“Az qalıb, hamısının ağa babası bir gün üzr istəyəcək…” | DEFAKTO.AZ “Az qalıb, hamısının ağa babası bir gün üzr istəyəcək…” – DEFAKTO.AZ

“Az qalıb, hamısının ağa babası bir gün üzr istəyəcək…”

6

Başlarında hamıdan seçilən papaq, uzun qapqara geyim, əllərində təsbeh, dillərində məclisdəki heç kəsin anlamadığı dua. Yas məclislərinin, ehsanların ən başında, xüsusi hörmət və ehtiramla düzülmüş yumşaq döşəklərdə oturub, yumşaq yastıqlara dirsəklənən, yeməyin onlar üçün xüsusi çəkilmiş ən yağlı tikələrindən pinti saqqallarına yağ axıda-axıda, acgözlüklə yeyən, arada bir yenə də heç kəsin anlamadığı dildə, başa düşülməyən sözlər mızıldanıb, məclisi sözün bütün mənalarında yola verən varlıqlar.

Qarşılarında oturanların avam olduğuna tam əmin olduqdan sonra ağlına və ağzına gələni danışar, məclisdəkiləri sakitcə durub onu dinləməyə vadar edər, hərdən səbəbsiz hiddətlənər, qarşısındakıları aşağılayar, bəzən hətta təhqir edərlər. Elə ki, məclisə ziyalı, oxumuş adam girdi, dərhal özlərinə çəki-düzən verər, sözlərinə sərhəd qoyar, bir anda ipə-sapa yatarlar. İşdi özlərindən ağıllısının, savadlısının məclisdə olduğunu bilsələr, tez- tez üzləri o adama dönər, sözlərinə təsdiq almaq üçün pauza verib gülümsəyər. Elə ki, məclisdəki ziyalı, özündən ağıllı olduğunu bildiyi adam həm də imkanlı, yəni güc sahibi oldu, sözləriylə, gözləriylə, hərəkətləriylə yaltaqlanar, “quyruq bulayarlar”…

Dövlət başçısının yerli televiziyalara yanvarın 7-si verdiyi müsahibədəki “əyalət mollası” ifadəsi mənim gözüm önünə bu mənzərəni gətirdi. Mənə elə gəldi ki, Prezident əslində bu ifadə ilə bizim bütün düşmənlərimizə ümumiləşdirilmiş bir ad verdi. Onların mahiyyətcə kim olduğunu bu söz birləşməsi ilə ifadə etdi. “Əyalət mollası”- bu bəzən məsciddə xütbə verdiyi zaman ağzının qatığını dağıdan İranın dövlət məmurudur, bəzən təyyarəmizi yanlışlıqla (bəlkə daha düzgün ifadə etsək, qələt eləməklə) vuran Rusiyanın saqqalı özündən məşhur, “küçə uşağı” ritorikası ilə danışan muxtariyyət rəhbəridir, bəzən də Avropanın göbəyində insan haqlarını, beynəlxalq hüququ özünə sərf etməyəndə zibil qutusuna atıb, sərf edəndə əlində bayraq edib üstümüzə gələn dövlət başçısıdır. Amilidir, Kadırovdur, Makrondur. Fərqli qiyafələrdə, fərqli dinlərdə, fərqli dillərdə, amma eyni mahiyyətdə.

Di gəl, biz yazının əvvəlində təsvir etdiyim məclisdəki avamlar deyilik daha. İndi biz o məclislərin hörmət göstərilən, dəyər verilən, öz yeri və rolu olan iştirakçısıyıq. İndi biz özümüzə qarşı edilən “qələt”lərə görə onlardan “üzr istəməyi” tələb edən və bunu elətdirən tərəfik.

İranın göbəyində səfirliyimizə düzənlənən terror aktında da, Rusiya səmalarında “qələt edilib” vurulan təyyarəmizdə də ən çox bir şey aydın oldu, bu xalqın hər bir övladı öz dövləti, öz xalqı naminə özünü qurban verəcək qəhrəmandır. Hadisələr nə qədər fərqli olsa da, səfirlik hücumundakı mühafizəçi ilə təyyarə hadisəsindəki pilotlar bir o qədər oxşar idi. Fərqli hadisələrin oxşar qəhrəmanları onlarla adamın həyatını xilas etməkçün dəqiqələrlə çox böyük mərdlik və fədakarlıq göstərərək mübarizə apardı. Və bacardılar! Öz canları və qanları bahasına hadisədən ən az itki ilə çıxılmasına nail oldular. Vətəni, vətəndaşı, dövləti naminə son damla qanlarına kimi “vuruşdular”. Heyif ki, təyyarə hadisəsindəki qəhrəmanlarımız, səfirlik hücumundakı qəhrəmandan fərqli olaraq qazi yox, şəhid oldular. Lakin, ən əsası odur ki, bu dövlət öz qəhrəmanlarının da, sıravi vətəndaşlarının da arxasında duracaq qədər qüdrətlidir. Dövlət naminə axan qan heç bir halda yerdə qalmır. Düşmənlərə rəğmən, minlərlə “əyalət mollasına” rəğmən…

(Yeri gəlmişkən, müsahibədə İranda səfirliyimizə edilən hücumla bağlı danışan dövlət başçımız İran dövlətinin əslində nə qədər qeyri-səmimi, lap açıq desək riyakar olduğunu konkret faktlarla göstərdi. Özünü böyük, güclü, “regionun ağası” sayan bir dövlət ikinci adamı səviyyəsində, öz dövləti adına söz verir, di gəl bu söz hələ də yerinə yetirilmir. Özlərindən soruşsan, yəqin deyəcəklər ki, “Baba, o sözü verən adam öldü də, ta yoxdu ki…” Belə olanda gərək “min illlik dövlət” iddiasında olanlara dövlətçilikdən, dövlət ənənəsindən dərs keçəsən. Ya da eləcə sual edəsən ki, “Babaaa, bir yaxşı fikirləşin, o vertalyotda ölənlər adamlar idi, yoxsa dövlətin özü???”)

İndi biz o əyalət mollalarından da, onların havadarlarından da qat-qat güclü, əzmliyik. Bəziləri bunu yaxşı bilir, “biz olan məclislərdə” hərəkətinə də, sözünə də fikir verir. Bəziləri isə zamanla anlayacaqlar. Geci, tezi var, onlar da quyruq bulayacaqlar. Çünki “əyalət mollası”nın xarakterində var, yuxarıda yazdığım kimi. Dövlət başçısı da məhz bu baxımdan məsələni konkretləşdirirdi: “O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir”.

Daha bundan açıq necə deyilsin ki, bizim baş qoşacağımız adam əyalət mollası deyil, o dövlətin başçısıdır, “onu ora təyin edən adam”dır. Necə ki, digər “əyalət mollası”- Kadırov, təyyarə hadisəsində min oyundan çıxdı, iranlı “tərəfdaşı” Amili kimi canlı yayım açdı, ucadan- ucadan danışıb özünü tərəf kimi göstərmək istədi, amma sonunda üzrü Rusiyanın dövlət başçısı istədi.

Şəxsi həyatda hamıdan daha çox ədalətsizdirlər. Məsciddə qardaşlıqdan danışarlar, həyatda qardaşları ilə yola getməzlər.

Minbərlərdə susuz qalanlara ağlayarlar, minbərdən düşərək gedib qonşunun suyunu kəsərlər. Minarələrdən “ədalət, haqq” bağırarlar, elə ki yerə yendilər, min oyundan çıxıb, min haqsızlıq edərlər. El içində zinanı lənətləyərlər, tənhalığa keçdilərmi, siğə axtararlar.

Budur İranın əyalət mollalarının əsl üzü. Budur bizim bütün düşmənlərimizin xarakteri. Hamısı belədir, bu ağılda, bu düşüncədə, bu fikirdədirlər. Amma ki daha keçməz. Az qalıb, hamısının “təyin edəni”, ağa babası bir gün üzr istəyəcək.

Onda baxarıq hələ, üzrü qəbul edirikmi?

Çingiz Özgür




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir