Həbsdə olan deputat Eldəniz Səlimov vəkili İlqar Əliyevlə müqavilə bağlamaqdan imtina edib.
Defakto.az xəbər verir ki, bu barədə DEFAKTO.az-a vəkil özü bildirib.
İ.Əliyev hazırda E.Səlimovun vəkili olmadığını vurğulayıb:
“Onunla bağlı heç bir məlumat verə bilmərəm, mənimlə müqavilə bağlamayıb. Ancaq valideynlərindən məlumat ala bilərsiniz”.
Qeyd edək ki, Milli Məclisin deputatı Eldəniz Səlimov ötən il Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq edib. Deputat bu əməlinə görə 3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur. İstintaq dövründə onun hüquqlarını vəkil İlqar Əliyev müdafiə edirdi.