“IT Akademiya” təhsil layihəsinə start verilir | DEFAKTO.AZ “IT Akademiya” təhsil layihəsinə start verilir – DEFAKTO.AZ

“IT Akademiya” təhsil layihəsinə start verilir

39

Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “IT Akademiya” təhsil layihəsinə start verilir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin avqust ayında başlayacaq layihə “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.

Təhsil xərclərinin əsas hissəsi layihənin təşkilatçıları və tərəfdaşları tərəfindən ödəniləcək. Bu isə təhsilalanların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Layihədə 25 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Namizədlər alqoritmik təfəkkür üzrə test verməlidirlər. Birinci mərhələdən uğurla keçənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələnin nəticələrinə əsasən, 300 namizəd Akademiyanın tələbəsi olacaq.

Rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindəndır. Rəqəmsal iqtisadiyyatın potensialından daha çox istifadə etmək bacarığı böyük rəqabət üstünlüyü yaradır. Bu sahədə insan kapitalının inkişafı xüsusilə önəmlidir. Məhz ixtisaslı informasiya texnologiyaları mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır.

Akademiyanın məqsədi informasiya texnologiyaları bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb-tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri istiqamətində lazımi biliklər əldə edəcəklər.

Dərslər iki mərhələ üzrə – 2022-ci ilin avqust və noyabr aylarında keçiriləcək. Tədris onlayn və əyani rejimdə olmaqla beş ay davam edəcək. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəklər. Əmək bazarında bu sahəyə artan tələbat fonunda İnformasiya Texnologiyaları Akademiyasının məzunları asanlıqla iş tapa biləcəklər.

Akademiyada təhsil almaq istəyənlər Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.