Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” – VİDEO | DEFAKTO.AZ Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” – VİDEO – DEFAKTO.AZ

Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” – VİDEO

10


“Mənim həmişə səsim olub. 24-25 yaşımda həyat yoldaşımdan ayrıldım. Qohum-əqraba mənə çox təzyiq etdi ki, ayrılma. Ona görə mən qohumların 50 faizini itirdim. Düşündüm ki, oxumağa başlasam, onları tamamilə itirərəm. Mən də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra gəlib meyvə-tərəvəz satılan topdansatış yerində işlədim. Kartof təmizləyəndə bir mahnı oxumuşdum. Uşaqlar çəkib “TikTok”a yerləşdirmişdilər. Video internetə yüklənəndən 3 gün sonra bütün sosial şəbəkələrdə məşhurlaşdım. Məni efirə dəvət etdilər”.

Bunu Moderator.az-a bazarda kartof təmizləyərkən oxuduğu ifaları ilə məşhurluq qazanan Elnarə Vahidova deyib.

O, daha sonra məşhurluğun ona pul qazandırmadığını deyib.

“Tanınmaq mənə yetmədi, o gün, bu gün işimi də itirdim. 4-5 ay efirdə olduğum üçün meyvə-tərəvəz yerinə başqasını işə götürdülər. Məşhurluğumdan zərbə aldım, pul qazanmadım, toylarım olmadı. Mən istərdim ki, yenidən efirə qayıdım. Yenə də köhnə işimə qayıtmışam. Bu günlərdə “Salam mənim cavanlığımın oğrusu” mahnısını ifa etdim. Bu mahnı məni yenidən tanıtdı. Fəhlə işləyirəm, qışın soyuğunda betonun üstündə, istidə asfaltın üstündə oluram. İşim meyvə-tərəvəz çeşidləməkdir. Yaxşı bir müəllim istəyirəm ki, mənə toy repertuarını öyrətsin, toylara gedim. Mahnıları yalnız qulaq asmaqla öyrənirəm. Çox əziyyət çəkirəm. O qədər köməyə ehtiyacım var ki”, – deyə Elnarə Vahidova deyib.

Elnarə Vahidova bildirib ki, bir neçə sənətkarımızdan dəstək istəsə də, həmin şəxslər ona köməklik etməyib.

“Mənim Xalq artisti Alim Qasımova böyük hörmətim var. Şamaxı-Şirvan məktəbinin ağsaqqalıdır. Onunla görüşdüm. Dedi ki, mən toylara getmirəm, toya getsəm, sən bir bayatı oxusan, səni dünya tanıyar. Bir neçə il bundan əvvəl Nazpəri Dostəliyeva və Mələkxanım Əyyubova ilə görüşmək üçün bir musiqi məktəbinə getdim. Nazpəri xanım orada yox idi. Bir mahnı oxudum, Xalq artisti Canəli Əkbərov içəridən gəldi. Dedi ki, nə gözəl səsdir! Mələkxanım Əyyubova heç mənə tərəf baxmadı da. Maraqlanmadı ki, bu oxuyan kimdir?! Elnarə Abdullayeva ilə də görüşmüşəm. Mənə kömək etmək əvəzinə dedi ki, get 300 manat tap ver bir müəllimə, sənə hərfləri öyrətsin. Elnarə deyərdi ki, gəl 300 manat verib, səni müəllim yanına aparacağam. Ən azından bunu edə bilərdi Elnarə! Heç biri mənə dəstək olmayıb. Hətta əməliyyatım üçün Elnarə Abdullayevdan 150 manat pul istədim, vermədi. Halbuki 500 manat düzətmişdim, 150 manat çatmırdı. Bu gün Şamaxı musiqi məktəbinin heç bir yetirməsi mənə dəstək olmayıb”, – deyə müsahib bildirib.