Azərbaycanlı deputat Musa Quliyevə beynəlxalq təşkilatda vəzifə verildi | DEFAKTO.AZ Azərbaycanlı deputat Musa Quliyevə beynəlxalq təşkilatda vəzifə verildi – DEFAKTO.AZ

Azərbaycanlı deputat Musa Quliyevə beynəlxalq təşkilatda vəzifə verildi

59

Oktyabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 57-ci iclası keçirilib.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirə QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvləri Musa Quliyev və Ramin Məmmədov qatılıblar.

Onlayn iclası açan QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini Nikolay Skorik (Ukrayna) gündəliyi təqdim edib. Gündəliyin qəbulundan sonra parlamentarilər komitənin 56-cı iclasının protokolunu təsdiqləyiblər.

Sonra Xarula Kefalidu (Yunanıstan) “Pandemiyadan sonra Qara dəniz regionunda təhsil sahəsində əməkdaşlığın məqsəd və vəzifələri” mövzusunda komitənin məruzəsini təqdim edib. Məruzəçi COVİD-19 pandemiyası şəraitində dünya ölkələrinin, o cümlədən Qara dəniz regionu dövlətlərinin təhsil sistemində yaranmış vəziyyətdən bəhs edib. Məruzəçi hökumətlərin yeni şəraitə çevik cavab vermələrini qeyd edərək, təhsildə yeni texnologiyaların tətbiqinin, distant və hibrid təhsil formalarının təkmilləşdirilməsinin, təhsilin fasiləsizliyinin təmin olunmasının və digər qabaqcıl təcrübələrin davam etdirilməsinin vacibliyindən danışıb.

Sonra milli nümayəndə heyətlərinin təmsilçiləri də öz ölkələrinin təhsil sisteminin pandemiya şərtlərinə uyğunlaşma prosesi barədə danışıblar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qlobal pandemiya dövründə Azərbaycanda teledərslərə start verilməsi, Virtual Məktəb platformasının tətbiqi kimi təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkədə bütün təhsil pillələrində distant təhsil təcrübəsinin daha geniş tətbiqinin, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmininin, texnoloji vərdişlərin aşılanmasının inkişafı kimi tədbirlərlə təhsilin fasiləsizliyi, əhatəliliyi təmin olunub.

Müzakirələrdən sonra parlamentarilər həm  məruzəni, həm də məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər. İclasda həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin yeni sədri seçilib.

Sonda komitənin növbəti 58-ci iclasının tarixi, yeri və gündəliyi aydınlaşdırılıb. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində qaçqın axınları nəticəsində yaranan böhranların sosial təsirləri” növbəti iclasın əsas mövzusu kimi müəyyənləşdirilib. Mövzu üzrə məruzəçi Milli Məclisin deputatı Ramin Məmmədov təsdiq edilib.

Onlayn iclasın yekununda QDİƏT PM-in Baş katibi Asəf Hacıyev təşkilatın qarşıdakı tədbirləri ilə bağlı bəzi məsələləri komitə üzvlərinin diqqətinə çatdırıb, indiyədək komitəyə sədrlik edən Mətin Gündoğduya (Türkiyə) məhsuldar fəaliyyətinə görə təşəkkürünü bildirib, yeni seçilən komitə sədrinə uğurlar arzulayıb.

XXX

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 12 oktyabr 2021- ci il tarixdə keçirilən 57- ci sessiyasında “Koronovirus pandemiyası və postpandemiya dövründə təhsil sahəsində əməkdaşlıq” mövzusunda məruzə dinlənilib.

Defakto.az xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev ölkəmizdə pandemiya dövründə təhsil sahəsində görülən tədbirlər barəsində Komitə üzvlərinə ətraflı məlumat verib.

İclasda təşkilati məsələyə də baxılıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Komitə sədri vəzifəsinə seçilib. Musa Quliyevin namizədliyi Azərbaycan, Türkiyə və Serbiya nümayəndə heyətləri tərəfindən irəli sürülüb. Onun namizədliyi bütün iştirakçılar tərəfindən dəstəklənib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir