İnfeksionist: “Çində ”Omikron”un qarşısını ala bilmirlər, bizdə isə…”
Dünyada pandemiyanın bitməsi, sərt karantin qaydalarının ləğv olunduğu vaxtda Çində vəziyyət yenidən kritikləşib. Hətta COVİD-19 virusuna yoluxmaların artması səbəbindən ölkənin Quancouda şəhərində orta məktəblərdə əyani tədris də dayandırılıb. Çinin beynəlxalq ticarət qovşağı hesab edilən və əhalisi 15 milyon nəfər olan Quancou şəhərinin rəhbərliyi orta məktəblərdə əyani dərslərin qeyri-müəyyən müddətə dayandırılmasına və distant təhsilin təşkilinə qərar verib. Yalnız yataqxanası olan məktəblərin buraxılış siniflərinin şagirdləri üçün qapalı rejimdə yerində dərslərin keçirilməsinə icazə var. Yəni həmin siniflərin şagirdləri məktəbləri tərk edə bilməzlər. Bundan başqa, ali təhsil müəssisələrində də qapalı rejim tətbiq olunacaq. Kolleclərə qəbul imtahanı isə təxirə salınıb. Səlahiyyətli qurumlar şəhərdə virusa yoluxmaların çoxalması ehtimalını nəzərə alaraq, mobil xəstəxanaların inşasına başlayıb. İlk belə xəstəxana Pacou sərgi mərkəzində quraşdırılacaq.
Şəhər rəhbərliyi sakinlərə ciddi səbəb olmadığı halda Quancounu tərk etməməyi tövsiyə edib. Səlahiyyətli qurumlar əhalinin ərzaq və gündəlik tələbat malları ilə təminatı üçün hazırlıqlara başlayıb.
Yada salaq ki, martın əvvəlindən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 27 min 509 yerli yoluxma, o cümlədən 26 min 345 simptomsuz yoluxma qeydə alınıb. Bu, Çin üçün sutkalıq antirekord göstəricidir. Yoluxmaların əksər hissəsi (26 min 87) Şanxayda aşkarlanıb. Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxayda, habelə Şencen və Çançun kimi böyük şəhərlər də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində qapanma tətbiq edilib. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVİD-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər.
Azərbaycanda isə Çindən gələn xəbərlərin fonunda insanlar arasında ajiotaj yaranıb. Bir çoxları düşünür ki, ölkəmizdə maska və vaksin tələbi ləğv olunmursa, virusun yayılacağını ehtimal edir. Digər tərəfdən, Türkiyədən ölkəmizə yeni vaksinlərin gətiriləcəyi, hətta Azərbaycanın yaxınlarda “Qarabağ” adlı öz istehsalı olan vaksinin istehsalı xəbəri virusun yenidən alovlanacağı kimi şayiələrin yaranmasına səbəb olub.
Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı yaranan sualları cavablandırıb: “Pandemiyanın ilk günlərinə qayıtmırıq, təşvişə düşməyə əsas yoxdur. Artıq virus digər ölkələrdən Çinə gedib. Çünki Çində ilk əvvəl tətbiq edilən məhdudiyyətlər hesabına Çin insanı virusla təmasda olmadı. O zaman onun qarşısını aldılar. Amma bütün dünyada virus yayıldı. İndi isə bizdən ”Omikron” variantı Çinə gedib. “Omikron” variantı da digər koronaviruslardan 4-5 dəfə daha sürətli yoluxur. Bu da çox böyük fərqdir. Buna görə də Çində əvvəlki virusun qarşısını ala bilmişdilərsə, artıq bunun qarşısını almaq çətindir. Hazırda bunun öhdəsindən gələ bilmirlər. Çində yoluxma sayı sürətlə artır. Bizdə isə buna qarsı kollektiv immunitet formalaşıb. Çində sürətli artmanın bizə təsiri yoxdur”.
İnfeksionist “dünyada vaksinlərdən imtina edildiyi halda, Azərbaycanda nəyə görə belə bir addım atılmır” sualına belə cavab verib: “Ölkəmizdə artıq kollektiv immunitet formalaşıb. Vaksinə də ehtiyac yoxdur. Vaksindən risk qrupuna daxil olan, yaşı 66-dən yuxarı, immuniteti zəif olan şəxslər fərdi şəkildə istifadə etməlidir. Avropa ölkələrində artıq vaksin sertifikatı tələb olunması yığışdırılır. Yəqin ki, bizdə də bununla bağlı qərar veriləcək. Bizə Türkiyə istehsalı olan vaksin gətirilib, özümüzün ”Qarabağ” vaksinimiz olacaq. Bunlar isə artıq növbəti mərhələ üçündür. Pandemiya dövrü üçün deyil. Pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə bitəcək. Üzü payız fəslinə doğru müəyyən artmalar olacaq. Buna görə yenə də payız mövsümündə risk qrupuna daxil olan şəxslərin peyvənd olunması lazım olacaq. Ona görə də həm Türkiyə, həm də yerli istehsal olan vaksinlərdən istifadə olunacaq”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Çində son günlər baş verən proseslərə münasibət bildirib: “Virusun yayılma gücü bir çox ölkələrdə, o cümlədən Azərbaycanda azalarkən koronavirus Çinə yenidən qayıdıb. 25 milyon əhalisi olan Şanxay şəhərində gündəlik yoluxma sayı 20 minə çatıb. Bu, koronavirus ilk dəfə Çində qeydə alındığından dəfələrlə çoxdur. Çin hakimiyyəti iki il öncə olduğu kimi, kütləvi şəkildə əhalinin məcburi test edilməsinə başlayıb. Çin hökuməti eyni zamanda şəhərin milyonlarla sakininə evdən çıxışa qadağa qoyub. Faktiki aprelin 8-dən Şanxay hərbi rejimə keçib. Şəhərə ordu birlikləri yeridilib. Çünki qadağalara etiraz edənlər küçələrə çıxmağa çalışırlar. Xəstələri böyük stadionlarda yerləşdirirlər.
BBC-nin məlumatına görə, şəhər əhalisi ərzaq və dərman almaqda çətinlik çəkir. İnsanlar ərzağın evlərə çatdırılma xidmətlərindən istifadə edirlər. Ancaq sifariş o qədər çoxdur ki, çatdırılma şirkətləri bu yükün altından çıxa bilmirlər. Şanxayda çatdırılma xidmətlərinin 11 min əməkdaşı 25 milyon insanın sifarişini yerinə yetirə bilmir. Nəticədə Şanxay kimi böyük və müasir şəhərdə aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Şanxay sakinlərindən birinin sosial şəbəkədə yazdığına görə, 17 gündür karantindədir və qidalanma ilə bağlı ciddi problemlərlə üzləşib. Problemi gərginləşdirən həm də odur ki, Şanxayın evlərinə qapadılan yaşlı sakinləri mobil telefon və internetdən istifadə edə bilmirlər və nəticədə onlar çatdırılma xidmətlərinin imkanlarından istifadə edə bilmirlər.
Şanxay Çin iqtisadiyyatının “lokomotivi” sayılır. Ona görə Şanxaydakı ağır vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Rusiya, İran və Venesuelaya məxsus neftlə dolu tankerlər Çinin sahillərinə yaxınlaşa bilmirlər. Söhbət təxminən 22 milyon barel neftdən gedir. Şanxaydakı durum göstərir ki, Çinin iki il əvvəl həyata keçirməyə başladığı qapanma siyasətinin nəticəsi yox idi. Ancaq digər dövlətlər ötəndəfəki səhvi təkrarlamamaq üçün Çinlə gediş-gəlişə nəzarət etmək məcburiyyətindədirlər”.