Prezidentin köməkçisi: “Erməni təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək” | DEFAKTO.AZ Prezidentin köməkçisi: “Erməni təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək” – DEFAKTO.AZ

Prezidentin köməkçisi: “Erməni təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək”

213

“Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək”.


Defakto.az-ın xəbərinə görə, bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.


O bildirib ki, Azərbaycan əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub: “İndi həmin ərazilər işğaldan azad edilib. Prezidentin son sərəncamı isə 27-dən başlayaraq Ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını əhatə edir”.


Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, qiymətləndirmə prosesinə yerli qiymətləndirmə şirkətləri də cəlb olunacaq: “Müstəqil təsisatlar, beynəlxalq təsisatlar da bu qiymətləndirməyə cəlb ediləcək. Zərərlə bağlı rəqəmlər Xarici İşlər Nazirliyi (XİN) tərəfindən beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.


H. Haciyev onu da vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək, lazım olduğu halda onların evləri əsaslı təmir olunacaq. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir