Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanı modernləşdirmək missiyasını uğurla yerinə yetirib” | DEFAKTO.AZ Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanı modernləşdirmək missiyasını uğurla yerinə yetirib” – DEFAKTO.AZ

Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanı modernləşdirmək missiyasını uğurla yerinə yetirib”

147

“18 il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı cənab İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir”.

Defakto.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.

“Cənab İlham Əliyevin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında böyük ustalıqla birləşdirə bilmişdir. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil etmişdir”, – Sahibə Qafarova qeyd edib.

Son 18 il ərzində Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoyub, ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişib: “Möhtərəm Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu ölkəmizin müasir inkişafını təmin etmişdir. Əgər Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirərək, Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi qoruyub yeni minilliyə uğurla çıxarmışdısa, möhtərəm Prezident İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirmiş, inkişaf etdirmiş, ölkəmizi regionun lider dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni əsrin əvvəllərində keçid iqtisadiyyatı ilə vidalaşaraq yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlamış, postsovet ölkəsi fazasından çıxaraq yüksək inkişaf proqnozları ilə irəliləyən innovativ və modern iqtisadiyyata malik ölkə kimi inamla inkişaf etmişdir.

Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft sektorunun sabit inkişafının təmin olunması kimi başlıca strateji vəzifələr uğurla yerinə yetirilmişdir”.

Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir: “Azərbaycanda iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Başqa sözlə, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. Möhtərəm Prezidentin prinsipiallığı bu sahədə də ciddi uğurların əldə olunmasını təmin etmişdir. Onun “Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik” fikri ölkənin liderinin demokratik proseslərinin ardıcıllığının və dönməzliyinin təmin edilməsi ilə bağlı tələbkarlığının ifadəsidir. Müasir Azərbaycan 1993-cü ildə “Yolumuz demokratiya yoludur” deyən Ulu Öndərin görmək istədiyi respublikaya çevrilmişdir”.

Milli Məclisin Sədri qeyd edib ki, bu gün hakimiyyətin bütün qollarında – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində dərin islahatlar həyata keçirilir: “Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi və siyasi dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, söz və məlumat azadlığının təmin olunması, məhkəmə-hüquq sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini şərtləndirmişdir.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm Prezident İlham Əliyevin dilindən dəfələrlə səslənən bu fikir ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyətini çox dəqiq ifadə edir. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycan xalqı əmindir ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin qayəsini “xalqa ləyaqətlə xidmət etmək” prinsipi təşkil edir”.

Ötən 18 ildə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verib: “Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən, vətəndaşların ali mənafeyinin üstün tutulduğu uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Möhtərəm Prezident İlham Əliyevin cari il oktyabr ayının 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalaması, bir neçə gün öncə isə yeni sərəncam və fərmanlarla əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir