Politoloq Yalçın Hacızadə: Avropa İttifaqının nümayəndələri ilə keçirilən görüşlər Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt üzrə aparılıb | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: Avropa İttifaqının nümayəndələri ilə keçirilən görüşlər Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt üzrə aparılıb – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: Avropa İttifaqının nümayəndələri ilə keçirilən görüşlər Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt üzrə aparılıb

81

Azərbaycanla Ermənistan arasında postmüharibə məsələlərinin müzakirəsi üçün fevralın 4-də Prezident İlham Əliyevin, Avropa İttifaqına sədrliyi qismində Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda təşkil edilən görüşü ötən il dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycanın və Ermənistan dövlət başçılarının iştirakı ilə keçirilmiş sülh görüşünün davamı kimi də qiymətləndirmək olar.

Defakto.az saytı azertag.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin regionda davamlı sülhün təmin edilməsi üçün açıq və vahid siyasi xətti var. Müharibənin bitməsindən sonra həm Rusiyanın, həm də Avropa İttifaqının nümayəndələri ilə keçirilən demək olar bütün görüşlər Azərbaycanın müəyyən etdiyi siyasi xətt üzrə aparılıb və bu, qəbul edilən bəyanat və razılaşmalarda öz əksini tapıb. Həmçinin fevralın 4-də keçirilən görüş zamanı da Azərbaycan Prezidentinin “biz artıq gələcəyə baxırıq, müharibə bitmişdir, status məsələsi gorbagor olmuşdur, Minsk qrupu pensiyaya göndərilmişdir” tezisinin həm Ermənistan, həm bu məsələnin müzakirəsində iştirak edən beynəlxalq təşkilatlar, həm də Fransa kimi Ermənistan “sevdalısı” olan dövlətlər tərəfindən də qəbul edildiyinin bir daha şahidi olduq. Dövlətimiz tərəfindən bu istiqamətdə aparılan siyasət nəticəsində Qarabağ və onunla bağlı ortaya atılmış “status”, ölkəmiz üçün digər qeyri-məqbul planlar müzakirədən çıxarılaraq, Azərbaycanla Ermənistan arasında sülh razılaşması, Zəngəzur dəhlizi planı, region və maraqlı ölkələrin birgə iştirakı ilə qurulacaq beynəlxalq əməkdaşlıqlar müzakirələr gündəliyinə salındı. Xarici siyasət daxili siyasətin davamıdır və bu istiqamətdə Azərbaycan dövlətinin milli mənafeyə əsaslanan, davamlı və özünü doğruldan doktrinası var. Bu siyasət də çoxşaxəli şəkildə həyata keçirilir. Azərbaycanın sülhün təmin edilməsi, regionun potensialından istifadə olunaraq uzunmüddətli iqtisadi əməkdaşlığın qurulması istiqamətində təklif etdiyi və üzərində israrla dayandığı məqsədlər region ölkələri ilə yanaşı, Avropa İttifaqının üzvləri üçün də faydalıdır.

“Avropa qitəsi enerji problemi ilə üz-üzə qaldığına görə bunun aradan qaldırılması üçün müxtəlif yollar axtarır. Bu istiqamətdə də Azərbaycanla geniş müzakirələr aparılır, əlaqələr qurulur. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Məhz bu məqsədlə fevralın 4-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin VIII toplantısı keçirildi. Toplantıda iştirak edən dövlətlərin sayı və coğrafi baxımdan fərqli mövqeləri qarşıya qoyulan məqsədin nə qədər böyük olduğunu göstərir”, – deyə politoloq bildirib.

Y. Hacızadə əlavə edib ki, toplantıda Prezident İlham Əliyevin çıxışı zamanı sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Həmçinin maraqlı dövlətlərin sayı və layihəyə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən vəsaitin ayrılması da bunu sübut edir.

Politoloq, həmçinin deyib: “Toplantıda iştirak edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson da layihənin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bildirib. Habelə uzunluğu 3500 kilometr olan boru xəttinin çəkilməsi zamanı dəf edilmiş çətinlikləri və maneələri xatırlayıb. Deyib ki, etibarlı, rəqabətli və məqbul qiymətə qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyətə yüksəlib. Əlbəttə, bütün bunların davam etdirilməsi və yeni əməkdaşlıqların formalaşdırılması üçün də regionda sülh təmin olunmalı, işğalçılıq siyasətinə son qoyulmalıdır. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, xarici siyasəti tam olaraq beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Yəni, öz marağını təmin etmək üçün kimlərinsə əzilməsindən uzaqdır. Ermənistandan bütün kriteriyalar üzrə yüksək potensiala malik olduğumuz halda müharibədən uzaq, davamlı sülhə nail olmağa çalışırıq. İqtisadi baxımdan çökmüş, coğrafi mövqeyinə görə dalanda yerləşən Ermənistan üçün beynəlxalq birgə əməkdaşlıq, inkişaf təklif edirik.

Hesab etmək olar ki, müharibədən əvvəl aparılmış siyasətin müsbət nəticəsini gördüyümüz kimi, Azərbaycan Prezidenti tərəfindən müharibənin nəticələrinin aradan qaldırılması və gələcək əməkdaşlıq istiqamətində müəyyənləşdirilmiş, bütün iştirakçılar üçün məqbul olan siyasi konsepsiyanın da qısa müddət ərzində reallaşacağının şahidi olacağıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir