Məktəblərin bağlanması tələb olunur – Hansı QƏRAR veriləcək? | DEFAKTO.AZ Məktəblərin bağlanması tələb olunur – Hansı QƏRAR veriləcək? – DEFAKTO.AZ

Məktəblərin bağlanması tələb olunur – Hansı QƏRAR veriləcək?

285

Son günlər ölkəmizdə koronavirusa yoluxma halları kəskin artıb. Yoluxanlar arasında şagirdlər və müəllimlərin də olduğu bildirilir. Xəstəliyin sürətlə yayılması valideynləri ciddi şəkildə narahat etməyə başlayıb. Onlar övladlarını məktəbə göndərmək istəmədiklərini bildirərək, təhsil ocaqlarının müvəqqəti bağlanmasını, tədrisin distant formaya keçməsini tələb edirlər.

Hazırkı vəziyyətdə məktəblər bağlanmalıdırmı? Valideynlərin haqlı etirazı ilə bağlı hansı addımları atmaq olar?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova DEFAKTO.az-a açıqlamasında bildirib ki, məktəb və universitetlərin bağlanması planda ola bilər. O məktəblərdə yoluxmaların olduğunu təsdiqləyib:

“Artıq bir neçə məktəb həm onlayn, həm də offlayn formada fəaliyyət göstərir. Doğrudur, yoluxma sayı artır, ancaq Təhsil Nazirliyinin məktəblərin bağlanması ilə bağlı heç bir qərarı yoxdur. Mənim övladlarımın oxuduğu məktəbdə də həm koronavirusa yoluxan müəllimlər var, həm də şagirdlərin çoxu xəstədir. Yoluxma sayında belə artım olsa, güman edirəm ki, biz mart ayında məktəblərin bağlanması ehtimalı ilə bağlı İctimai Şura olaraq müzakirəyə başlaya bilərik. Ancaq bu yoluxmanın sayından asılıdır. Biz hazırda yoluxanların ümumi sayını görürürük, amma neçə nəfər şagird, neçə müəllim yoluxub, bunu dəqiq bilmirik”.

Günel Səfərova düşünür ki, ciddi epidemioloji həddə çatsaq, hökumət bağlanmaqla bağlı qərar verəcək:

“Hazırda universitetlər semestr imtahanı və tətil dövründədir, ancaq dərslər başlayanda yoluxma sayının artma ehtimalı var. Məktəb və universitetlərin bağlanmağı planda ola bilər. Bunu ən yaxşı Operativ Qərargah bilər, çünki biz ixtisasca həkim deyilik. 7 min rəqəmini heç birimiz ehtimal etmirdik, kimlə danışıram, hamı xəstədir. Şəxsən mənim oğlumun iki gün hərarəti oldu, məktəbə getməyə qoymadım. Əlbəttə, yoluxma sayı belə sürətlə artsa, İctimai Şura olaraq bu məsələni qaldıracağıq ki, bəlkə, onlayn sistemə keçək. Bu formada təhsilin keyfiyyəti mübahisəlidir, ancaq hər şeydən öncə övladlarımızın sağlamlığı gəlir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir