“Azəriqaz”ın əməkdaşına zor tətbiq edən şəxslə bağlı qətimkan tədbiri seçildi | DEFAKTO.AZ “Azəriqaz”ın əməkdaşına zor tətbiq edən şəxslə bağlı qətimkan tədbiri seçildi – DEFAKTO.AZ

“Azəriqaz”ın əməkdaşına zor tətbiq edən şəxslə bağlı qətimkan tədbiri seçildi

11


Fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə DEFAKTO.az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla qeyd edilən idarənin əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində təbii qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədovun sonunculara zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.