“2003-cü ildə xalqa demişdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı alacağıq” | DEFAKTO.AZ “2003-cü ildə xalqa demişdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı alacağıq” – DEFAKTO.AZ

“2003-cü ildə xalqa demişdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı alacağıq”

64

“2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib. 

Dövlət başçısı bildirib ki, uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermədi: “Nəticə sıfra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı. Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər 30 ilə yaxın bizim torpağımızı işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. 

Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır. Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcə artdı”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir