“Milli Məclisə yad gözü ilə baxılmasın. Milli Məclis deputatlarının müraciətlərinə vaxtında cavab verilsin. Məsələn, mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səkkiz məktub göndərmişəm, birinə də cavab verilməyib”.
Defakto.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatın fikirlərinə münasibət bildirib:
“Bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi 8 məktubun heç birinə cavab verilmədiyi barədə iddiası doğru deyil.
Son illlər nazirlik tərəfindən aparılan islahatların bir istiqamətini də vətəndaşlardan və müxtəlif qurumlardan, xüsusilə Milli Məclisdən, deputatlardan daxil olan müraciətlərin operativ araşdırılması və cavablandırılması təşkil edir.
Millət vəkili S.Rüstəmxanlı keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səkkiz deyil, ikisi əlillik təyinatı, dördü məşğulluq məsələləri ilə bağlı olan altı məktub ünvanlayıb. Həmin məktubların hər biri nazirlik tərəfindən qısa müddət ərzində araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.
Belə ki, S.Rüstəmxanlının əlilliklə bağlı 04.05.2021, 26.11.2021-ci il tarixli, məşğulluqla bağlı 29.04.2021 (3 məktub), 03.05.2021-ci il tarixli məktubları 05.05.2021 (2 cavab məktubu), 06.05.2021, 07.05.2021, 11.08.2021, 21.12.2021-ci il tarixlərində cavablandırılıb.
Cavabların üçü məktublarda qeyd edildiyi kimi aidiyyəti vətəndaşlara, üçü isə Milli Məclisə göndərilib.
Ümumilikdə isə 2021-ci il ərzində Milli Məclisdən Nazirliyə 6367 məktub daxil olub ki, onların hər biri nazirlik tərəfindən araşdırılaraq cavablandırılıb. Milli Məclisin iclaslarında da hörmətli deputatlarımız tərəfindən nazirliyin bu sahədə operativ fəaliyyəti daim təqdir olunub”.