Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar.
Defakto.az bəyanatı təqdim edir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların BƏYANATI
Məlum olduğu kimi, Fransa Senatı bu gün – noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar olaraq təəssüflə bəyan edirik ki, Fransa Senatının bu hərəkəti bizim üçün gözlənilməz deyildi, belə bir addım atılacağını gözləyirdik.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış qərəzli mövqe Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq büruzə verdi.
Biz, Azərbaycan ictimaiyyətinin avanqardı olan, əksər hallarda siyasətə məhz ərazi bütövlüyümüzə qəsdin aradan qaldırılması üçün qatılmış siyasi xadimlər unutmamışıq ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasına səbəb ilk dəfə Mixail Qorbaçovun müşaviri Abel Aqanbeqyanın 1987-ci ildə məhz Parisdə keçirdiyi görüşlərdə Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Fransadakı erməni diasporuna söz verməsi olmuşdur.
Birinci Qarabağ müharibəsinin gedişində Fransada həbsdən azad edilən ASALA terrorçuları Dağlıq Qarabağda azərbaycanlılara qarşı misilsiz vəhşilikləri ilə ad çıxarmışdılar. Terror fəaliyyəti heç kimdə şübhə doğurmayan şəxslərin kütləvi şəkildə azərbaycanlılara qarşı döyüşmək üçün Ermənistana, oradan da Dağlıq Qarabağa göndərilməsi bizim unutmayacağımız faktlardır.
Məhz Fransanın himayəsi ilə Yaxın Şərqdəki, xüsusən Livandakı erməni icması xüsusi imtiyazlar əldə etmiş, Livanda dövlət içərisində dövlətə çevrilmişdir. Fransanın himayəsi ilə Livandakı ermənilərdən formalaşdırılmış ASALA Yaxın Şərqdən terrorçular cəlb edərək azərbaycanlılara qarşı amansızlıqları ilə seçilən dəstələr təşkil etmişdir.
Azərbaycan və Fransa arasında ən yüksək səviyyədə dövlət səfərləri təşkil edilmiş, bizim ölkəmiz Fransaya böyük ümidlər bəsləyərək 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq vermişdir.
Azərbaycanda Fransanın iqtisadi maraqları maksimum təmin edilmişdir. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. 2018-ci ilin iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmiş, aparıcı fransız şirkətləri və qruplarının rəhbərləri ilə görüşlər keçirmiş, 2,2 milyard dollarlıq anlaşmalar imzalanmışdı.
Azərbaycan dövləti və Heydər Əliyev Fondu Fransada çoxsaylı mədəni layihələr icra etmiş, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr Muzeyi bərpa olunmuş, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır.
Lakin bütün bu addımlara baxmayaraq, Fransa qərəzli ermənipərəst mövqeyindən imtina etmədi, bəzi fransız şirkətləri İkinci Qarabağ müharibəsinin son anlarınadək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə davam etdi.
2018-ci ildə bir çox Fransa bələdiyyələri qondarma rejimdəki bələdiyyələrlə dostluq xartiyaları imzalamışlar. Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə bu xartiyaları ləğv etdirsə də, bu il Paris meriyası “Dağlıq Qarabağ respublikası”nı tanımaq təşəbbüsü qaldırmışdır.
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar vermiş, daha sonra saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz ölkəmizə qarşı böhtan atmışdır.
Noyabrın əvvəlində Fransanın 42 tanınmış xadimi – yazıçılar, jurnalistlər və s. prezident Makrona birgə məktub yazaraq “Qarabağ ermənilərini müdafiə etməyə” çağırmışlar.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, rəsmi Paris Ermənistanı birtərəfli müdafiə etməkdə davam edəcək.
Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Son hadisələr onu göstərdi ki, münaqişənin real həllində yalnız ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya və Minsk qrupunun üzvü olan Türkiyə maraqlıdır. Bu cür yanaşmaya, o cümlədən hər üç ölkə rəhbəri arasında dostluq və sıx əməkdaşlıq münasibətləri səbəb olmuşdur.
Dünyada ikili standartlarla, eyni hadisəyə fərqli yanaşma ilə ədalət təmin edilə bilməz. Hesab edirik ki, fransız siyasi elitası heç zaman Böyük Fransız İnqilabının ideallarına riayət etməmiş, bir tərəfdən qardaşlıq, azadlıq, bərabərlik, dinin dövlətdən ayrı olması idealları bəyan edilsə də, reallıqda müstəmləkəçilik, islamofobiya, antisemitizm, irqçilik, xristian təəssübkeşliyi bu ölkənin xarici siyasətində həmişə mühüm yer tutmuşdur. Məhz Fransanın yanlış yanaşmalarının nəticəsi olaraq Avropa İttifaqı bu gün bir xristian klubu kimi qəbul olunmaqdadır.
Fransa Əlcəzair, Tunis, Mərakeş, Çad, Qabon, Kamerun, Ruanda, Cibuti, Kamboca və Vyetnamda soyqırımları törətmiş bir ölkədir.
Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində yerləşən 11 ada dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu müstəmləkə ərazilərində 3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların milliyyəti məcburi şəkildə “fransız” olaraq qeyd olunur. Fransa idarəçilərinə məsləhət görürük ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, bu xalqların, o cümlədən 300 ildir işğal etdiyi Elzas və Korsika əhalisinin öz müqəddəratını müəyyən etmək prinsipinə necə yanaşırsa, Dağlıq Qarabağ mövzusuna da eyni münasibət göstərsin.
Belə ikili standartlara əlavə olaraq Fransa siyasi elitasının son zamanlar etnik və iqtisadi lobbilər tərəfindən ələ alınmasına dair Fransa mediası yüzlərlə yazılar dərc etməkdədir. 1980-ci illərdən üzü bəri Fransanın demək olar bütün aparıcı siyasətçiləri barədə bu məzmunda ittihamlar səsləndirilmişdir.
Azərbaycan ictimaiyyətinə Emmanuel Makronun da etnik lobbilər, konkret olaraq erməni lobbisi tərəfindən ələ alınması, öz fəaliyyətini erməni lobbisinin maraqları ilə uzlaşdırması haqqında məlumatlar bəllidir. Makronun Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunması vacibliyindən danışdığı halda, İkinci Qarabağ müharibəsi zamanı ermənilərin hərbi cinayətləri nəticəsində 94 günahsız mülki şəxsin həlak olması barədə susması onun riyakarlığını bir daha göstərir. Emmanuel Makronun ermənilərə münasibətdə göstərdiyi canfəşanlığın arxasında duran əsl səbəbləri tarix göstərəcəkdir.
Biz siyasi partiyalar olaraq bəyan edirik ki, indi daha konkret addımlar atmaq zamanı yetişmişdir. Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi qəbul olunacağı təqdirdə, açıq-aşkar işğalçını dəstəkləyən ölkə bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır.
Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
Ana Vətən Partiyası – Fəzail Ağamalı
Böyük Quruluş Partiyası – Fazil Mustafa
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
Vəhdət Partiyası – Tahir Kərimli
Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
Milli Cəbhə Partiyası – Razi Nurullayev
ReAL Partiyası – İlqar Məmmədov
Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
Ədalət Partiyası – İlyas İsmayılov
Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan
Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
Böyük Azərbaycan Partiyası – Elşad Musayev
Milli Vəhdət Partiyası – Yunus Oğuz
AĞ Partiya – Tural Abbaslı
Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
Azadlıq Partiyası – Əhməd Orucov
Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov
Yeni Zaman Partiyası – Musa Ağayev
Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov
Milli Konqres Partiyası – İxtiyar Şirinov
Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
Birlik Partiyası – Xudadat Xudiyev
Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov
Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
Qorqud Partiyası – Firudin Kərimov
Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev