Turançılıq ideyası reallaşır, Pakistan Türk Şurasına daxil olarsa… – Müsahibə | DEFAKTO.AZ Turançılıq ideyası reallaşır, Pakistan Türk Şurasına daxil olarsa… – Müsahibə – DEFAKTO.AZ

Turançılıq ideyası reallaşır, Pakistan Türk Şurasına daxil olarsa… – Müsahibə

299

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev teleqraf.com-un suallarını cavablandırıb.

Defakto.az saytı həmin müsahibəni Sizə təqdim edirik:

– Razi bəy, Türk Birliyinin artıq güc müstəvisində formalaşan yeni formatının proseslərə təsir imkanlarını necə qiymətləndirirsiniz?

– Bu platforma türk dövlətləri üçün planetimiz üzərində dayanıqlı mərkəzə çevrilir. Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşü, onun bir təşkilata çevrilməsi X əsrdən bəri qəlbimizdə daşıdığımız turançılıq ideyasının daha böyük variantda sivil və dünyanın qəbul edəcəyi bir tərzdə həyata keçirilməsidir. Bu, daha böyük uğurdur. Proses uzun çəksə də, arzuladığımız bir reallıq yaranıb. Bizlər bundan sonra yalnız deyilik. Kürəyimizi söykəyəcəyimiz, inana biləcəyimiz bir təşkilat artıq formalaşıb. Bununla birlikdə biz gələcəyə doğru addımlaya bilərik. Növbəti mərhələdə bura yeni dövlətlər də daxil olacaq. Pakistan, Ukrayna, Bosniya-Hersoqovinanı da burada görmək imkanımız ola bilər. Digər dövlətlərin də burada olacağına ümidlərimiz olduqca böyükdür. Türk dövlətləri təşkilatı artıq türk dövlətlərinin Avropa Birliyi formatında bir platformasıdır.

Bu, Avropa Birliyi zəminində qurulan ölkələri mədəni, iqtisadi, siyasi, humanitar, hüquqi cəhətdən birləşdirən bir birliyə çevriləcək. Artıq türk dövlətləri arasındakı sərhədlər, gömrük rüsumları götürüləcək. Bununla da ümumi iqtisadi, siyasi mərkəzdə vahid birliyə nail olunacaq. Hətta gələcəkdə hava limanlarında belə türk dövlətlərinin vətəndaşları üçün ayrıca bir pəncərələr açılacaqdır ki, bununla da o ölkələrin vətəndaşları üçün fərqli bir yoxlama tətbiq edilə bilər. Bu da qarşılıqlı əlaqələrin, səfərlərin, iş imkanlarının genişlənməsi demək olacaq. Eyni zamanda bu, XIX əsr türk, müsəlman dünyasının böyük düşüncə sahiblərindən olan İsmayıl bəy Qaspiralının dediyi bir yoldur. Biz artıq bu yola çıxmışıq. Bu yol dildə, fikirdə, əməldə birliyi ehtiva edir. Məhz bu baxımdan Azərbaycan türk dövlətlərinin təmsil oldunduğu bir təşkilatda daha gözəl addımlar ata biləcək. Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevə Təşkilatın Ali Ordeni təqdim edildi. Dövlət başçısı bunu Azərbaycan xalqına verilən bir dəyər kimi qiymətləndirdi. Sözsüz ki, bu, Azərbaycanın adına verilmiş bir dəyər idi. Bu bizim bir xalq, millət kimi formalaşmağımızın və dövlətçilik ənənələrimizi demək olar ki, bərpa etdiyimizin bir nümunəsinə çevrildi.

– Zəngəzur dəhlizinin türk birliyinə, dövlətlərarası əlaləqələrə təsir imkanlarını necə dəyərləndirirsiniz?

– Azərbaycan və Türkiyə daha çox Zəngəzur dəhlizi ilə bağlı səylər göstərirdi. Artıq Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Zəngəzur dəhlizinin açılması həm də onların bir körpüsünə, koridoruna çevrilir. Bu, artıq digər türk dövlətlərinin gündəminə daşınıb. Azərbaycanın böyük uğuru məhz bundan ibarətdir. Belə yanaşmalar Zəngəzur dəhlizinin açılmasına da mühüm töhfə kimi dəyərləndirilə bilər.

– ABŞ-ın “demokratiya sammiti” ilə bağlı ölkələri ayrı-ayrı qütblərə bölməsini ikili standartların növbəti dalğası kimi dəyərləndirmək olarmı?

– Ümumiyyətlə, dünya güclərinin yaratdığı ədalət tərəzisi çoxdan pozulub. O ədalət tərəzisi artıq “ölçünü düz çəkmir”. Ona görə də, yeni bir ədalətli yanaşmaya ehtiyac var. Dünyada həmin o güclərin və ABŞ-ın yaratdığı ikili standartlar aradan qaldırılmalıdır. Bunu da nə ABŞ, nə də digər ölkələr etməlidir. Bunu yeni yaranmaqda olan, artıq bir gücə çevrilən ölkələr edəcək. Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT platformasında və digər tribunalarda dünyanın “beşdən” ibarət olmadığını deyib.

Məhz bu səbəbdən də BMT Təhlükəsizlik Şurasının da tərkibində olan dövlətlərin tərkibi dəyişdirilməlidir. Bu say daha da böyüməlidir. 5 dövlət dünyanın taleyi ilə bağlı qərar verməməlidir. Bu dövlətlər dünyada ədaləti tarazlaşdırmaqda aparıcı güc olmamalıdır. İndi yeni güc mərkəzləri yaranır. Bundan sonra dünya düzəni məhz bu yaranmaqda olan yeni güclərin imkanları ilə formalaşacaq. Ona görə də, ABŞ tərəfindən Azərbaycanın, Türkiyənin və digər dövlətlərin “demokratiya sammitinə” dəvət olunmaması yanaşmalardakı ziddiyyətləri ortaya qoyur. Kim deyə bilər ki Türkiyə demokratik dövlət deyil və yaxud Ermənistan daha demokratikdir?! Məhz bu səbəbdən də bu cür yanaşmaların özü böyük suallar yaradır. Elə bu cür yanaşmalarla demokratik dəyərlərin üzərinə də kölgə salınmış olur.

– Ermənistan tərəfinin son günlər həm Laçın dəhlizində, həm də sərhəd xəttindəki təxribat cəhdləri nəyə hesablanıb?

– Biz bu cür təxribatlarda yeni imkanlar tapmalıyıq. Ermənistan belə təxribatlarla Azərbaycana əlavə tədbirlər görməyə rəvac verir. Məsələlərə bu prizmadan da yanaşmaq olar. Eyni zamanda burada rus sülhməramlıları ilə bağlı da məsələlər gündəmə gəlir. Çünki bir çox məsələlər məhz sülhməramlıların nəzarət etdiyi ərazilərdə baş verir. Bu baxımdan da məsələləri bir qədər bu prizmadan da qiymətləndirmək lazımdır. Amma ümumilikdə bu cür təxribatlar Azərbaycan xalqının daha da birləşməsinə, güclənməsinə, səsimizin daha ucadan eşidilməsinə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir