İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb” | DEFAKTO.AZ İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb” – DEFAKTO.AZ

İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

214

“Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılıb”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.

Prezident bildirib ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır:

“Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etdik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır”.

“Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib”,- deyə İlham Əliyev qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir