Taksi qərarı qüvvəyə mindi | DEFAKTO.AZ Taksi qərarı qüvvəyə mindi – DEFAKTO.AZ

Taksi qərarı qüvvəyə mindi

43

Nazirlər Kabinetinin taksilərlə bağlı tələbləri bu gündən qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, qüvvəyə minən tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək.

Başqa sözlə, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün ötən 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Sözügedən tələblər qüvvəyə mindiyi üçün bu gündən Bakıda ciddi taksi azlığı müşahidə edilir. İstənilən istiqamətə olan sifarişlərdə maşın tapmaq çətinləşib. Bununla yanaşı, taksi operatorları qiymətləri də artırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir