Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür | DEFAKTO.AZ Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür – DEFAKTO.AZ

Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür

31

Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, pedaqoq, ssenaristi İsmayıl Şıxlının doğum günüdür.

DEFAKTO.az xəbər verir ki, sənətkar 1919-cı il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 1934-1936-cı illərdə Qazax Pedaqoji Texnikumunda təhsil alıb. Texnikumda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olub. Qazax Pedaqoji Texnikumunu bitirdikdən sonra 1936-1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali təhsilini bitirib.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belarus cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra 1946-cı ildə altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib. 1946-1949-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant olub. Müəllim, baş müəllim işləyib. Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb.

1976-1978-ci illərdə “Azərbaycan” jurnalında baş redaktor, 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilib. 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.

1949-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1984-cü ildə Azərbaycan SSR xalq yazıçısı, 1976-cı ildə Azərbaycan SSR komsomolu mükafatı laureatı, 1954-cu ildə filologiya elmləri namizədi, 1986-cı, 1990-cı illərdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı olub.

İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

İctimai işlərdə fəal çalışıb. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqının idarə heyətinin üzvü seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının tərkibinə daxil edilib.

 Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi”(1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini alıb.

1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 28 yanvar 2019-cu ildə Azərbaycan Prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.