Bir neçə aydır İrəvana sığınan Qarabağ separatçılarının rəhbərləri yenidən aktivləşiblər. Keçmiş qondarma rejimin “deputat”ları 1988-ci il hadisələrinin ildönümünü qeyd ediblər. Tədbirə qatılan şəxslərin səsləndirdikləri fikirlər baş nazir Nikol Paşinyan hökumətini yenidən hərəkətə keçirib. Məsələn, keçmiş separatçı qurumun “spikeri” Artur Tovmasyan yenidən fəaliyyət göstərəcəklərini açıqlayıb. Bundan əlavə, “fraksiya”ların nümayişkaranə şəkildə “Yerablur” hərbi panteonuna getməsi, Metakse Akopyanın, Vahram Balayanın sərsəm açıqlamalarından sonra Ermənistan iqtidarı tərəfindən atılan addımlar artıq N.Paşinyanın səbir kasasının dolduğunu göstərir. Hələ bir neçə ay əvvəl Ermənistan hökuməti bəyan etmişdi ki, ölkə ərazisində heç bir başqa dövlətin rəsmi qurumları, (söhbət separatçı rejimin qurumlarından gedir-müəl) fəaliyyət göstərə bilməz. Samvel Şahramanyan parlamentin 44 günlük müharibəni araşdıran komissiyaya dəvət edilərək sorğu-sual edildikdən sonra separatçıların səsi kəsilmişdi. Mesaj aydın idi, istənilən artıq-əksik səs uzunmüddətli həbslə cəzalandırılacaq.
Amma son günlər Ermənistanda baş verən hadisələr, kilsənin açıq-aşkar baş nazirə qarşı fəaliyyətə keçməsi görünür keçmiş qondarma rejimin tör-töküntülərinin iştahasını artırıb. Bu sıraya eyni zamanda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bu yaxınlarda Qarabağ və Paşinyan hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirləri, müxalifətin vahid cəbhədə birləşmə səylərini də əlavə edə bilərik. Serjin də uzun fasilədən sonra yenidən aktivləşməsi Ermənistanda son dövrlər yaşanan xaosla əlaqədardır. Sərhədyanı ərazilərdə yerli sakinlərin narazılığı, ardı-arası kəsilməyən etirazlar, etiraz nümayişləri keçmiş siyasətçini də hərəkətə keçirib. Sarkisyan açıqlamaları ilə xalqa və elektorata mesaj ötürərək, hakimiyyəti dövründə belə halların yaşanmadığını qeyd etməklə yanaşı, 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən kütlələri ittiham etməkdən də çəkinməyib. Ümumiyyətlə, siyasi cəhətdən meyit sayılan bu şəxslərin zaman-zaman baş verən qarışıqlıqlarda boy göstərməsi, özünü xatırlatması artıq erməni siyasətinin ayrılmaz tendensiyasına çevrilib.
Sadalananlar təbii ki, hakim komandanın da nəzərindən yayınmayıb və Şahramanyanı cəzalandırmaq üçün düyməyə basılıb. Çünki hakimiyyət anlayır ki, ölkədə narazılıq getdikcə artır. Daxili sosial və iqtisadi problemlərin həll edilməməsi hər gün narazı kütlənin daha da artmasına səbəb olur. Vanadzor və Lori mahallarında artıq yetişməkdə olan xalq üsyanlarından faydalananlar sırasında şübhəsiz ki, qarabağlı separatçılar da olacaq.
Qarabağdan köçən ermənilərin bu mahallarda da sıx məskunlaşdığını nəzərə alsaq, etiraz dalğalarında barmağı olanlar sırasında Şahramanyan dəstəsinin də olduğunu anlamış olarıq. Eyni zamanda, istənilən etiraz və kütlə özbaşınalığı bu şəxslərin mənafeyinə xidmət edir və faydalanmaq üçün an gözləyirlər. Bununla yanaşı, Paşinyanın Samvelə qarşı cəza maşınının işə düşməsində başqa məqamlar da var. Hər zaman olduğu kimi, siyasi səbəblərlə yanaşı, iqtisadi maraqları da qeyd etmək yerinə düşər.
Birincisi, Samvel vədini pozaraq, separatçı rejimin “parlamenti”ni yenidən aktivləşdirməyə cəhd edib. Bir sıra fraksiyaları yenidən “Yerablur”a səsləyən erməni “lider”in könlündən keçənləri baş nazir aparatında oturanlar da anlayır. Bu “birləşmə” ilə vahid gücə çevrilərək, müəyyən dairələrin diqqətini cəlb etmək, mümkün hakimiyyət dəyişikliyində siyasi elitada təmsil olunmaq təbii ki, Şahramanyanın arzusudur. Amma hakimiyyət orqanları da bu məsələdə duyuq düşərək, haqq-hesab çürütmək qərarına gəliblər. Elə bu səbəbdən də hakimiyyətə sadiq media mənsublarını Yerablurda S.Şahramanyana qarşı göndərərək, onun cangüdəni Aşot Danielyanı həbs ediblər. Mediaya sızan xəbərə görə, guya Aşot Danielyan jurnalistləri təhqir edib. Amma maraqlıdır ki, keçmiş idmançı narkotik vasitələrin istifadəsi və daşınması maddəsi ilə polis tərəfindən saxlanılıb. Bu, ilk növbədə Şahramanyana mesaj idi və növbəti hədəfin kim olduğunu açıq-aşkar bildirirdi. Təsadüfi deyil ki, 21 fevral tarixində Samvel Ermənistanın istintaq komitəsinə dəvət edilib. Məlum olub ki, keçmiş separatçı “lider” Qarabağdan yoxa çıxan külli miqdarda pul və dövlətə məxsus avtomobillərin mənimsənilməsi ilə bağlı açılan cinayət işi çərçivəsində dindiriləcək.
Əslində bu, gözlənilən idi. Çünki artıq bir neçə gündür Ermənistanda Qarabağ avtomobilləri ilə bağlı qalmaqal yaranıb. Məlum olub ki, 2023-cü ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatından sonra Qarabağı könüllü şəkildə tərk edən ermənilər separatçı rejimə məxsus avtomobilləri özəlləşdirərək aradan çıxıblar. İndi isə Ermənistan hökuməti bu avtomobilləri vətəndaşlardan alaraq dövlət mülkiyyətinə keçirmək üçün hərəkətə keçib. Bu məsələdən narazı qalan qarabağlılar “lider”ləri ilə məsləhətləşdikdən sonra isə məhkəmələrə axışıblar. Ortaya isə maraqlı bir mənzərə çıxıb. Məlum olub ki, bir çox avtomobil Ermənistanın müdafiə nazirliyi tərəfindən müsadirə edilib. Eyni zamanda separatçı rejimə məxsus avtomobillər də erməni hökuməti tərəfindən yavaş-yavaş müsadirə edilir. Şahramanyan və komandası isə buna kəskin şəkildə etiraz edərək, Ermənistan hökumətinin belə bir hüququ olmadığını, avtomobillərin fərdlərə bağışlanıldığını bildirib. Bu isə təbii ki, hakim komandanın xoşuna gəlməyib və Samveli ciddi şəkildə cəzalandırmaq qərarına gəlib.
Yuxarıda da qeyd edildiyi kimi, S.Şahramanyan artıq İstintaq Komitəsinə dəvət edilib. Çox güman ki, bu dəfə o, separatçı dövlətin bankından yoxa çıxan külli miqdarda pul və bir neçə milyon dollar vəsaitin hesabatını verməli olacaq. Əgər son dövrlər Paşinyan cəza maşınında korrupsiya və rüşvət maddəsi ilə müəyyən şəxsləri həbsə göndərmək “dəbi”ni nəzərə alsaq, çox güman ki, separatçı lideri də eyni aqibət gözləyir. Bununla da baş nazir gələcəkdə ciddi başağrıya çevrilə biləcək bir siyasi fiqurdan canını qurtarmış olacaq.
“DEFAKTO.az” İnformasiya Agentliyi