Əbülfəs Qarayevin “cəhənnəmə göndərdiyi” sabiq rəis bəraət istəyir | DEFAKTO.AZ Əbülfəs Qarayevin “cəhənnəmə göndərdiyi” sabiq rəis bəraət istəyir – DEFAKTO.AZ

Əbülfəs Qarayevin “cəhənnəmə göndərdiyi” sabiq rəis bəraət istəyir

170

Hüquqşünas: “Sabiq nazir də Zakir Sultanovun yanında əyləşməli idi”

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində verilən apelyasiya şikayəti üzrə məhkəmə icraata verilib. Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Zakir Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələri yada salmaqda fayda var. Zakir Sultanovun sözlərinə görə, mənimsənilən pulların çoxunu o, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib. Hətta məhkəmə dövründə də Zakir Sultanov dəfələrlə Əbülfəs Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib. Lakin onun vəsatətləri təmin edilməyib.

Azərbaycanda  mütəşəkkil cinayətkarlıq, irimiqyaslı korrupsiya halları baş vermiş dövlət qurumlarının bəzi rəhbərləri, məsələn sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan fərqli olaraq, cinayət məsuliyyətinə cəlb edilməyib. Məsələn, keçmiş rabitə naziri Əli Abbasov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən azad edilsələr də, həbs edilməyiblər. Baxmayaraq ki, adıçəkilən dövlət qurumlarının yüksək rütbəli məmurları ən ağır cinayətlərdə ittiham edilərək, məhkum edilib. Bu ittihamlar sırasında dövlətin yüz milyonlarla əmlakını mənimsəmə, quldurluq, adam oğurluğu, vəzifə saxtakarlığı və s. kimi əməllər var.

İstintaq və məhkəmə prosesləri zamanı bu məmurların cinayətə bulaşdıqlarını təsdiq edən konkret sübutlar təqdim edilib, şahid ifadələri səsləndirilib. Amma məhkəmə və dövlət ittihamını müdafiə edən prokurorluq orqanları məmurlar barəsində heç bir hüquqi addım atmayıblar.

Əbülfəs Qarayevlə bağlı şok faktlar üzə çıxdı - Korrupsiya sxemi - AzToday

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı eyni situasiya yaranıb. Zakir Sultanovun ifadələrinə əsasən, Əbülfəs Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub. Amma bu faktlar onu hətta məhkəməyə çağırmağa belə “bəs etməyib”.

Yeni məhkəmə prosesi haqda xəbərdən də göründüyü  kimi, Zakir Sultanov barəsindəki ağır  cəzanın yüngülləşdirilməsini deyil, bəraət istəyir. Bu isə o deməkdir ki, dövlətə vurduğu ziyanın 5 milyonun ödəmiş Zakir Sultanov sabiq naziri Qarayevin yaxasından asanlıqla əl çəkmək istəmir. Bəs, Əbülfəs Qarayev bu dəfə məhkəməyə cəlb edilə bilərmi?

 Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyir ki, Zakir Sultanov ifadələrində aldığı pulların yarısını Əbülfəs Qarayevə verdiyini deməklə, faktiki olaraq, cinayətini etiraf edib: “Zakir Sultanovun bəraət istəməsi qanunla qadağan deyil. Hüququdur, bəraət istəyir. Zakir Sultanov, faktiki olaraq, cinayətdə iştirak etməsini 5 milyon zərər ödəməklə də təsdiqləyib. Maraqlı məqam odur ki, həmin məbləğin tam yarısını Əbülfəs Qarayevə verdiyini deyib. Belə bir halda bəraət istəməsi məntiqsizdir. Bəraət o şəxs istəyir ki, onun heç bir günahı yoxdur. Zakir Sultanovun həqiqətən də günahı yoxdursa, niyə 5 milyon manat ziyanı ödəyib? Bəlkə həmin məbləği o yox, digər bir şəxs ödəyib? Belədirsə, Zakir Sultanov bu məsələni də açıb deməlidir. Bəlkə onun açıqlamadığı məsələlər var?”

Hüquqşünas deyir ki, istənilən halda Zakir Sultanovun şikayəti məhkəmədə araşdırılmalı, müvafiq qiymət verilməlidir: “Zakir Sultanovun dövlətə qaytardığı 5 milyon manat borc olmayıb. İş üzrə 5 milyon manat dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait olub, hansı ki, mənimsənilib. Zakir Sultanovun ifadələrində də həmin vəsaitin tən yarısının Əbülfəs Qarayevə verilməsini qeyd edir. Bu halda bəraət istəməsi gülünc görünür”.

Zakir Sultanov, hər şeyi açıq dedi.. - Azərbaycan Xalq Hərəkatı

Hüquqşünas deyir ki, Zakir Sultanov cəzasının yüngülləşdirilməsini tələb etsəydi, daha məntiqli olardı: “Zakir Sultanov məsələ qaldıra bilər ki, cinayət işi üzrə dövlətə vurulmuş 5 milyon manatlıq ziyan onun tərəfindən ödənilib. Buna görə də barəsindəki həbsli cəza şərti cəza ilə əvəzlənsin”.

Hüquqşünas deyir ki, məhkəmə dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan 5 milyon manatın mənimsənilməsində iştirak edən digərlərinin də məsuliyyət məsələsinin araşdırılmasını xüsusi qərardadla həll edə bilər: “Zakir Sultanov 5 milyon manatı təkbaşına mənimsəyə bilməzdi. Bu, sadəcə, mümkün deyil. Çünki büdcədən nazirliklərə, komitələrə ayrılan vəsaitlərə sərəncam vermək bir nəfərin səlahiyyətində deyil. Həmin məbləğlərin təyinatı üzrə xərclənməsi komanda şəklində təşkil olunur. Struktur belədir. Əgər xüsusilə külli miqdarda yeyinti, mənimsəmə varsa, deməli, büdcədən ayrılan vəsaitə əli dəyən, həmin vəsaitin təyinatdan kənar xərclənməsində iştirak etmiş hər kəs istintaqa cəlb edilməli idi. Təbii ki, vəsaitin birbaşa sərəncamvericisi olan, müəyyən istiqamət üzrə xərclənməsini imzası ilə təsdiqləyən rəhbər şəxs də sorğulanmalı, Zakir Sultanovun yanında əyləşdirilməli idi. Hətta ehtimal etsək ki, həmin xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsindən Əbülfəs Qarayevin xəbəri olmayıb, bu halda belə onun məsuliyyəti var”.

Hüquqşünas deyir ki, Azərbaycan istintaq-məhkəmə sistemində çox biabırçı bir ənənə formalaşıb: “Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev bankdakı mənimsəmələrlə bağlı həbsə alındı. O cinayətlərin törədilməsində ki Cahangir Hacıyev ittiham edilirdi, həmin ittihamlar üzrə yüzlərlə bank işçisi də həbsə alınmalı, cəzalandırılmalı idi. Bunu etmədilər, 1 nömrəli şəxsi həbs etməklə kifayətləndilər. Amma bunun əksi olan proseslər də var. Məsələn, Milli Təhlükəsizlik Nazirliyində illərlə baş verən, Azərbaycan dövlətinə, Azərbaycan vətəndaşına, Azərbaycan iqtisadiyyatına qarşı törədilən cinayətlərə görə nazir Eldar Mahmudovun ətrafında idarə və şöbələrin rəislərini tutdular. Eldar Mahmudovu isə sadəcə vəzifədən çıxardılar. Rabitə Nazirliyində də belə bir proses getdi. Əli Abbasovun ətrafında olan nazirliyin vəzifəli şəxslərini həbsə atdılar, özü isə ortalıqda gəzir. Bu gün Əbülfəs Qarayevlə də bağlı eyni durumdur. Hesab edirəm ki, bu, çox pis presedentdir. Cinayət məsuliyyətinin əsas təyinatlarından biri də budur ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısı alınsın. Bu gün isə biz cəza təyininin kiminsə seçimi ilə olur. Belə olduqda isə potensial cinayətkarda ümid yaranır ki, mənə dəyməzlər. Uzaqbaşı mən kiminsə üzünə duraram, kənarda qalaram. Bunu hansısa dövlət orqanının rəhbəri də belə fikirləşir, işçisi də. İşçi Cahangir Hacıyevin misalında belə düşünür ki, həbs, məsuliyyət məsələsi olacaqsa, rəhbərə münasibətdə olacaq. Əbülfəs Qarayevin, Eldar Mahmudovun, Əli Abbasovun misallarında isə rəhbərlər düşünürlər ki, uzağı işçiləri həbs edəcəklər, mən qalacağam kənarda. Belə gedişat isə gələcək cinayətlərin baş verməsini stimullaşdırır. Büdcə vəsaitlərinin – xalqın pulunun oğurlanmasına, talanmasına yol açır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir