Çexiya səfiri: “Azərbaycanda ekoturizm sahəsində də potensial görürük” – MÜSAHİBƏ + FOTO | DEFAKTO.AZ Çexiya səfiri: “Azərbaycanda ekoturizm sahəsində də potensial görürük” – MÜSAHİBƏ + FOTO – DEFAKTO.AZ

Çexiya səfiri: “Azərbaycanda ekoturizm sahəsində də potensial görürük” – MÜSAHİBƏ + FOTO

3

“Çex Respublikası Azərbaycanda investisiya layihələrində daha çox iştirak etməkdə maraqlıdır. Bu Avropa ölkəsinin şirkətləri energetika və rabitə sahəsində yaxşı təcrübəyə malikdirlər və ölkəmizdə də bunu tətbiq edə bilərlər”.

Bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek deyib. O, “DEFAKTO.az” İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasında əməkdaşlığın prioritetləri, Azərbaycan layihələrinə qoyulan sərmayələr, Çexiya hökumətinin təklif etdiyi yeni turizm marşrutlarının markalanması sistemi, eləcə də Azərbaycanın Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı roldan danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycanla Çexiya arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz? Ölkələr arasında tərəfdaşlıq necə inkişaf edir və münasibətlərdə ən vacib sahələr hansılardır?

– Ölkələrimiz arasında əla ikitərəfli münasibətlər var və biz Azərbaycanın hazırda Çexiyanın sədrlik etdiyi Aİ ilə də əla münasibətlərə malik olmasını istəyirik. Ölkələrimiz arasında ticarətin gələcək inkişafı bizim üçün prioritet məsələdir və hələ də Azərbaycanın xeyrinə olan ticarət balansını müəyyən qədər bərabərləşdirməyi hədəfləyirik.

Biz Çexiya və Azərbaycan nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında sazişin (2021) həyata keçirilməsində maraqlıyıq, xüsusən də Rusiya qazı və neftindən asılılıqdan qurtulmaq zərurətindən, Azərbaycanın bərpa olunan enerji potensialından, eləcə də ölkənizin Çexiya şirkətlərinin təklif edə biləcəyi enerjiyə qənaətli həllərə marağı fonunda.

İnsanlar arasında əlaqələrə diqqət yetirməyimiz isə heç də az əhəmiyyət daşımır, xüsusən də akademik sferada. Çexiya və Azərbaycan universitetlərində xüsusi dil və mədəniyyət mərkəzləri ölkələrimizi bir-biri üçün daha başadüşülən edərdi.


– Çex Respublikasının Milli Günü ilə əlaqədar qəbulda çıxışınız zamanı ölkənizin “yaşıl” enerji, logistika və “ağıllı şəhərlər” sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd etmişdiniz. Bu sahələrdə hansısa birgə layihələr varmı?

– İnnovativ texnologiyaların tətbiqində lider olan Çexiya şirkətləri yeni bazarlarda fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar. Azərbaycan bazarı da onlar üçün maraqlıdır. Səfirlik uzun illərdir Azərbaycan bazarındakı ixracatçılarımızın təşəbbüslərini dəstəkləyir və ikitərəfli ticarət əlaqələrini inkişaf etdirir. Bundan əlavə, “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” proqramının dərcindən sonra su ehtiyatlarının idarə edilməsi, “yaşıl” enerji və enerji səmərəliliyinə yönəlmiş bir neçə ikitərəfli layihələr nəzərdən keçirilir.

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Çexiya şirkətlərinin iştirakı ilə bağlı hər hansı plan varmı?

– Münaqişədən sonrakı yenidənqurmada iştirak etmək bizim üçün çox maraqlı olardı. Maraqlı olan Çexiya şirkətlərinin əksəriyyəti üçün bu sahədə imkanlar haqqında məlumatın olmaması problemdir. Ona görə də azərbaycanlı tərəfdaşlarımızla bu sahədə maarifləndirmə işlərini yaxşılaşdırmaq üçün müzakirələr aparırıq.

Bir neçə layihə ilkin müzakirə mərhələsindədir. İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın gələn ilin əvvəlində keçiriləcək 5-ci iclasının bu vəziyyətə əlavə təkan verəcəyini düşünürük.


Çexiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması ilə bağlı hökumətin 4 illik planının dərc olunmasını alqışlayır. Maraqlı şirkətlər qarşıdakı tenderlər haqqında vaxtında və dolğun məlumat almalarına görə məmnun və minnətdar olarlar.

– Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hansı rolu oynayır?

– Bilirik ki, Azərbaycan Avropaya neft nəqlinin təmin edilməsində etibarlı və mühüm tərəfdaşdır. Azərbaycan neftini Aİ ölkələrinə, o cümlədən Çexiyaya tədarük edən Trans-Alp Boru Kəmərinin (TAL) genişləndirilməsi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşma bizi Rusiyadan daha az asılı edir.

Aİ ilə Azərbaycan arasında enerji tərəfdaşlığı memorandumunun imzalanması onlar arasında əməkdaşlığın artan əhəmiyyətini göstərir. Memorandum Aİ-nin enerji resurslarının şaxələndirilməsi səylərində Cənub Qaz Dəhlizinin strateji rolunu vurğulayır və Azərbaycanda bərpa olunan enerji sənayesinin inkişafını sürətləndirməyə istiqamətlənib. Bu da tərəflərə iqlimlə bağlı öhdəliklərimizə uyğun olaraq “təmiz” enerjiyə doğru irəliləməyə kömək edə bilər.

Rəsmi Praqa və Bakının müvafiq dövlət qurumları bu sahələrdə ikitərəfli əməkdaşlığı vacib hesab edirlər. Xarici işlər nazirimizin 2021-ci ilin sentyabrında Bakıya səfəri zamanı enerji sahəsində Çexiya-Azərbaycan əməkdaşlığı haqqında saziş imzalanıb. Sazişin həyata keçirilməsi bu sahədə əməkdaşlığı gücləndirə, eləcə də Çexiya şirkətlərinin enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin istehsalına yönəlmiş layihələrə cəlb edilməsinə töhfə verə bilər.


– Çexiya ilə Azərbaycan arasında ticarət sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

– Ticari-iqtisadi əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir. Pandemiyanın qlobal təsirindən sonra ticarət əməkdaşlığının statistikası ticarət dövriyyəsinin tədricən bərpa olunduğunu göstərir. Biznes layihələri, sahibkarların və məmurların şəxsi görüşləri iqtisadi əlaqələrin daha da inkişafı üçün ən səmərəli vasitə hesab olunur.

Heyvandarlıq və gen mühəndisliyi sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq üçün bu ilin əvvəlində kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovun rəhbərlik etdiyi Azərbaycanın kənd təsərrüfatı ekspertlərindən ibarət nümayəndə heyəti Çexiyaya səfər edib. Bundan əlavə, oktyabrın 17-18-də Aİ-nin Çexiya sədrliyinin təşəbbüsü ilə sənaye və ticarət nazirimiz tərəfindən geoiqtisadi çağırışlar və imkanlar mövzusunda Şərq Tərəfdaşlığı Biznes Forumu təşkil edilib. Azərbaycandan olan nümayəndə heyətinə investisiya, bərpa olunan enerji və su resurslarının idarəedilməsi üzrə ekspertlər daxil idi.

2022-ci ilin ilk 9 ayının statistikası ölkələr arasında qarşılıqlı ticarətin təsirli artımını göstərir. Bu, pandemiyadan əvvəlki əməkdaşlığa qayıtma prosesinin başlanğıcı kimi qəbul edilməlidir. Çexiya Statistika İdarəsinin məlumatına görə, yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 133% artıb ki, bu da perspektivli tendensiyadır.

– Çexiya şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdırlarmı?

– Son 10 ildə Çexiyadan Azərbaycana ən mühüm investisiyalar nəqliyyat təhlükəsizliyi üzrə layihələrə olub. 2019-cu ildə flaqman layihəmizə əsasən, “Moravia Steel” şirkətinin rəhbərlik etdiyi bir qrup Çexiya şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasını başa çatdırıb.

Dəyişən dünyada Azərbaycandakı şirkətlərimiz üçün rabitə və enerji sektorlarında yeni investisiya imkanlarını gözləyirik. 2018-ci ildə Şamaxı rayonunun Qaravəli kəndində Çexiya şirkətləri tərəfindən başa çatdırılan pilot layihə enerji resurslarından səmərəli istifadə ilə bağlı əhalinin maarifləndirilməsinə yönəlib.

Çexiya “Eksimbank”ı Azərbaycan hökumətinə layihəni faydalı hesab edəcəkləri halda layihənin davam etdirilməsinin maliyyələşdirilməsi üçün kredit təklif edib. Ümumilikdə Çexiya İxrac Zəmanət Korporasiyası və “Eksimbank” yaxşı hazırlanmış layihələri dəstəkləməyə hazırdır. Söz yox ki, xaricə pul yatırmaq istəyən hər kəs ilk növbədə həmin ölkədəki hüquqi mühitlə tanış olmaq istəyir. Bu baxımdan, Ələt Azad İqtisadi Zonasında Azərbaycan hökumətinin potensial investorlar üçün zəmanət verdiyi şərtlər maraq doğurur. Səfirliyimiz Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyi ilə də əlaqədədir.

– Azərbaycanda neçə Çexiya şirkəti var və onlar hansı sahələrdə təmsil olunurlar?

– COVID-19 pandemiyası Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərə ciddi təsir göstərib. Çexiya şirkətlərinin Azərbaycana tədricən qayıtmasını artıq bu il müşahidə edə bilərik. Çexiya şirkətlərinin Azərbaycan bazarına uğurlu cəlb edilməsinə misal olaraq bu il Azərbaycan bazarına daxil olan “Sencor” brendini göstərmək olar. Azərbaycanda son zamanlar müşahidə etdiyimiz digər müsbət hal ondan ibarətdir ki, yol infrastrukturu layihələrində getdikcə daha çox Çexiya istehsalı olan “Tatra” markalı yük avtomobillərindən istifadə olunur.

– Ölkələr arasında turizm sahəsində əməkdaşlıq necə inkişaf edir? Pandemiyadan sonrakı vəziyyətlə bağlı nə deyə bilərsiniz, turistlərin sayı artıb, yoxsa azalıb?

– Onların sayı azalıb, amma aviabiletlərin bahalaşması da buna ciddi təsir edib. AZAL-ın Bakı-Praqa birbaşa reyslərini gələn ilə qədər uzatması müsbət siqnaldır. Əlbəttə, birbaşa uçuşların bütün il boyu olmasını istərdik. Həm də ona görə ki, Azərbaycana gələn çexiyalı turistlərin sayının artması əlaqələrimizə xeyir verərdi.

Qeyd etmək lazımdır ki, çexiyalı turistlərin əksəriyyəti bizimlə daha ucuz hava əlaqəsi olan Gürcüstana üz tutur. Bundan əlavə, xeyli sayda çex daha əvvəl Tbilisidən Bakıya gecə qatarı ilə gəlib.

Biz Azərbaycanda ekoturizm sahəsində də potensial görürük. Ölkənizə onun inkişafında, o cümlədən turist marşrutlarının işarələnməsi üçün Çexiya sistemini təklif etməklə kömək etməyə hazırıq.