Kanada mətbuatı enerji sahəsində Azərbaycan-İsrail əməkdaşlığından yazıb | DEFAKTO.AZ Kanada mətbuatı enerji sahəsində Azərbaycan-İsrail əməkdaşlığından yazıb – DEFAKTO.AZ

Kanada mətbuatı enerji sahəsində Azərbaycan-İsrail əməkdaşlığından yazıb

36

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “İsrail enerji tələbatının artması ilə əlaqədar Azərbaycana müraciət edir” sərlövhəli məqalə dərc olunub. 

Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə cari ilin 1-3 iyun tarixlərində Azərbaycanda təşkil olunmuş və Xəzər dənizi bölgəsinin neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsində ümumilikdə 31 ölkədən 250 şirkətin iştirak etdiyi, yekun sessiyanın isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildiyi diqqətə çatdırılıb.

Müəllif qeyd edib ki, Azərbaycan artıq İsrail dövlətinin enerji ehtiyacının 40%-ni təmin edir, Ukrayna böhranının alovlanmasından etibarən bir çox İsrail rəsmisi Azərbaycandan daha çox neft və qaz alınmasına çalışır və əslində bu, İsrailin maliyyə naziri Aviqdor Libermanın Bakıya son səfəri zamanı gündəmdə olan məsələlərdən biri olub, habelə məhz Azərbaycandan aldığı neft və qazın həcmini artırmaq məqsədilə İsrail tərəfi Bakı Enerji Həftəsində təmsil olunub. 

İsrailin Azərbaycandakı səfiri Corc Dik, Beynəlxalq Enerji Forumunun baş katibi Cozef Makmoniql, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun fikirlərinin yer aldığı məqalədə həmçinin qeyd edilib ki, səfirlik vasitəsilə 10-15 İsrail şirkəti Qarabağdakı layihələrdə iştirak üçün müraciət edib, Ukrayna böhranından sonra bir çox ölkə enerji ehtiyaclarını ödəmək üçün mübarizə apardığı və dünyanın enerji sektorunda çətinliklərin yaşandığı bir vaxtda maraqlı tərəfləri bir araya gətirən Bakı Enerji Həftəsi qlobal enerji böhranı üçün əla həll yolu ola bilər.

Həmçinin diqqətə çatdırılıb ki, tarix boyu mənəvi enerji mənbəyi olan Şuşa artıq yaşıl enerji zonasına çevrilir və bunun daha bir təsdiqi dörd min meqavat gücündə külək və günəş enerjisi layihələri üzrə əməkdaşlıq haqqında sənədin imzalanması məkanı olaraq Şuşanın seçilməsidir. Sözügedən milyardlarla dollarlıq sərmayələrin əksəriyyətinin işğaldan azad edilmiş ərazilərimizə yönəldilməsi Azərbaycanın investorlar üçün cəlbediciliyinin nümayişidir.    

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2022/06/08/israel-looks-to-azerbaijan-for-increased-energy-needs/