Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır” | DEFAKTO.AZ Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır” – DEFAKTO.AZ

Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”

22




“Azərbaycan ötən ilin sentyabrında öz ərazi bütövlüyünü tam bərpa edəndən və Qarabağın, həmçinin ətraf rayonların işğalına son qoyandan sonra Bakı və İrəvan sülh sazişinin bağlanılması üçün unikal imkan əldə ediblər. Çünki sülh yolunda ən böyük maneə – ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni hərbi mövcudluğu məsələsi – öz həllini tapdı. Bu səbəbdən bu gün tərəflər heç bir zaman olmadığı qədər sülhə daha yaxındırlar”.

DEFAKTO.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Bakı və İrəvanın sülh sazişinin bağlanmasına həmişəkindən daha yaxın olması ilə bağlı dediklərini şərh edib.

Onun sözlərinə görə, aprelin 19-da delimitasiya üzrə komissiyaların son iclasında Ermənistanın Qazaxın ötən əsrin 90-cı illərindən işğalda saxladığı dörd kəndindən qoşunlarını çıxarmasına razılaşması azı üç nöqteyi-nəzərdən çox vacibdir:

“Birincisi, qərar üçüncü tərəfin iştirakı olmadan, Bakı və İrəvan arasında birbaşa ikitərəfli danışıqlar əsasında verilib. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan siyasi iradə olacağı təqdirdə məsələləri həll etmək vəziyyətindədirlər. İkinci məsələ, Ermənistanın ilk dəfə Azərbaycanla müharibə nəticəsində deyil, diplomatik danışıqlarla işğala son qoymaq qərarına gəlməsidir”.

E.Əmirbəyov üçüncü məsələnin də mahiyyət etibarilə çox vacib olduğunu bildirib:

“Qərarla, həmçinin, Azərbaycanın Ermənistanın güc tətbiq etməklə qalan məsələləri həll etməyi planlaşdırmaları ilə bağlı əsassız iddiaların qəbuledilməz və əsassız olduğu sübuta yetirilib. Ermənistan və onu dəstəkləyənlər tərəfindən süni şəkildə yaradılan və hələ də davam etdirilən bu narrativ sülh prosesinin perspektivlərinə dağıdıcı təsir göstərir. Ona görə də ümid edirik ki, 19 aprel qərarı sübut edəcək ki, Azərbaycanın Ermənistana qarşı güc tətbiq etmək istəyi yoxdur və biz qalan məsələləri sülh danışıqları yolu ilə həll etməyə hazırıq”.

O vurğulayıb ki, sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələr aradan qaldırılmalıdır:

“Birincisi, Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipinə şəksiz hörmətə əsaslanmasından çıxış ediriksə, İrəvan sülh sazişinin mahiyyəti ilə hazırda Ermənistan qanunvericiliyində, o cümlədən Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarının yer aldığı, “Qarabağ Ermənistanın bir hissəsidir” sözlərinin qeyd olunduğu Konstitusiyası arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün lazımi addımlar atmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın özünün Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etdiyini nəzərə alsaq, bu uyğunsuzluq aradan qaldırılmalıdır.

Sülh yolunda ikinci çağırış ondan ibarətdir ki, biz, həqiqətən, ümid edirik ki, Ermənistan Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsinin açılmasına mane olmaqdan əl çəkəcək. Bu, sülh sazişinin dəyərini və onun effektivliyini artırar. Blokada hələ də davam edir və baş nazirin 3,5 il əvvəl üçtərəfli atəşkəs sazişini imzalayarkən üzərinə götürdüyü öhdəliyi pozur”.

Prezidentin nümayəndəsi sülh prosesinə mənfi təsir göstərən daha bir mühüm məqamın regiondankənar bəzi aktorların Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək, yeni ayırıcı xətlər çəkmək və bölgəni yeni nüfuz sahələrinə bölmək üçün sülh prosesini pozmaq və sülh perspektivlərini təhlükə altına atmaq cəhdləri olduğunu qeyd edib.

“Burada biz Qərb tərəfdaşlarının birtərəfli hərbi yardım, Ermənistanın tamamilə qeyri-şəffaf, eksklüziv, hətta deyərdim ki, ayrı-seçkilik yolu ilə hərbiləşdirilməsi yolu ilə İrəvanın hərbi potensialını gücləndirməyə yönəlmiş bəzi son təşəbbüslərini nəzərdə tuturuq. Çünki Azərbaycanın öz hərbi potensialını gücləndirməsi üçün eyni imkanlar verilmir. Müvafiq olaraq, ümid edirik ki, bu cəhdlərə son qoyulacaq, Cənubi Qafqaz regionuna, ən azı Azərbaycan və Ermənistana inklüziv, ayrı-seçkilikdən kənar yanaşma tətbiq olunacaq, tərəflərə eyni imkanlar veriləcək. Bu baxımdan, təbii ki, bəzi Aİ ölkələrinin silah tədarükü nəinki Cənubi Qafqazın hərbiləşdirilməsinə gətirib çıxarır, həm də növbəti silahlanma yarışına səbəb ola və sülhün əldə olunması perspektivlərini ciddi şübhə altına ala bilər”, – deyə Prezidentin nümayəndəsi əlavə edib.