“TikTok” Trampı məhkəməyə verir | DEFAKTO.AZ “TikTok” Trampı məhkəməyə verir – DEFAKTO.AZ

“TikTok” Trampı məhkəməyə verir

259

Çinin onlayn video mübadilə xidməti “TikTok” ABŞ Prezidenti Donald Trampı məhkəməyə verir.
DEFAKTO.az-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, buna səbəb D. Trampın ABŞ ərazisində “TikTok”a faktiki qadağa qoymasıdır.
“TikTok”un bu gün yaydığı bəyanatda bildirilir ki, avqustun 24-də məhkəməyə müraciət olunacaq.
Qeyd edək ki, D. Tramp avqustun ortalarında fərman imzalayıb. Fərmana əsasən, “TikTok” onlayn video mübadilə xidməti və “Musical.ly” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti 90 gün ərzində ABŞ-da “TikTok” xidmətini dəstəkləyən bütün aktivlərdən imtina etməli, o cümlədən “TikTok” və “Musical.ly” vasitəsi ilə əldə olunmuş istifadəçilər barədə məlumatları silməlidir. D. Trampın avqustun 6-da imzaladığı digər fərmana görə, amerikalılar 45 gün ərzində “ByteDance” şirkəti ilə istənilən işgüzar əlaqəni dayandırmalıdırlar.
ABŞ Prezidenti bu fərmanlarını ölkəsinin milli təhlükəsizliyini qorumaq üçün imzaladığını bildirir. D. Tramp “TikTok” vasitəsi ilə amerikalı məmurların və şirkətlərin məlumatlarının casusluq məqsədi ilə əldə edilərək Çin hökumətinə ötürülməsindən şübhələnir.
“ByteDance” şirkəti ABŞ-ın ittihamlarını rədd edir. Eyni zamanda şirkət hazırda ABŞ-dakı aktivlərinin satılması üçün “Microsoft”la danışıqlar da aparır.
Qeyd edək ki, ABŞ-da 175 milyon, dünyada isə 1 milyarddan çox  “TikTok” istifadəçisi var. “TikTok” əsasən gənclər arasında məşhurdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir