CƏLİLABAD RAYON AĞSAQQALLAR ŞURASININ BƏYANATI | DEFAKTO.AZ CƏLİLABAD RAYON AĞSAQQALLAR ŞURASININ BƏYANATI – DEFAKTO.AZ

CƏLİLABAD RAYON AĞSAQQALLAR ŞURASININ BƏYANATI

145


Böyük qürur hissi ilə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan vətəndaşlarının sevimlisi və hamisi möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək müasir dövrün tələblərinə və reallığına uyğun mahiyyət və keyfiyyətcə dəyişərək yeni bir mərhələyə qədəm qoymuşdur. Cənab Prezidentimizin rəhbərliyi sayəsində Respublikamızın beynəlxalq aləmdə iqtisadi-siyasi nüfuzu və çəkisi artmış, regionda lider dövlətə çevrilmişdir.
Bunun bariz nümunəsi Ali baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun doğma Qarabağımızın işğal altında olan torpaqlarının 44 gün ərzində azad etməsi, dünyaya “Qarabağ Azərbaycandır!” kəlməsinin sözdə deyil əməldə özünü göstərməsi və bütün dünya dövlətlərinə qəbul etdirilməsidir.
Respublikamızda insanların həyatına təsir edən, düşüncəsini və baxışını dəyişən yeniliklər çoxdur. Bu gün işğaldan azad edilmiş Qarabağda geniş miqyaslı quruculuq işləri getdiyi, Pandemiya fəsadlarının aradan qaldırılması və onunla mübarizə aparıldığı bir zamanda bəzi insanların əl-ayağa dolaşması, hakimiyyətin iri miqyaslı mütərəqqi tədbirlərinə özünə müvafiq düşüncə ilə kölgə salması dərin təəssüf doğurur. Son zamanlar sosial şəbəkələrdə rayon rəhbərliyi ilə yanaşı bir sıra dövlət məmurlarına, o cümlədən hüquq-mühafizə orqanları rəhbərlərinin ünvanına ləyaqətsiz, heç bir ədəb çərçivəsinə sığmayan sözlər eşidilməkdədir.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinə yeni icra Başçısı təyin olunmuşdur. Yeni təyin olunmuş İcra Başçısı vəzifəsinin icrasına başladığı gündən əhalinin sosial-iqtisadi vəziyyəti, sakinləri düşündürən məsələlərlə daim maraqlanır. O, gündəlik olaraq, xüsusilə şəhid və qazi ailələri ilə görüşüb söhbətlər aparır, şəhidlərin il dönümlərində şəxsən iştirak edir, insanların arzu və təkliflərini dinləyib onların həlli ilə bağlı müvafiq tədbirlər görür. Sakinlər müraciətlərə həssaslıqla baxılmasından, arzu və təkliflərinə diqqət yetirilməsindən razılıq edərək, rayon ərazisində başlanmış quruculuq-abadlıq işlərini dəyərləndirirlər. Mövcud çətinliklərə baxmayaraq qaldırılan məsələlər olduğundan sakinlərdə məmnunluq hissi yaradır. Rayon icra hakimiyyətinin başçısı vətəndaşların istək və arzularının bundan sonra da nəzərə alınacağını, bütün problemli məsələlərin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi hər bir görüşdə vurğulayır. Son zamanlar Rayon əhalisinin asayişinin qorunmasında, günahkarın günahsızdan fərqlənməsində, cinayətkarlığa qarşı amansız mübarizədə və bu işin həyata keçirilməsində əhəmiyyətli işlər görülməsinə baxmayaraq rayona yeni təyin olunmuş Polis rəisinə və onuun kollektivinə qarşı təhqir, alçaltmaları, şər və böhtanları mübarizə metodu kimi istifadə edənlərə təsadüf olunur. Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri vaxtaşırı olaraq şəhid ailələrini ziyarət edir, qazilərlə görüşlər keçirir və onların ehtiyaclarını dinləyərək özlərinə müvafiq təqdirdə köməklik göstərirlər.
Hətta şəxsi maraqları naminə bütün müqəddəs dəyərləri tapdalayan, anti-Azərbaycan şəbəkə ilə sıx iş birliyinə gedən Saməddin Məmmədov kimi şəxslər utanıb-çəkinmədən Azərbaycanın milli maraqlarına xidmət edən dövlət məmurlarını təhqir edir, məlum internet-TV-lərdə çıxış edərək böhtan xarakterli materiallar paylaşırlar. Bizə elə gəlir ki, bu, təkcə mənəviyyat və əxlaq məsələsi deyil, eyni zamanda psixoloji problemdir. Dolunu boşaldıb boşa təpik atanlar, çörəyi yeyib tabağa tüpürənlər, ana torpağın üstündə şər toxumu səpənlər, bərəkətinə haram qatanlar, yetənə yetib,yetməyənə daş atanlar xalqın və millətin adını batıranlardır.
Saməddin Məmmədov həmdə Cəlilabad şəhərində Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Malik Həsənov və onun məsul dövlət postunda çalışan qardaşı Kərəm Həsənov haqqında böhtanlar yağdırır, xoşagəlməz fikirlər söyləyir. Cəlilabad camaatı, o cümlədən rayonun ağsaqqalları hər iki şəxsin rayon əhalisinə göstərdikləri diqqət və qayğını həmişə görür və qiymətləndirirlər. Onlar mütəmadi olaraq rayon sakinkləri ilə təmasda olur, vətəndaşlara hər sahədə lazımi kömək göstərir, xüsusilə Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə maddi və mənəvi dəstək olurlar.
Saməddin Məmmədov və ailə üzvlərinin hərəkətləri rəhbər işçilərin və tanınmış insanların ünvanına şər və böhtandan, qarayaxmadan başqa bir şey deyildir. Biz ağsaqqallar hesab edirik ki, haqq-ədalət deyilən ali divan var. Bu baxımdan Saməddin Məmmədov və ona züy tutanlar bəd əməllərinə görə ədalət məhkəməsi və xalqın qəzəbi qarşısında cavab verməlidirlər. Ataların yaxşı bir məsəli də var: “ Su çanağı suda sınar” və ya “ Yalan ayaq tutar yeriməz”.
Bəyanat Rayon Ağsaqqalları Şurasının 9 noyabr 2021-ci il tarixli iclasında qəbul olunmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir