“Siz təkcə sərhədlərinizi və vətəndaşlarınızı deyil, həm də öz prinsiplərinizi qoruyursunuz” – MÜSAHİBƏ | DEFAKTO.AZ “Siz təkcə sərhədlərinizi və vətəndaşlarınızı deyil, həm də öz prinsiplərinizi qoruyursunuz” – MÜSAHİBƏ – DEFAKTO.AZ

“Siz təkcə sərhədlərinizi və vətəndaşlarınızı deyil, həm də öz prinsiplərinizi qoruyursunuz” – MÜSAHİBƏ

16


Azərbaycan Silahlı Qüvvələrinin (SQ) Azərbaycanın Qarabağ bölgəsində bir günə yaxın davam edən lokal antiterror tədbirləri ağ bayraq qaldıran xuntanın tam təslim olması ilə başa çatıb. Ermənistanın silahlı qüvvələri silahlarını yerə qoyub. Amma bir çox Qərb liderləri, təbii ki, erməni tərəfinin təqdimatına əsasən, Avropa Şurasının sədri Şarl Mişel kimi, narahatlığını ifadə edərək, aktiv fəaliyyət nümayiş etdilər. Fransa isə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsində təşəbbüskarlıq etdi.

DEFAKTO.az polşalı jurnalist və politoloq Yakub Koreybadan vəziyyətə şərh verməyi xahiş edib.

– Ermənistan Qarabağla bağlı məsələlərə qarışmadığını deyir, lakin erməni tərəfinə dəstək verən Qərb dövlətlərini fəal şəkildə bu məsələyə cəlb edir…

– Erməni separatçıları Azərbaycan ərazisində heç nə etməsələr də, qanunsuz əməllər törətməsələr də, sadəcə olaraq orada olsaydılar belə, onların mövcudluğu, müəyyən psevdodövlət orqanlarının fəaliyyət göstərməsi artıq beynəlxalq hüququn pozulmasıdır. Ermənistan həm bunu, həm də bu separatçıları dəstəkləməyin beynəlxalq hüquqa zidd olduğunu yaxşı anlayır. İrəvan bunu etiraf etmək istəmir, amma təcrübə elə məhz bunu göstərir. Bu hibrid müharibənin bir növüdür. Ermənistan, onların düşündüyü kimi, öz məqsədlərinə nail olmaq üçün öz üsulunu tapıb. Amma beynəlxalq siyasətin bu üsulla aparılması artıq aktual deyil. 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuzluq hökm sürüb, BMT-nin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, işğalın yolverilməzliyi, etnik təmizləmə və s. ilə bağlı bütün əsas prinsipləri tamamilə pozulub. Azərbaycan isə vəziyyəti hüquq və mənəvi prinsiplərə hörmət müstəvisinə qaytarır. 30 il ərzində dünya Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi qanunsuzluqlara göz yumaraq özünü əxlaq qaydalarına tamamilə zidd aparırdı və bu gün Bakı əxlaqlı siyasətin mümkün olduğunu göstərir. Siz təkcə sərhədlərinizi, torpağınızı, vətəndaşlarınızı deyil, həm də öz prinsiplərinizi qoruyursunuz.

– Amma belə çıxır ki, verdikləri müxtəlif bəyanatları nəzərə alaraq, bütün Qərb dövlətləri və beynəlxalq təşkilatlar bunu başa düşmürlər…

– Təbii ki, çünki Qərb ölkələri arasında dünyada ölkələrin və xalqların elə özlərinin qurduğu müəyyən iyerarxiyaya görə sıralana bildiyini hesab edən postmüstəmləkə dövlətləri var. Məsələn, fransız siyasətçiləri öz xülyalarında hələ də XIX əsr Vyana Konqresi (Napoleon müharibələrindən sonra Avropa dövlətlərinin yeni sərhədlərinin müəyyən edildiyi Ümumavropa Konfransı – red.) dövründə yaşayırlar.

– Bəs onlar tərəfdən bu necə görünür?

– Baxın, məsələn, öz aralarında digər ölkələrin və xalqların necə yaşamalı olduğuna qərar verən böyük dövlətlərin beş nümayəndəsi görüşür. Amma belə bir dünya başa çatıb, artıq belə bir dünya yoxdur, o cümlədən Azərbaycanın sayəsində. Cənubi Qafqazda postmüstəmləkə, postimperiya qaydası başa çatır. Vəziyyət zəruri reallığa – sərhədlər, bir-birinin ərazi bütövlüyünə hörmət anlayışlarına uyğunlaşdırılır. Fransa isə, görünür, öz geosiyasi oyunlarını oynamaq istəyir və bu, ilk növbədə, ermənilərin özləri üçün təhlükəlidir. Lakin Rusiya üçün olduğu kimi, Fransa üçün də ermənilər sadəcə bir alətdir. Əgər həmin Paris həqiqətən də İrəvanı müdafiə etmək istəsəydi, yəqin ki, son 30 ildə Ermənistan üçün konkret nə isə etmiş olardı. Bəlkə orada fransız kontingenti, yaxud Fransa hərbi bazası yaradılıb? Yoxsa Fransa onlara iqtisadi dəstək göstərir? Bunların heç biri yoxdur. Ancaq çoxlu bəyanatlar var.

Amma Ermənistan özü özünü Fransa siyasətinə alət kimi təqdim edir. Əlbəttə ki, Fransa elitası buna razıdır. Kim razı olmazdı ki? Əgər bu belə rahatdırsa, niyə də istifadə etməyəsiniz?

Nair Əliyev