Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı | DEFAKTO.AZ Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı – DEFAKTO.AZ

Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı

20




Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

DEFAKTO.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən R.Əfəndiyev, X.Rüstəmov və R.Əsədov barəsindəki həbs qətimkan tədbiri daha bir ay uzadılıb. Xuliqanlıqda ittiham olunan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov isə azadlığa buraxılıb.

Vüqar Kərəmovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı təmin edilməyib və onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Vüqar Kərəmov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və üç tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.

Belə ki, ilkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.