Təlim adı ilə vətəndaş aldadılır: Nə etməli? – FOTO | DEFAKTO.AZ Təlim adı ilə vətəndaş aldadılır: Nə etməli? – FOTO – DEFAKTO.AZ

Təlim adı ilə vətəndaş aldadılır: Nə etməli? – FOTO

40


Vətəndaş avtomobil sürmək üçün müraciət etdiyi təlimçi tərəfindən aldadılıb.

Bu barədə DEFAKTO.az-ın redaksiyasına Nicat Əhmədli adlı şəxs məlumat verib.

Onun sözlərinə görə, “Instagram” sosial şəbəkəsində avtomobil sürməyi öyrənmək üçün “Sürücü Təlim Mərkəzi” adlı səhifəyə müraciət edib:

“Mən mexaniki sürət qutusu olan təlim avtomobilində idarəetməni öyrənmək istədim. Təlimçi bildirdi ki, bir dərs 20 manatdır. O qeyd etdi ki, əgər beş dərsin pulunu ödəsəm, iki dərs hədiyyə olunacaq. Mən də razılaşdım və həmin şəxsin kart hesabına 30 manat ödədim. Daha sonra o, təlim keçməmək üçün müxtəlif bəhanələr irəli sürdü. Sonda mənim nömrəmi bloka atdı”.

Sürücülük təlimçisi Adil Nəbiyev DEFAKTO.az-a açıqlamasında bildirib ki, bu kimi hallar tez-tez baş verir:

“Bəzi təlimçilər tərəfindən düzgün təlim-tədris keçirilməməsi vətəndaşlar tərəfindən haqlı narazılığa səbəb olur. Məsləhət edərdim ki, avtomobil idarə etməyi öyrənmək istəyən şəxslər bu məsuliyyətli işi mənimsəmək üçün peşəkar səviyyədə bilik və bacarığı olan təlimçilərə müraciət etsinlər. Sosial şəbəkələrdəki reklamlara aldanmasınlar. Ən azından, dərs almaq istədikləri təlimçi haqqında ətraflı məlumat öyrənsinlər. Bizim ölkədə yalnız təlimin qiymətinə baxırlar. Nəticədə insanlar aldanırlar”.

A.Nəbiyev bildirib ki, yol hərəkəti qaydalarına görə, ilkin sürmə təlimi bağlı meydançada və ya avtodromda keçirilməlidir:

“Yalnız şəxsin ilkin sürmə vərdişləri olduqdan sonra onu yolun hərəkət hissəsinə çıxarmaq olar. Sosial şəbəkələrdə reklam qoyurlar ki, tələbə birinci dəfə avtomobil idarə etdikdən sonra yola çıxdı. Bu, mümkün deyil. Bir sürücü ortalama 70 saatdan sonra yola çıxmalıdır. Tələbələrə düzgün təlim keçilməlidir. Onlar sükan arxasında stres, əsəb keçirirlər. Əgər təlimçi peşəkar deyilsə, onlar maddi və mənəvi ziyan çəkirlər”.

“Təlimçi olmaq istəyən şəxs xaricdə təlimlərdə iştirak etməli, beynəlxalq sertifikatlar almalı və kursda işləməlidir. Birinci özü təlim keçməlidir ki, təlimçi ola bilsin. Bizdə əksər sürücü vəsiqəni pulla alır və təlim keçməyə başlayır. Bəzi təlimçilərin heç nəzəri, praktiki bilikləri də olmur”, – deyə o qeyd edib.

İlhamə Əbülfət