“Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə…” – Professor | DEFAKTO.AZ “Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə…” – Professor – DEFAKTO.AZ

“Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə…” – Professor

400

Son həftələrdə koronovirus statistikasında müsbət tendensiya müşahidə olunur. Eyni zamanda Rusiyada vaksinin qeydiyyatdan keçməsi insanlarda virusa qalib gəlmək üçün ümidi ikiqat artırır.
Bu və digər məqamlarla bağlı həkim-professor Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Doktor, hazırda yoluxma statistikasında rəqəmlər azalmağa doğru gedir. Necə düşünürsünüz, virusla vidalaşırıq, yoxsaq təhlükə hələ qabaqdadır?
– İnşallah vidalaşacağıq, çox uzun dövr qalmayıb. Hər halda rəsmi rəqəmlərdə bu tendensiyanın olması ürəkaçan haldır. Payızda ikinci dalğanın olması ehtimalı qalır, bütün dünya buna hazırlaşır. O baxımdan da Azərbaycanda müəyyən çarpayı resurslarının olması vacibdir. Digər tərəfdən də evdə müalicə alan xeyli ambulator xəstə var. Onlar qeydiyyata düşmür və rəsmi rəqəmlər situasiyanı tam əks etdirmir.
Bununla yanaşı, karantin davranışları əsas məsələlərdən biridir. İndi bəzi sahələrin fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Qapalı sahələrdə, marketlərdə, mağazalarda insanların karantin qaydalarına ciddi əməl etməsi mühüm şərtdir. Məsələn, marketdə səliqə ilə bütün qaydalara riayət edənlərlə yanaşı, maska çənədə marketin içində gəzənlər də var, onlara söz deyən də yoxdur, özləri də məsuliyyət hiss etmir. Bu səbəblə insanları içəri buraxdıqları zaman ciddi nəzarət etməlidirlər. Kim ki, buna əməl etmirsə, xəbərdar edilməli, lazım olduqda cəzalandırılmalıdır. Çünki karantin davranışlarına əməl etməsək, yenidən sərt karantin rejimi ilə üz-üzə qala bilərik.
– İkinci dalğadan söz açdınız. Sizcə, ikinci dalğa iyun ayında yaşadığımız situasiyadan daha gərgin olacaq?
– Düşünmürəm. Çünki virus mutasiyaya uğrayaraq gedir və mutasiya prosesində xeyli zəifləyir. Koronavirusun əvvəlki illərdəki növləri də zaman keçdikcə zəifləyib yoxa çıxırdı. COVID-19-un suporadik xarakter alaraq 8-9 ay sonra yoxa çıxacağı proqnozlaşdırılır.
– Karantin rejimi mərhələli şəkildə yumşaldılır ki, yoluxma sayında artım müşahidə etməyək. Sizcə, qarşıdakı dövrdə hansı yumşaldılma tədbirləri tətbiq olunmalıdır?
– Hesab edirəm ki, qaydaların belə mərhələli yumşaldılması may ayında baş verənlərdən sonra ehtiyatlılıq xarakteri daşıyır. Amma sırf karantin təlimatları olsaydı… Məsələn, insanlar marketin tutumuna uyğun sayla buraxıla bilər., oradan çıxdıqca yeni müştəri daxil olsun. Market girişində dayanan şəxslər buna nəzarət etməlidirlər. Girişdə əllərin dezinfeksiya olunması, insanın maskada gəzməsi, sosial məsafə gözləməsi vacibdir. Bu təlimatlar davamlı aparılsa, insanlarda vərdiş halını alar. Bunlar daha əvvəl olsaydı, həyatımız axarına qayıda bilərdi. Çünki əsas olan karantin davranışlarıdır. Bu, bioloji müharibə kimdir.
– “Microsoft” şirkətinin qurucusu Bill Qeyts pandemiyanın zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın yerdə qalan hissəsində 2022-ci ilin axırında bitəcəyini söyləyib. Sizin bu barədə fikirləriniz necədir?
– Hesab edirəm ki, bu, Sars virusunun analoqudur. 2002-ci ildə koronavirusun Sars, daha sonra Mers adlı formaları meydana gəldi. Bu virus quruluş baxımından Sara virusuna analojidir, buna görə də Sars-2 adlanır. Sars-1 virusu 6-7 ay çəkdi, bu virusun isə 8-9 ay çəkməsini proqnozlaşdırırıq. Bu rəqəmlər uydurma deyil. Virus sürətlə mutasiyaya uğrayır və bu prosesdə zəifləyərək təsirini itirir. Artıq elə bir hala gəlir ki, ya orqanizmdə lövbər salır, ya da tamamilə yox olur. Birinci ehtimal çox azdır.
– Hazırda dünya mütəxəsssisləri arasında çimərliklə bağlı iki zidd fikir hökm sürür: Bir tərəf çimərliklərin virus mənbəyi olduğunu, digəri isə virusla mübarizədə heç bir təhlükəsi olmadığını deyir. Sizcə, hazırkı vəziyyətdə Azərbaycanda çimərliklər təhlükə mənbəyi hesab oluna bilərmi?
– İnsanların çimərlikdə bu cür davranışı təəssüf doğurucudur. Çimərlik illərdir ki, insanların getdiyi yerdir. Elə mənzərə yaranıb ki, sanki ilk dəfədir oranı görürük. Çimərliklər özəlləşdirilib. Özəlləşdirilən sahibkarlar birbaşa borcludurlar ki, obyeklərinə tutum sayına uyğun insan buraxsınlar. Burada tamahkarlıq, təmanna vəziyyətin ziyanına işləyir. Heç kim düşünməsin ki, hansısa bir qayda ilə öz gəliri ilə işini yaxşılaşdırmış olsun. İkinci dalğa baş versə, biz yenə əziyyət çəkəcəyik. Bunu düşünmək lazımdır.
– Hazırda vətəndaşları ən çox narahat edən mövzulardan biri toyların bərpasıdır. Necə düşünürsünüz, hazırkı vəziyyətdə toyları bərpa etmək olar?
– Toylarla bağlı məsələ çətindir. Əgər əvvəlki kimi insanlar səhər saat 5-dən toplaşıb gecə saat 1-ə qədər süfrə arxasında əyləşəcəklərsə, oynayacaqlarsa, kondisioner altında toy davam edəcəksə, bu, çox risklidir. Yox, əgər toylar açıq havada, sosial məsafənin gözlənilməsi ilə qısamüddətli olsa, bu vəziyyətdə toyları həyata keçirmək olar. Bununla bağlı ciddi təlimatlar hazırlanmalıdır.
– Rusiya dünyada ilk koronavirus peyvəndini qeydiyyata aldığını açıqladı. Sizin vaksin barədə fikirləriniz nədən ibarətdir?
– Qətiyyən illüziyalara qapılmaq olmaz. Rusiya istəyir ki, belə hadisələrdə önə keçsin. Təsəvvür edin ki, dünyanın ən müasir texnologiyalarına sahib olan Amerika, Yaponiya, Almaniyada hələ də bununla bağlı ciddi işlər gedir. Bu mənada Rusiyada vaksinin hazırlanması real deyil. “Arbidol” dərmanı da rusların dərmanı idi. Onunla 3 milyarda yaxın pul qazandılar, amma mənasız bir şey idi. O dərmanın koronavirusa heç bir aidiyyatı yoxdur. İnsanlar panikaya düşməsinlər və qətiyyən belə xəbərlərə inanmasınlar. Vaksin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmasa, bu məsələdə önə çıxmaq, o vaksini almaq olmaz. Bu, yalnız kommersiya fəaliyyətidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir