Dönər üçün ət yalnız bu yerlərdən alına bilər – Qərar | DEFAKTO.AZ Dönər üçün ət yalnız bu yerlərdən alına bilər – Qərar – DEFAKTO.AZ

Dönər üçün ət yalnız bu yerlərdən alına bilər – Qərar

35

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

“Qafqazinfo” xəbər verir ki, bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qəbul olunmuş Qərarda əksini tapıb.

Qərara əsasən,

– ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir;

– çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud çiy dönərin hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda aşağıdakı ardıcıllıqla yuyulub təmizlənməlidir:

– ət qalıqlarından mexaniki təmizlənməli;

– fırça, soda və ya digər yuyucu maddələrdən istifadə edilməklə 40 C-dən aşağı olmayan temperaturlu su ilə yuyulmalı;

– 65 C-dən aşağı olmayan temperaturlu suda yaxalanmalı;

– istifadəsinə yol verilən dezinfeksiyaedici maddə ilə dezinfeksiya edilməklə təmiz su ilə yaxalanmalı;

– stellajlarda yaxud barmaqlıqlı rəflərdə saxlanmaqla qurudulmalı;

– istifadədən əvvəl mütləq təmiz suda təkrar yaxalanmalıdır;

– çiy ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi bölmələri fərqli ət partiyalarının qarışdırılmasına və emal prosesinin fərqli mərhələlərində olan xammal və yarımfabrikatların təmasına imkan verməyən, bir-birindən ayrı bölmələrdə həyata keçirilməlidir;

– emal olunduğu müəssisədən alınaraq digər müəssisələrdə dövriyyəsinin izlənilə bilməsi məqsədilə çiy dönərin emalını həyata keçirən müəssisə tərəfindən Qanunun 27-ci maddəsinin tələbləri əsasında sənədləşmənin həyata keçirilməsi təmin olunmalıdır.

– texnoloji proseslərin həyata keçirilməsində sanitariya normalarına və qaydalarına əməl edilməsinin effektiv təminatı məqsədilə Qanunun 38.6-cı maddəsində göstərilən müddətdə Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə (HACCP) əsaslanan prosedurlar tətbiq olunmalı və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sistemi təşkil edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir