni seçilmiş Prezidenti ilk rəsmi səfərini Azərbaycana edib. Səfər zamanı cari ilin aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Bir sıra tarixi faktlar,ölkələrimiz arasındakı sıx əlaqələr hər iki dövlət başçısı tərəfindən ictimaiyyətin diqqətinə çatdırılıb. Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.

Onun sözlərinə görə, bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında qardaşlıq, möhkəm dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur. “Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə aprılan düzgün və məqsədyönlü siyasət bu gün qlobal sülhə töhfə verməklə yanaşı, regiona davamlı sülhün və sabitliyin gəlməsi üçün də xüsusi zəmin yaratmışdır”, - o qeyd edib.

Mürtəza
Defakto.az