“Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanla müqaviləni imzalayıb”.
Defakto.az bildirir ki, Ermənistanın bəzi KİV-ləri, o cümlədən “Rastark” saytı xəbərlər yayaraq vurğulayıblar ki, məhz bu razılıqdan sonra Azərbaycanla Ermənistan arasında atəşkəs anlaşması əldə olunub.
“Zəngəzur dəhlizi açılandan sonra Nikol Paşinyan istefa verərək Ermənistanı tərk edəcək”, – “Rastark” yazıb.
Bu iddialar bir qədər absurd təsir bağışlayır, çünki Zəngəzur dəhlizinin açılması və bölgədə regional nəqliyyat kommunikasiyalarının bərpası ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərindən biridir.
Nikol Paşinyanın da guya “istefa verərək Ermənistanı tərk edəcəyi” barədə xəbər dezinformasiyadır və şübhə yoxdur ki, bu “məlumat”ın sifarişçisi Ermənistanın sabiq prezidenti Robert Köçəryandır.
Məhz R.Köçəryan srağagün N.Paşiyanı istefa verərək ölkəni tərk etməyə çağırmışdı. Nikol Paşiyan isə istefa vermək niyyətində deyil: tam əksinə, o, hakimiyyətini daha da möhkəmləndirməyə, sabiq prezidentlər Serj Sarqsyanla Robert Köçəryanın koalisiya qurmalarına mane olmağa çalışır.
Zəngəzur dəhlizinə gəldikdə isə, bu layihənin reallaşması N.Paşinyanın istəyindən və ya Ermənistanın mövcud siyasi isteblişmentinin mövqelərindən asılı deyil.