“Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir”.
Defakto.az AzPolitika.info saytına istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev “Facebook” hesabında yazıb.
Deputat daha sonra bildirib ki, Ramiz Mehdiyev institut direktorları ilə icra başçıları kimi davranır: “Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın Fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur”.
Etibar Əliyev daha sonra qeyd edib ki, Bakı Dövlət Universitetində (BDU) Ramiz Mehdiyevin qızı və həyat yoldaşı üçün rezidensiya yaradılıb: “Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə “Psixologiya” üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı.
Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə “Riyaziyyat” fakültəsində kafedra müdiri, müdafiə şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb.
Bir sözlə, elm bunların inhisarına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib”.