Deputatlar parlamentdə tarixi qələbənin əhəmiyyətindən danışıblar | DEFAKTO.AZ Deputatlar parlamentdə tarixi qələbənin əhəmiyyətindən danışıblar – DEFAKTO.AZ

Deputatlar parlamentdə tarixi qələbənin əhəmiyyətindən danışıblar

257

“Biz bu gün tariximizin ən möhtəşəm və yadda qalan günlərini yaşayırıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov deyib.

Deputat bildirib ki, haqqı, ədaləti, hüququ tanıyan hər bir millətin nümayəndəsi bizim bu qələbəmizə sevinir: “10 noyabrda imzalanan bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi. İşğalçı Ermənistan 44 günlük savaşın nəticəsində işğal etdiyi ərazilərdən qovuldu”.

Komitə sədri Səməd Seyidov bildirib ki, illər boyu parlamentdə sazişləri təqdim edəndə onların sonuncu səhifəsində hər zaman qeyd-şərt olurdu: “İşğal altında olan ərazilərdə Azərbaycanın sazişlərin həyata keçirilməsinin mümkün olmaması qeyd edilirdi. Onlar bizə bunu qəbul etdirməyə çalışırdılar. Amma bu, olmadı. Artıq heç vaxt parlamentdə sənədlərdə o qeyd-şərt yazılmayacaq. Bunu edən Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Şuşamız azaddır, Kəlbəcər, Laçın və başqa rayonlarımız azaddır. Tam şəkildə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə Azərbaycan liderini tarixdə ən yüksək səviyyədə olan liderlər cərgəsinə daxil etdi. Bu qələbə dünya tarixində qalib gəlmiş ölkələrin, xalqların içərisinə Azərbaycanın adını qızıl hərflərlə yazdı. Bu qələbə haqda millət əbədi danışacaq. Bu, Azərbaycanın əbədi qızıl tarixidir”.

Deputat Siyavuş Novruzov deyib ki, qələbənin əsasını Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik, siyasi sahədə olan uğurları təşkil edir.

Deputat bildirib ki, Azərbaycanın xalq-iqtidar birliyi də buna dəstək oldu: “Azərbaycan Ordusunun peşəkarlığı bu proseslərdə aktiv rol oynadı. Dağlıq Qarabağın statusu ilə əlaqədar təqdim edilən bütün sənədlər ortadan qalxdı. Ümumiyyətlə, Türk Dünyasını birləşdirən yolun açılması ilə Naxçıvanla quru əlaqəsinin bərpası həllini tapacaq. Bu proseslər gələcək nəsillərə saxlanılmadı. Hüseyn Cavidin “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” misralarını xatırlayaq. Bunu Ali Baş Komandan etdi”.

Deputat Tahir Mirkişili bildirib ki, müstəqilliyimizi doya-doya yaşamağa Qarabağ problemi mane olurdu: “Ermənistan ən az 30 il geri düşdü. Azərbaycan iqtisadiyyatı da bu döyüşdə qalib gəldi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birlik oldu. Biz artıq azadıq, bütövük. Prezident İlham Əliyev qələbə ilə insanlardakı işğalın ağrı-acılarını unutduracaq”.

Deputat Məlahət İbrahimqızı qeyd edib ki, bu gün hamımız xalqımızın haqq və ədalət uğrunda başladığı Vətən Müharibəsində zəfərin sonsuz qürurunu yaşayır: “Biz xoşbəxtik ki, bu tarixi zəfərin şahidiyik. Ermənistanın mənfur planları 44-45 gün içərisində məhv oldu. Ordumuz müzəffər Ali Baş Komandanın qətiyyəti ilə misilsiz uğurlar qazandı. Ali Baş Komandanın dəmir yumruğunun gücü Ermənistanı diz çökməyə məcbur etdi. Bu gün Vətən Müharibəmiz dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu savaşı Çanaqqala savaşı, Malazgird savaşı ilə müqayisə edə bilərik. Bu qələbəni bu gün biz şəhid ailələrinə, əsgərlərimizə borcluyuq. Böyük sərkərdəsi olmayan xalq qələbə qazana bilməzdi. Prezident belə bir fikir ifadə etdi ki, mən nə qədər hakimiyyətdəyəm, Dağlıq Qarabağa status verilməyəcək. Bu gün Prezidentə bildirmək istəyirəm ki, xalqımız sizin siyasətə sadiq qalacaq”.

Deputat Razi Nurullayev nəzərə çatdırıb ki, partiyaların birlik nümayişini qazandığımız zəfər üçün əvəzsiz hesab edir: “Biz iki əsrdir ki, ancaq torpaq itirmişik. Prezident İlham Əliyev isə torpaq aldı”.

Deputat Cavid Osmanov isə qeyd edib ki, Azərbaycan həm döyüş meydanında, həm diplomatiyada qələbə qazanıb: “Bu döyüşlər bir daha onu göstərdi ki, Azərbaycan xalqı milli məsələlərdə birdir. Bu qələbə daha güclü Azərbaycan qurmaq üçün əvəzedilməzdir. Bu uğurun əsas müəllifi Ali Baş Komandan İlham Əliyevdir. Bundan sonra əsrlər keçsə də, Prezidentimiz Azərbaycan tarixində əvəzedilməz sərkərdə kimi yaşayacaq”.

Deputat Vahid Əhmədov Azərbaycan 44 gün ərzində Vətən Müharibəsi apardığını deyib: “Artıq dünya mətbuatında dünya hərbi ekspertləri Azərbaycanın nailiyyəti barədə fikir mübadiləsi aparırlar. Bəyanatda Ermənistanın faktiki olaraq, ərazilərdən çəkilməsi barədə faktlar əksini tapdı. Sənəddə status-kvonun çox əhəmiyyətlidir. Azərbaycanın Rusiyadakı səfiri hansısa statusdan danışır. Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir. Bu insanlar özü istefa etməlidir. Bütün dövlət məmurları Prezidentin statusla bağlı çıxışını nəzərə almalıdır. Bu bəyanatda müsbət məqamlar çoxdur. 44 gündə bizimlə birlikdə olduğu üçün Türkiyəyə, Türkiyə Prezidentinə, Pakistana və yanımızda olan bütün ölkələrə, ölkə başçılarına təşəkkürümü bildirirəm”.

Deputat Fazil Mustafa deyib ki, 4 il müddətində Azərbaycan kiçik qələbədən böyük qələbəyə hazırlaşıb: “Əslində biz indilərdə parlament seçkisi keçirməli idik. Keçən ilin dekabrında alınan qərar bizim indi pandemiya dövründə bu seçkiləri keçirməyimizə mane oldu. Bu da uzaqgörən siyasətin nəticəsidir. Bu gün Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərdi. Bu qələbəni başında böyük komandan durduğu üçün qazana bildi. Prezident İlham Əliyev Qarabağın fatehi adını haqq etdi.

Deputat Polad Bülbüloğlunun açıqlamalarına da münasibət bildirib: “Bu gün heç bir köhnə tezis qüvvədə deyil. Qarabağ Azərbaycandır və bu, belə də qalacaq”.

Deputat Musa Qasımlı bildirib ki, ağzının danışığını bilməyən səfir, məmur yerində oturdulmalıdır: “Bu qələbənin qazanmasında dövlətimizin başçısının fikirlərinə hörmət etməlidir. Çünki dövlətimizin başçısının sərəncamı və fərmanı ilə o vəzifəyə təyin olunub”.

Deputat İsa Həbibbəyli qeyd edib ki, Ali Baş Komandan həm siyasi-ideoloji cəbhədə, həm diplomatiya cəbhəsində qələbə qazanıb.

Deputat Sabir Rüstəmxanlı Qarabağ savaşının uzun illər təhlil olunacağını vurğulayıb:  “Bu, şübhəsizdir. Bu gün əsas işimiz Qarabağı cənnətə çevirməkdir. Şübhəsiz ki, bu döyüşlərin bir qalibi var: Ali Baş Komandan İlham Əliyev”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir