Sabiq deputat Nəriman Əliyev özünə məxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunur. N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırır.
“Qafqazinfo”ya müraciət edən həmin şirkətin keçmiş əməkdaşı Abutalıb Ağayev iddia edib ki, N.Əliyev paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi “10 C” ünvanında yerləşən boş ərazini özəlləşdirərək öz adına rəsmiləşdirib: “Orada 941.5 kvadratlıq iki mərtəbədən ibarət anbar, 132.2 kvadratlıq iki mərtəbədən ibarət ofis binası inşa edib. Bundan sonra, 2020-ci ilin aprel ayında geridə qalan boş sahəni hündür hasara almaqla bu hissədə yerləşən 37 ədəd bir neçə illik, böyük ağacları kəsərək tikinti aparmaq üçün hazır vəziyyətə gətirib. Bununla bağlı müraciətimizdən sonra mütəxəssislər əraziyə gələrək baxış keçirib”.
A.Ağayevin sözlərinə görə, N.Əliyev ağacları kəsdikdən sonra “burada ağaclar olduğu unudulan kimi tikintiyə başlayacağıq” deyib: “Ağaclar kəsilib, Hövsanda boş torpaq sahəsinə yığılıb. 37 ədəd ağacı kəsməklə ekologiyaya vurduğu ziyana görə Nəriman Əliyev cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Keçmiş deputat Nəriman Əliyev isə “Qafqazinfo”ya açıqlamasında ağac kəsdirməsi iddialarını qəbul etməyib: “O obyekt 2004-cü ildə tikilib və mənə məxsusdur, düz 16 il qabaq da onun üçün çıxarış alınıb. Bu şəxslər Ekologiya Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Hər iki qurumdan da həmin əraziyə baxış keçirilib və deyilib ki, onların iddiaları əsassızdır. Orada ağac kəsilməyib, kol-kos olub və onlar da təmizlənib”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ ilə bağlı hazırda araşdırma aparılır.
Keçmiş deputat Nəriman Əliyev əlavə edib ki, bacısı oğlu Əfqan Abdullayev və onun işçisi Abutalıb Ağayevdən polisə şikayət etdiyi üçün həmin şəxslər onu ağac kəsilməsi iddiası ilə şantaj edirlər: “Əgər belə bir hadisə olubsa, bu barədə niyə indi məlumat verirlər? Onların işi Daxili İşlər Nazirliyində İstintaq İdarəsində araşdırılır. Mən “Ştutqart” MMC-nin təsisçisiyəm və bacım oğlu Əfqan Abdullayevi də direktor təyin etmişdim. Abutalıb Ağayev də şirkətin əməkdaşı olub. Onlar birlikdə şirkətin 10 milyon manatdan çox pulunu mənimsəyiblər. Bura özəlləşəndən sonra biz şirkətə dəyən ziyan haqda məlumat almışıq və DİN-ə müraciət etmişik. Həmin işdə də bu şəxslər ittiham olunurlar. İndi buna görə də onlar məni bu yolla şantaj edirlər”.
N.Əliyevin bacısı oğlu Əfqan Abdullayev isə saytımıza açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 8-də dayısı Nəriman Əliyevlə yollarını ayırıb: “Biz hamımız oturub Nəriman Əliyevlə hesabat etmişik. “Ştutqart” MMC-nin paylarının 33 faizi mənim olub. Qalan 67 faiz isə Nəriman Əliyevdə olub.
2004-cü ildə mənim atam “Karkaz” şirkətini yaradıb və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla şərik olub. Daha sonra Nəriman Əliyev də gəlib pul yatıraraq bu işə qoşulub. Biz kasıb adamlar idik, Nərimanın isə pulu var idi. Eldar Mahmudovun obyektlərinə biz baxırdıq. 2015-ci ildə MTN-də baş verən hadisələrdən sonra Eldar Mahmudovla olan şərikliyə son qoyduq.
Daha sonra da “Ştutqart MMC”ni yaratdıq. 2021-ci ilin sentyabrında da Nəriman Əliyev bizim səhmləri alaraq pulumuzu verdi və onunla ayrılmışıq. Biz halallaşdıq, təhvil-təslim işlərini etdik. İndi oturub orada işi idarə edə bilmir deyə deyir ki, Əfqanın açdığı “Avtodetal” şəbəkəsi bizə zərər verir. Buna görə də bizə şər-böhtan atır. Guya biz oradan 25 milyon manat pul “yemişik”. Qanun-qayda var, DİN-ə məktub yazdı və mən də gedib izahat verdim. Hazırda onun işçisi olan Orxan adlı şəxs də gəlib Nəriman Əliyevin verdiyi izahatları təkzib etdi.
Heç bir cinayət işi də açılmayıb. “Ştutqart”dan kim çıxıbsa, hər birinin adına 300-500 min məbləğ yazıb. Guya ki, bu qədər pul mənimsənilib. Ən çox da mənim adıma yazılıb – 15 milyon manat. Orada anbar müdiri olan Elşənin adı siyahıda yoxdur, amma onun fəhlələri yeyintidə ittiham olunur. Əgər bu pulları fəhlə “yemişdisə”, niyə anbar müdiri olan və Nəriman Əliyevin sinif yoldaşı olan Elşən vaxtında bu barədə məlumat verməyib?”
Abutalıb Ağayev qeyd edib ki, sentyabr ayında “Ştutqart” MMC-dən çıxan 64 nəfər maaşlarını ala bilmədikləri üçün dövlət qurumlarına müraciət ediblər: “Biz 64 nəfər eyni vaxtda işdən çıxıb “Avtodetal” şirkətində Əfqan Abdullayevlə işləməyə başladıq. Nəriman Əliyev isə oradan çıxanların maaşını vermədi. Ümumilikdə bizə 76 min manat maaş verməlidir. Orada biz maaşı tam rəsmi almırdıq. Məsələn, mənim maaşım 1500 manat idi, rəsmi olaraq 226 manat alırdım, qalan pulu isə şəxsən Nəriman Əliyev özü “paket”də verirdi”.
Lamiyə Məmmədova