Deputatlar Zahid Orucun fəaliyyətini belə qiymətləndirdilər | DEFAKTO.AZ Deputatlar Zahid Orucun fəaliyyətini belə qiymətləndirdilər – DEFAKTO.AZ

Deputatlar Zahid Orucun fəaliyyətini belə qiymətləndirdilər

159

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) yaradılmasından 3 il ötür.

Dövlət başçısının başlatdığı islahatlar tendensiyasının fonunda ölkədəki dəyişiklikləri təhlil edən, yeni reallıqların hesabatını aparacaq rəy dövlətini yaradacaq bir qurumun, gələcəkdə həm dövlət idarəetməsində, həm də dövlət-vətəndaş müasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsində körpü rolunu oynayacaq beyin mərkəzinin – Sosial Tədqiqatlar Mərkəzinin yaradılması bu zərurətdən doğmuşdu.  STM geridə qalan 3 il ərzində bir sıra mühüm işlərə imza atıb və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Milli Məclisin deputatları Sosial Tədqiqatlar Mərkəzinin 3 ilik fəaliyyəti haqqında DEFAKTO.az-a danışıblar.

Deputat Ceyhun Məmmədov söyləyib ki, bu qurum Azərbaycan üçün xüsusi əhəmiyyəti olan qurumlardan biridir:

“Sosial Tədqiqatlar Mərkəzi dövlət siyasətinin həyata keçirilməsi istiqamətində ictimai rəyi öyrənən qurumdur. Hesab edirəm ki, Mərkəz 3 illik fəaliyyət müddətində xeyli işlər görüb. Müxtəlif sorğuların keçirilməsi, ictimai rəyin öyrənilməsi, eyni zamanda bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir. Mərkəzin qarşıda görəcəyi işlər çoxdur və inanıram ki, qarşılarına qoyduqları məqsədin yerinə yetməsi üçün əllərindən gələni edəcəklər. Gələcək fəaliyyətində də Sosial Tədqiqatlar Mərkəzinə uğurlar arzulayıram”.

Millət vəkili Fazil Musatafa hesab edir ki, elmi tədqiqat üsullarını mənimsəmiş şəxsin – Zahid Orucun Mərkəzə rəhbər seçilməsi uğurlu addım olub.

“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ciddi bir hadisə idi. Hesab edirəm ki, Azərbaycanda son illərdə verilən ən ağıllı qərarlardan biri bu qurumun yaradılması idi. Çünki bəlli proseslərin səviyyəli tədqiqatı olmadan hansısa qərarların qəbul edilməsi düzgün olmur. Bu quruma uğurlu kadr seçimi də aparılıb. Millət vəkili olmasına baxmayaraq, özünün hər bir məsələyə dəqiq baxışı olan və elmi tədqiqat üsullarını mənimsəmiş Zahid Oruc kimi səviyyəli bir insanın sədr təyin olunması kifayət qədər ciddi qərar idi. Hesab edirəm ki, özünü doğrultdu, çünki hazırlanan sənədlərin çoxu ilə mən özüm tanışam və görürəm ki, bu sahədə olan boşluqlar doldurulub. Yeni ideya və düşüncələri dövlət idarəetməsinə daşıyan, cəmiyyətin indiki durumunu ağıllı təhlil edən format seçilib və onunla işləyən çalışqan komanda yaradılıb. Bu sahədə uğurlu nəticə olduğunu düşünürəm”.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu STM tərəfindən müxtəlif istiqamətlərdə 59 sorğu layihəsinin həyata keçirildiyini diqqətə çatdırıb:

“Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması daim ölkəmizin diqqət mərkəzində olub. Keyfiyyətli kadrların hazırlanması, yerləşdirilməsi, sonra funksional islahatların həyata keçirilməsi – bunlar dövlət idarəçiliyində səmərəliliyin artırılması üçün həyata keçirilən sadə mexanizmlərdir. Mərkəz geridə qoyduğu 3 il ərzində çox genişmiqyaslı iş həyata keçirib. Məsələn, mərkəz tərəfindən 44 analitik hesabat hazırlanıb, 358 siyasət sənədi, arayış hazırlanaraq müvafiq instansiyalara təqdim olunub. Müxtəlif sahələr üzrə müxtəlif istiqamətlərdə 59 sorğu layihəsi keçirilib və bu layihələr Naxçıvan istisna olmaqla Azərbaycanın bütün regionlarını əhatə edib. Bu mərkəzin yaradılması həm də Azərbaycanda vətəndaş cəmiyyəti insitutunun inkişaf etdirilməsi üçün əlavə bir vasitədir”.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Milli Məclisin deputatı Zahid Orucdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir