Musa Quliyev: TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilsin | DEFAKTO.AZ Musa Quliyev: TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilsin – DEFAKTO.AZ

Musa Quliyev: TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilsin

305

Ölkədə səhiyyə sisteminin insanların sağlamlığının qorunmasındakı rolu və əhəmiyyəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Cəmiyyətdə bir çox hallarda vətəndaşın xəstəxanalara, xidmət keyfiyyətinə  inamsız yanaşması müşahidə olunur. Belə hallar pandemiya dövründə daha qabarıq ortaya çıxdı.  İnsanlarımızın öz sağlıqlarını yerli həkimlərə deyil, xarici ölkələrə etibar etməsi faktı, əslində, bir “SOS”dur. Bu sahədə ciddi kadr islahatına, savadlı həkim potensialına ehtiyac duyulduğu gündəmə gəlir.  Azərbaycan insanı öz xəstəxanalarının xidmətindən niyə narazıdır və bu, səhiyyə sistemində hansı islahatların aparılmasını tələb edir? Bu və ya digər məsələlərlə bağlı Defakto.az hafta.az saytına istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev maraqlı fikirlər səsləndirib.

 – Azərbaycan səhiyyəsinin mövcud durumu necədir? Səhiyyəmiz müasir standartlara cavab verirmi? Mövcud həkim-kadr potensialını necə dəyərləndirmək olar?

– Hər bir ölkənin sosial siyasətində səhiyyə mühüm yer tutur. Bu, Azərbaycanın da daxili siyasətində prioritet istiqamətdir. Şübhəsiz ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərə əlçatanlılığın təmin olunması, keyfiyyətin yüksəlməsi, dərman təhlükəsizliyi və sair kimi məsələlər həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzindədir.

Hazırda Azərbaycan səhiyyəsi islahatlar dövrünü yaşayır. Bu islahatlar da koronavirus pandemiyası ilə eyni vaxta düşdüyündən həm səhiyyənin yükü artıb, həm də islahatların gedişi bir qədər ləngiyib. Bu, obyektiv reallıqdır. Onu da qeyd edim ki, səhiyyə islahatları Azərbaycanda 15 ilə yaxındır ki, başlayıb və mərhələ-mərhələ davam edir. İlkin mərhələdə səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması, kadr təminatının, kadr hazırlığının həyata keçirilməsi, səhiyyənin idarəedilmə sisteminin müasir tələblərə cavab verilməsi və sair məsələlər ön planda oldu. Cənab Prezidentin səhiyyə ilə bağlı qəbul etdiyi 20-dən çox proqram, “İctimai tibbi sığorta haqqında” qanunun qəbul olunması, səhiyyə sisteminin dünya səhiyyə sisteminə inteqrasiya olunması, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi klinik protokolların Azərbaycan tərəfindən qəbul olunması və protokollar əsasında müayinə və müalicələrin aparılması çox ciddi islahatlardır. Cənab Prezidentin tapşırığı, birbaşa nəzarəti və rəhbərliyi ilə ölkədə 700-dən çox səhiyyə müəssisəsi əsaslı təmir olundu, yaxud yeniləri tikildi və səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, o cümlədən də müasir tibb texnologiyasının alınıb ölkəmizə gətirilməsində inqilabi dəyişikliklər baş verdi ki, bu bir faktdır.

Tibb kadrlarının hazırlanması istiqamətində də böyük işlər görülüb. Xüsusilə cənab Prezidentin 2008-2015-ci illər üzrə xaricdə təhsil proqramından yararlanan yüzlərlə gəncimiz xarici ölkələrdə, o cümlədən Almaniya və qardaş Türkiyədə yüksək tibb təhsili alaraq, uzmanlı tibb doktorları səviyyəsində mütəxəssis olaraq ölkəmizə qayıdıblar. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan səhiyyəsinin idarə olunmasında və yüksək ixtisaslı tibbi xidmətlərin həm təşkilində, həm də həyata keçirilməsində bu kadrların əvəzsiz rolu var. Eyni zamanda, Azərbaycan Tibb Universiteti də yenidən öz işini təşkil edə bildi.

Azərbaycanda rezidentura təhsilinin yüksək səviyyədə həyata keçirilməsi üçün də lazımi işlər görülməkdədir. Tibb Universiteti ilə yanaşı, Naxçıvan Universitetinin Tibb fakültəsi və Moskva İvan Seçenov adına Birinci Tibb İnstitutunun Bakı filialı da kadr hazırlığı işinə öz töhfələrini verməkdədir.

– İcbari tibbi sığorta sistemi nə dərəcədə işləkdir?

– Bütün dünyada səhiyyədə ən ağır və çətin islahatlar bir sistemdən başqa sistemə keçməkdir. Uzun illər Azərbaycan səhiyyəsi “Semaşko” modeli deyilən sovet səhiyyə sisteminin bir tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu sistemdə də yuxarıdan, yəni büdcədən, bir mərkəzdən maliyyələşdirmə mexanizmi həyata keçirilirdi. Bu da müəyyən hallarda özünü göstərmirdi.

İnsaf naminə demək lazımdır ki, bu sistemin də, xüsusən profilaktik səhiyyə sahəsində öz üstünlükləri vardı. Bütün dünya hal-hazırda səhiyyənin idarə edilməsinin, səhiyyə və tibb xidmətləri göstərilməsinin ən optimal üsulu olan icbari tibbi sığortaya əsaslanan səhiyyə modelinə üstünlük verir. Azərbaycan da artıq bu modelə keçib. Düzdür, burda bizim kifayət qədər ləngiləmələrimiz də oldu. Bu da əsasən həm tibb kadrların lazımi səviyyədə olmaması, həm də tibb müəssisələrinin adekvat cavab verə bilməməsi ilə bağlı obyektiv səbəblərdən ibarət idi. İndi artıq iki ildən çoxdur ki, icbari tibbi sığortanın ölkənin bütün ərazisində həyata keçirilməsinin şahidi və iştirakçılarıyıq. Çox təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirildiyi dövrdə dünyada baş verən bu koronavirus pandemiyası ilə üst-üstə düşdüyünə görə lazımi, arzu etdiyimiz keyfiyyətdə və miqyasda təmin edə bilməmişik.

Eyni zamanda, icbari tibbi sığirta agentliyinin yaranması, icbari tibbi sığorta agentliyinin nəzdində tibbi xidmətlərin göstərilməsi üçün TƏBİB-in yaranması, səhiyyə, icbari tibbi sığorta agentliyi ilə TƏBİB arasında funksiya bölgüsünün aparılması, müəyyən yeni kadrların idarəetmə sisteminə gəlməsi müəyyən qədər uzlaşmanın olmaması və diskomfort yaradan halların da şahidi oluruq. Bütünlükdə bunların hamısı keçilən bir yoldur, bir mərhələdir. Azərbaycan səhiyyəsinin yaxın gələcəkdə buraxılan nöqsanların aradan qaldırılması şərti ilə, bu xidmətlərin daha yüksək səviyyədə təşkil olunacağına inanıram.

– Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə yeni rəhbər təyin etdi, bütün müavinlər işdən çıxarıldı. Bu dəyişiklik nə ilə bağlı idi? Yenilərindən gözləntilər nədir?

– Səhiyyənin idarə olunmasında yüksəksəviyyəli kadrların idarəetmə işinə gətirilməsi və dünya təcrübəsini, xüsusən müasir idarəetmə təcrübəsini bilən kadrlardan səhiyyə sisteminin rəhbərliyinin təşkil olunması bizim bu cür optimist düşünməyimizə əsas yaradır. Teymur Musayev gənc səhiyyə təşkilatçılarındandır, xarici təcrübəni yaxşı bilir, xarici ölkələrdə həm təcrübə keçmiş, həm təhsil almış və Azərbaycanda özəl sektorda, həm də səhiyyə idarəçiliyində iştirak etmiş bir şəxsdir. Hesab edirəm, Teymur müəllimin baxışları, səhiyyəmizin inkişafı üçün hazırlayacağı proqram və layihələr uğurlu olacaq. Eyni zamanda, səhiyyədə uzun illər çalışmış və müəyyən qədər də öz töhfələrini və xidmətini vermiş kadrların bəziləri artıq yeni düşüncə tərzinə malik deyildilər və yeni çağırışlara da uyğunlaşmaq onlar üçün çətin idi. Görünür, məhz buna görə Teymur müəllim yeni komandanın qurulması və özünün tanıdığı, güvəndiyi şəxslərin rəhbərliyə gətirilməsi üçün təşəbbüs göstərdi. Bu təşəbbüslər nəticəsində səhiyyə nazirinin köhnə müavinləri vəzifədən azad olundu və yeni müavinlər də səhiyyə sisteminə kənardan gəlmiş insanlar deyil. Nadir Zeynalov bundan öncə bir müddət Səhiyyə Nazirliyi sistemində çalışmış, o cümlədən Səhiyyə Nazirliyinin Aparat rəhbəri olmuş, Tibb Universitetində kafedra müdiri olmuş və dərs demiş bir alim kimi öz xidmətlərini göstərir.

İlqar müəllimi də uğurlu səhiyyə təşkilatçısı və cərrah kimi tanıyıram. Digər müavin də iqtisadçı kimi, düşünürəm, səhiyyəmizin iqtisadi modelinin qurulmasında öz köməyini göstərəcək.

– Belə təkliflər var ki, Səhiyyə Nazirliyi ilə TƏBİB birləşdirilsin. Yəni bütün məsələlər bir əldən idarə olunsun.

– TƏBİB-in, İcbari Tibbi Sığorta Agentliyinin və Səhiyyə Nazirliyinin əlaqələrinin daha funksional və daha səmərəli olması üçün addımlar atılacaqdır. Gələcəkdə TƏBİB-in Səhiyyə Nazirliyində və İcbari Tibbi Sığorta Agentliyində qalması məsələsinə gəldikdə, mən bu barədə əvvəllər də öz fikrimi söyləmişəm. İslahatlar dövründə TƏBİB-in İcbari Tibbi Sığorta Agentliyinin tərkibində yaranması tamamilə məntiqli idi. Yəni köhnə səhiyyə modelinin içərisində yeni bir model qurmaq mümkün deyildi. Amma islahatlar başa çatdıqdan, xüsusən koronavirus pandemiyası bitdikdən sonra, müəyyən vaxtdan sonra TƏBİB-in ya ayrıca bir funksional qurum olaraq, yaxud da Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi daha məntiqlidir.  İcbari Tibbi Sığorta Agentliyi sifariş verən bir qurumdur. Tibbi xidmətlərin həyata keçirilməsini maliyyələşdirən bir qurumdur. Adətən, sifariş verən qurumla icraedici qurum bir əldə birləşəndə burada keyfiyyət arzuedilən səviyyədə olmur. Bu, gələcəyin işidir. Bu gün səhiyyə qarşısında duran böyük perspektivlər, eyni zamanda, böyük çağırışlar var.

– Səhiyyəmizdə dediyiniz o çağırışların uğurlu nəticələnə bilməsi üçün hansı zərurət var və hansı addımlar atılmalıdır?

– İnanıram ki, bu çağırışların uğurla nəticələnməsi üçün biz dünya təcrübəsindən, xüsusilə qardaş Türkiyənin təcrübəsindən istifadə etməliyik. Milli Məclisdə çıxışlarımın birində bu təklifi irəli sürmüşdüm. Təəssüf edirəm ki, bizim bəzi deputat həmkarlarımız bu fikrə qarşı çıxdılar. Yenə də bu fikirdəyəm ki, biz istər dərman sənayemizi, istər tibb sənayemizi və tibbi xidmətlərimizin göstərilməsini Türkiyənin tibb və dərman sənayesi ilə yavaş-yavaş inteqrasiya etməliyik, birləşdirməliyik. Bu bir millətin – iki dövlətin əldə etdiyi uğurları da paylaşması, bölüşməsidir. Bu sahədə Türkiyənin əldə etdiyi təcrübələrdən xeyli faydalana bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir