Noyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşüb.
Spiker ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Əlcəzairlə əlaqələrin inkişafına Azərbaycanın böyük önəm verdiyini bildirib.
Sədr bu görüşün ölkəmiz üçün əhəmiyyətli tarixi günlərin yaşandığı bir dönəmdə – Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda baş tutduğunu diqqətə çatdırıb. Sahibə Qafarova erməni işğalçılarına qarşı mübarizədə tutduğu mövqeyə görə qarşı tərəfə öz minnətdarlığını bildirib.
Söhbətdə qeyd edilib ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Parlamentlər səviyyəsində də müsbət inkişaf dinamikası mövcuddur. Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllində, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz davam etdirilir. Bu əməkdaşlıq sülhün, təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və aparılan danışıqlar ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Siyasi dialoqun inkişafı həyatın digər sahələrinə də öz təsirini göstərir. Biz parlamentlər səviyyəsində əlaqələrimizin inkişafında maraqlıyıq. Deputatlarımızın qarşılıqlı səfərlərinin ümumi işə töhfə verəcəyinə inanırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib.
Səfir qeyd edib ki, siyasi dialoqun davamlılığı ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir. Parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi deputatlar tərəfindən müxtəlif platformalarda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.
Görüşdə gender bərabərliyi, cəmiyyətdə və siyasətdə qadınların rolu, COVİD-19 pandemiyasına qarşı mübarizə barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışılıb.