Azərbaycan vətəndaşları quru yolla Ukraynadan Moldovaya keçə bilər – Rəsmi | DEFAKTO.AZ Azərbaycan vətəndaşları quru yolla Ukraynadan Moldovaya keçə bilər – Rəsmi – DEFAKTO.AZ

Azərbaycan vətəndaşları quru yolla Ukraynadan Moldovaya keçə bilər – Rəsmi

51

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynada yaşayan və hazırda bu ölkədə səfərdə olan vətəndaşlarına daha bir müraciət ünvanlayıb.

Defakto.az xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.

Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova ərazisinə keçə bilər.

Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycanın Moldovadakı Səfirliyi ilə (+373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə) və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir