2022-ci ilin yanvar ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Defakto.az-a verilən məlumata görə, aparılmış çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayıdır.
Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı nisbətən soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu -11 dərəcə təşkil edib.
Son 20 il ərzində 2008-ci il yanvar ayının 1-ci həftəsində atmosfer sirkulyasiyasında dəyişiklik baş verib, orta troposferdə bərqərar olunmuş, hava axınları çox soyuq olan Sibir antisiklonunun cənub enliklərindən hərəkət etməsinə şərait yaradıb. Həmin antisiklonun təsiri nəticəsində yanvar ayının 3-dən başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişmiş, anomal şaxtalı hava şəraiti bərqərar olmuş, temperatur iqlim normasından 10 dərəcə aşağı enib, və yanvarın 8-də mənfi 8.7 dərəcə olub.
Həmin il yanvarın 7-də Bakıda ən güclü qar qeydə alınmışdır. Sutka ərzində 30 mm yağıntı düşmüşdür ki, bu da aylıq normanın 128%-ni təşkil edir. Qar örtüyünün hündürlüyü Bakıda 44 sm qeydə olub.
Atmosfer proseslərinin inkişafında isti hava kütlələri üstünlük təşkil edəndə qış mülayim və qısamüddətli olur.
Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınmış və həmin gün havanın temperaturu müsbət 22.3 dərəcə olub. Son 20 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu 20.1 dərəcə olub.
2022-ci il yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.