Yalçın Hacızadə: “Azərbaycan özünün və Türk dünyasının böyük problemini şərəflə həll etdi” | DEFAKTO.AZ Yalçın Hacızadə: “Azərbaycan özünün və Türk dünyasının böyük problemini şərəflə həll etdi” – DEFAKTO.AZ

Yalçın Hacızadə: “Azərbaycan özünün və Türk dünyasının böyük problemini şərəflə həll etdi”

93

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII zirvə toplantısı Türkiyənin İstanbul şəhərində keçirildi. Əvvəlcədən bildirildiyi kimi, bu toplantıda təşkilatın adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” (TDT) oldu. Təşkilatın VII zirvə toplantısında rəhbərlik Azərbaycana keçmişdi, indi isə rəhbərlik Türkiyəyə verildi. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər üzv ölkələrin də rəhbərləri iştirak etdi. Ümumilikdə götürsək, türkdilli dövlətlərlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərliyi dövründə təşkilatın formalaşması, inkişafı baxımdan böyük işlər görüldü. Təşkilat həm də özünü sınaqdan keçirmiş oldu. Belə ki, Azərbaycan 2020-ci ildə özünün, həmçinin bütün Türk dünyasının böyük problemini şərəflə həll etdi.

Defakto.az azertag.az saytına istinadən xəbər verir ki, bu sözləri açıqlamasında

Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə deyib.

Partiya sədrinin müavini bildirib ki, Azərbaycan və Türkiyənin münasibətləri təşkilata üzv olan digər dövlətlər üçün örnəkdir. 30 ilə yaxındır ki, bizim qardaş Türkiyə ilə münasibətlərimiz “bir millət, iki dövlət” konsepsiyasına əsaslanaraq qurulub və inkişaf edir. Bu istiqamətdə iqtisadi, siyasi, mədəni sahələrdə çox işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin hər iki dövlətin hökumət üzvləri müxtəlif tədbirlərdə, platformalarda bir-birini müdafiə edir, haqq səslərini dünyaya çatdırırlar. Bəzən “bir millət, iki dövlət” şüarı və konsepsiyası digər dövlətlər tərəfindən ciddi qarşılanmır, sadəcə sözdə olduğu, heç bir təsir gücünün olmadığı təzahürü yaradılırdı.

Lakin ötən il 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Qələbədən sonra imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini həyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, elmdə, mədəniyyətdə, mediada, texnologiyada, birgə beynəlxalq münasibətlərdə, iqtisadiyyatda, ən əsası birgə müdafiə və təhlükəsizlik sahəsində daha da birləşdirdi.

Əlbəttə, bütün bunlar digər türkdilli dövlətlərin bu təşkilata olan marağını və güvənini artırdı. Həmçinin, birmənalı olaraq demək olar ki, Azərbaycanın Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu gün Azərbaycanın qazandığı qələbədən ilhamlanaraq bu yolu getmək istəyən dövlətlərin sayı artmaqdadır.

O, vurğulayıb ki, bugünkü adı ilə Türk Dövlətləri Təşkilatına 6 türk dövləti və müşahidəçi kimi Macarıstan daxildir. Türk Dövlətləri Təşkilatına beynəlxalq təşkilat kimi fəaliyyət göstərməsi üçün bütün lazımi sahələr formalaşdırılıb. Türk Dövlətləri Təşkilatının bu şəkildə formalaşması ona digər beynəlxalq təşkilatlara üzv olmağa və ya müşahidəçi kimi iştirak etməyə imkan verəcək. Bu da üzv dövlətlərin mənafeyinin beynəlxalq münasibətlərdə qorunmasını təmin edəcək.

Təşkilata daxil olan dövlətlərin ümumi əhalisi 150 milyondan, ərazisi də 4,5 milyon kvadrat kilometrdən çoxdur. Təşkilata daxil olan ölkələr, həmçinin böyük enerji resurslarına və digər təbii sərvətlərə, o cümlədən əlverişli geostrateji mövqeyə malikdirlər.

Bütün bunlar təşkilat üzvlərinin inkişafında müstəsna rol oynamaqla bərabər, üzv dövlətlərə ayrı-ayrılıqda ola biləcək təzyiqlərin qarşısını alacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir