“Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir” | DEFAKTO.AZ “Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir” – DEFAKTO.AZ

“Bu qurumlar erməni lobbisi tərəfindən maliyyələşdirilir”

1287

“Son dövrlər cənab Prezident İlham Əliyev konkret olaraq Ermənistan siyasi hakimiyyətini və baş nazir Paşinyan və onun ailəsini Ermənistanda korrupsiya və rüşvətxorluqla məşğul olmaqda ittiham edib. Belə ki, cənab Prezident Ermənistanda iş adamlarının incidilməsi, formal fondlar yaradılaraq iş adamlarının o fondlara məcburi şəkildə pul köçürütmələri ilə bağlı ittiham edib və bu mesajlar Ermənistan cəmiyyətinə çatıb”.

Bunu açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov Milli Şura, AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsi faktlarını şərh edərkən deyib.

O bildirib ki, adını müxalifət qoyan bəzi şəxslər, Milli Şura-nın rəhbərləri və xaricdə yaşayan bəzi fəallar erməni lobbisi, xaricdə formalaşdırılmış ermənipərəst mərkəzlər tərəfindən maliyyələşdirilir:

“Ermənistanın daxilində artıq bu məsələlərlə bağlı ciddi siyasi gərginlik yaranıb, Ermənistan ictimai rəyi artıq Paşinyana qarşı yönəlib. Çünki bu ittihamlar çox ciddi ittihamlardır və mən də düşünürəm ki, ittihamlar haqlı və yerində səsləndirilib. Çünki Ermənistanı idarə edən rejim konkret olaraq korrupsioner bir rejimdir. Paşinyanı elə Ermənistan cəmiyyətinin özündə də “küçə siyasətçisi” adlandırırlar və düşünürəm ki, bu “küçə siyasətçisi” ifadəsində haqlıdırlar. Ermənistanı korrupsioner rejimin idarə etdiyi halda, Dağlıq Qarabağ məsələsinin həll olunmasında da biz çox ciddi problemlər yaşayırıq. Məsələnin digər tərəfinə gəldikdə, bildiyimiz kimi bu çıxışdan sonra Milli Şura və müxalifətin radikal üzvləri cənab Prezidentin bu çıxışını sanki Azərbaycana tərəf yönəltmək istəyirlər. Əslində bu mənim üçün təəccüblü deyil. Burada mənim üçün yeni heç bir ifadə yoxdur. Çünki biz uzun illərdir və dəfələrlə demişik ki, özünü Milli Şura adlandıran qurum, konkret olaraq müxalifətin radikal kəsimi, xaricdə formalaşdırılmış “siyasi bloqerlər”, sırf Azərbaycan iqtidarına, Azərbaycan dövlətinə qarşı qara kampaniya aparırlar. Bizə məlum olan budur ki, bu “qurumlar” erməni lobbisi tərəfindən maliyələşdirilir, xaricdə formalaşdırılmış ermənipərəst mərkəzlər tərəfindən bunların maliyyələri ayrılır. Belə olan halda onlar nə deməlidirlər axı?! Onlar bu ritorika ilə çıxış etməlidirlər, çünki bir misal var: “Kim parasını verirsə, musiqini də o sifariş edir”. Yəni, bunların parasını verən qüvvələr qaranlıq qüvvələrdir. O maliyyə mənbələri qaranlıq mənbələri qaranlıq maliyyə mənbələridir. Qara maliyyə, qara para harada olur, elə qara qüvvələrin əlində olur”.

Partiya sədrinin müavini qeyd edib ki, Azərbaycan Prezidentinin Ermənistan hakimiyyəti ilə bağlı mövqeyi birmənalı olaraq Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövqeyidir:

“Bu məsələdə təəccüblü bir şey yoxdur. Çünki özünü Milli Şura adlandıran qurumun videokonfranslarının ictimailəşdirilməsi nəticəsində onların əsl siması bizə bir daha məlum oldu. Əslində siyasətlə məşğul olan insanlara bu bəlli idi. Amma onların da az da olsa bəlli bir tərəfdarları var idisə, artıq onlar da gördülər ki, bu insanlar Azərbaycana qarşı, Azərbaycan dövlətinə qarşı artıq müxalifətdədirlər. Çünki neftin qiymətinin düşməsini onlar necə toy-bayram edirdilər. Özləri səsləndirirdilər ki, bizim işimizin adı iqtidara qara yaxmaqdır və elə son olaraq da Milli Şuranın sədri deyilən Cəmil Həsənlinin də Ermənistanın baş naziri Paşinyanı “təmiz insan” adlandırması bizdə bunların antimilli olduğuna bir daha əsas verdi. Düşünürəm ki, bu adamların uzun illərdir uğur qazana bilməməklərinin səbəblərindən biri də məhz bax belə antimilli düşüncədə olmalarıdır. İndiki məqamda Azərbaycan xalqı ona görə bu “siyasətçilərə” heç vaxt dəstək vermir. İnsanlarımız ayıqdır, Azərbaycan ictimai şüuru bu insanların əleyhinədir və onlar 26-27 ildir artıq uğursuzluq sindromu ilə üz-üzədirlər. Milli Şura adlandırılan bu qurumdan çox ciddi qopmalar oldu və orada qalan üç-beş nəfər də çıxıb səmimi şəkildə Azərbaycan xalqı qarşısında öz uğursuzluqlarını etiraf edərək “Milli Şura deyilən qurumu buraxmalıdırlar. İndiki zamanda hər birimiz, həm xalq olaraq, həm ictimai siyasi şəxslər olaraq belə məqamlarda Azərbaycan dövlətinin başçısı cənab Prezidenti dəstəkləməliyik. Çünki Prezidentimizin mövqeyi birmənalı Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövqeyidir. Yəni, Prezident dövlətimizin sözünü ifadə edir və Ermənistanla bağlı səsləndirdiyi bütün bu ittihamlar haqlı və yerində səsləndirilib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir