Koronavirus pandemiyası dövründə insanların iş yerlərindən məhrum olması, həmçinin, bank kreditləri və alimentlər üzrə yığılan borclar cinayət hallarının artmasına səbəb ola bilər.
Bunu müsahibəsində tanınmış rusiyalı kriminalist, Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Regional İdarəsinin Moskva şəhəri üzrə keçmiş əməliyyatçısı Mixail İqnatov deyib.
Onun sözlərinə görə, COVID-19 infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan karantin rejimi kriminal avtoritetlərin həyatına da müəyyən dəyişikliklər edib, lakin ümumilikdə narkotik ticarəti və silah alverinə nəzarət davam edir.
“Sxodka” təşkili planında “qanuni oğru”ların fəallığı yox səviyyəsinə düşüb. Dövlət sərhədləri bağlı olduğundan təyyarələr uçmur, restoranlar işləmir, kriminal avtoritetlər də toplanmağa və oğru mühiti nümayəndələrinin fəaliyyətini müzakirə etməyə yer tapmırlar.
Lakin bu, onlara Rusiya bazarlarından xərac toplamağa mane olmur. Paytaxt bazarlarının rəhbərliyi və hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə işləri yaxşı qurulub. Pandemiya maliyyə axınlarının yenidən bölüşdürülməsinə heç bir təsir göstərməyib. Oğrular yaxşı bilirlər ki, necə deyərlər, pis sülh yaxşı müharibədən daha yaxşıdır”, – deyə ekspert vurğulayıb.
M.İqnatov Azərbaycan diasporunun bir xüsusiyyətini qeyd edib:
“Moskva bazarlarında çoxlu azərbaycanlı işləyir. Lakin indiyə qədər tacirlər heç vaxt hüquq-mühafizə orqanlarına kriminal avtoritetlərin təzyiq və təhdidləri barədə şikayət etməyib. Bütün problemlərini diaspor daxilində həll edirlər və günahkarları özləri cəzalandırırlar”.
Yeri gəlmişkən, pandemiya zamanı bəzi cinayət növləri, məsələn, mənzil oğurluqları minimuma enib. İnsanlar evdə otururlar. Bəziləri isə bağ evlərinə köçüblər, bununla belə, daha ağıllı davranırlar – təhlükəsizlik xidmətlərinə sifarişlərin sayı artıb:
“Boş mənzillərə girməyə cəhdlər olub, lakin siqnalizasiya sisteminə qoşulmuş təhlükəsizlik cihazının reaksiya verdiyi zaman qarətçilər ələ düşməmək üçün cinayət yerini tələsik tərk edirlər. Polis əməkdaşları həyəcan siqnalı ilə əlaqədar hadisə yerinə gedəndə qapının açıq olduğunu, mənzildə isə heç bir şeyə toxunulmadığını görürlər”.
İqnatovun sözlərinə görə, sifarişlə adam öldürmə və adam oğurluğu hallarının sayında da azalma var.
Ancaq digər tərəfdən, avtomobil qaçırma hallarına daha çox rast gəlinir. Qurbanlarının hərəkət cədvəlini və oğurluq yollarını öyrənmək üçün cinayətkarların vaxtı çoxalıb.
Avtomobillərin qarət olunmasının sayı artıb. Ekspertin fikrincə, bu cinayət növü yenidən aktuallaşıb. Sovet dövründə bunu kiçik oğrular həyata keçirirdi, lakin sonradan həmin cinayət yox səviyyəsinə düşdü. Son vaxtlarda isə avtomobildən qarət halları çoxalıb.
Bundan başqa, yoldan keçənlərin, xüsusən də qadınların əlindən ərzaq paketlərini alıb qaçmaq kimi cinayətlər meydana çıxıb.
“Ərzaq oğurluqları qastarbayterlər tərəfindən törədilir. Tikinti meydançalarında işləyən miqrantlara pul ödənişi dayandırılıb. Onlar da məcbur qalıb, belə oğurluqlara gedirlər. Minimum güc sərf edib ərzağı almaq və hadisə yerindən qaçmaq üçün bilərəkdən qadın, çox vaxt yaşlı insanları qurban kimi seçirlər”, – deyə o bildirib.
Ekspertin fikrincə, insanların uzun müddət təcrid vəziyyətində olmaları və depressiyaya düşmələri ilə əlaqədar məişət zorakılığı faktları da tez-tez baş verir.
Polis patrulları hər yerdə olduğundan küçə cinayətləri azalıb.
Qeyd etmək lazımdır ki, karantin dövründə müşahidə olunan yuxarıda göstərilən bütün cinayət meyillərini (qastarbayterlər tərəfindən ərzaq oğurluğu və oğru mühiti fəaliyyəti istisna olmaqla) Azərbaycana da aid etmək olar. Bənzər kriminal vəziyyət ölkəmizdə də müşahidə olunur, fərq yalnız miqyasdadır.
M.İqnatov qeyd edib ki, bu çətin vaxtda polis vətəndaşlara boş yerə təzyiq etmir. Axı polisin fəaliyyətini qiymətləndirməyin əsas meyarı vətəndaşların etimadıdır.
Ekspert hesab edir ki, dövlət cinayət artımının qarşısını almaq üçün pandemiya dövründə əhalinin bir hissəsinin iş yerlərini itirməsini nəzərə alaraq, bank kreditləri və alimentlər üzrə ödənişləri dondurmalıdır. Əks təqdirdə, icra məmurları tərəfindən borclulara olan təzyiq onları müxtəlif cinayətlərə təhrik edəcək.